Sabiq deputatda azadlığa buraxılacağı barədə əminlik yaranıbmış
Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salındı. Müttəhim huşunu itirdiyindən hakim Əlisultan Osmanovun sədrliyi ilə keçən iclas yarımçıq qaldı. Proses başlamamışdan əvvəl dəmir barmaqlıqlar arxasında olan sabiq deputatın vəziyyəti pisləşəndən sonra dərhal təcili tibbi yardım çağırıldı. G.Əhmədovanın səhhəti qənaətbəxş olmadığına görə, proses noyabrın 25-dək təxirə salındı.
Hazırda həbsdə olan keçmiş millət vəkilinin səhhəti ilə bağlı təcridxanadakı tibb məntəqəsinə yerləşdirildiyi deyilir. Modern.az-a açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinin rəis müavini Iftixar Qurbanov bildirib ki, Gülər Əhmədovanın palataya yerləşdirilməsinə heç bir zərurət yoxdur.
Onun sözlərinə görə, sabiq millət vəkilini səhhəti hazırda normaldır, həyatı təhlükəsi yoxdur.
“Məhkəmədən qayıdanda da səhhəti stabil olub. Gülər Əhmədovanın səhhəti nəzarət altındadır. Onun xəstəxanaya köçürülməsinə heç bir zərurət yoxdur”.
Gülər Əhmədovanın halının pisləşməsinə eşitdiyi bəd xəbər səbəb olub. Belə ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini istəyib.
Iclasdan öncə isə belə xəbərlər dolaşırdı ki, Gülər Əhmədovanın özünə bildirilib ki, oxunacaq hökmdə 2 il şərti cəza veriləcək.
Onda tezliklə azadlığa çıxacağına əminlik yaransa da, məhkəmə iclasından əvvəl eks-deputata 3 il azadlıqdan məhrumetmə cəzası veriləcəyi deyilib. Bu xəbərdən sonra təzyiqi qəfil qalxan Gülər Əhmədovanın səhhəti pisləşib.