Dövlət başçısı Ilham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illiyilə bağlı sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, yanvarda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Qeyd olunur ki, Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir.
Bu səbəbdən Rəsulzadənin 130 illiyilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə yubileyə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılır.