Qəribədir, ümidsizlik özünün son həddinə çatanda elə bil qaranlıqlardan bir qurutuluş yolu görünür. Açığını etiraf edim ki, “Azadlıq” nəşrini dayandıranda möhkəm məyus olmuşdum. Hətta düşünürdüm ki, yəqin bu, artıq sondur. Qəzəb hissi adamı öz ağuşuna alırdı. Belə də iş olarmı? Qəzet satılır, amma onun pulunu vermirlər. Hətta satışına da mane olurlar. Sonra da qayıdırlar ki, qəzetlər məsələni siyasiləşdirir.
Yenə də şükür ki, çıxış yolu tapıldı. Oxucular “Azadlıq”ı sözün əsl mənasında xilas etdilər.
Həmin vaxt yazmışdım ki, necə olur ki, ermənilər o boyda Qarabağı ianələrlə saxlayırlar, amma biz iki qəzeti dayanmaqdan xilas edə bilmirik? Min şükür ki, xilas tapıldı.
Bu, həm də mənəvi bir sınaq idi. Başqa vaxt deyirlər ki, bəs müxalifət qəzetlərini oxuyan yoxdur. Buyurun, baxın, oxuyurlar və həm də dəyəndirirlər.
Deməli, bizim zəhmətimiz hədər getmir. Bir dəfə demişdim ki, axıra qədər mübarizə aparmaq lazımdır, yazmaq lazımdır, ta o vaxta qədər ki, bu ölkədə heç olmasa bir adam əlində qəzet tutacaq, bir adam kompüterdə “Azadlıq”ın səhifəsini açacaq.
Biz çoxdandır ki, böyük siyasi iddialarla yaşamırıq. Bu ölkəni asiyalaşmaqdan qorumaq, onun Türkmənistana, Özbəkistana, Qazaxıstana çevrilməsinə imkan verməmək – bizim siyasi iddiamız elə budur!
Bu, düşünülən qədər də sadə deyil. Əslində indiki şərait üçün böyük iddiadır, çünki böyük əksəriyyət Türkmənistanda və ya Özbəkistanda da özünü o qədər də pis hiss etməzdi. Amma bu ölkədə hələki azadlığı dəyərləndirənlər var, onu qiymətləndirənlər var. Onlar üçün yazmaq və yaşamaq lazımdır. Bunun ağırlığından da çəkinmək lazım deyil.
Mən həmişə bir əsərdən – K.Abenin “Qumsallıqda qadın” əsərindən misal gətirirəm. Kimsə bu işi görməlidir. Əks təqdirdə dünya üzünü bizdən tamam döndərər, lap cəhənnəmə çevrilər.
Məşhur bir misal var. Deyir ki, qaranlıqların ardınca deyinməkdənsə, özün bir şam yandır. Hərə bir şam yandırsa, qaranlıqlar gündüzə çevrilər. Oxucular həmin şamı yandırdı və sübut etdilər ki, bu ölkədə hələ də yaşamağa və çalışmağa dəyər.
Bir vaxt bunun mümkünlüyünə inanmazdılar. Deyərdilər ki, çətin vaxtdır və adamların vəziyyəti onsuz da ağırdır, onlar kiməsə yardım etmək iqtidarında deyilllər.
Amma insanlar sübut etdi ki, nə qədər çətin olsa belə, yenə də biganə olmaq olmaz, çünki varlı o adam deyil ki, hər şeyi özü üçün toplayır, o adamdır ki, hətta sonuncu qəpiyini belə ehtiyacı olanlardan əsirgəmir.
Bir də düşünməyək ki, biz əlahiddə bir şəraitdə yaşayırıq. Hətta ən demokratik ölkələrdə belə ictimai xeyriyyəçiliyin böyük önəmi var: insanlar bu və ya başqa məqsədlər üçün ianələr toplayır, cəmiyyətə yardımçı olurlar. Dünyada xüsusən ekologiya və səhiyyə ilə bağlı böyük xeyriyyəçilik işləri aparılır.
Biz də ən fundamental azadlıqlardan birinin – söz azadlığının keşikçiləriyik. Bundan da fundamental məsələ ola bilərmi? Bir-iki il keçəcək, belə şeylər bu ölkədə də adiləşəcək.
Insanlar başa düşəcək ki, elə məsələlər var ki, onları dövlətin, xüsusən də indiki hakimiyyətin öhdəsinə buraxmaq olmaz, onda təbiət də batar, cəmiyyət də.
Bu hakimiyyətin qidalandığı ictimai resurs biganəlikdir. Bunlar cəmiyyətin biganəliyindən güc alırlar. Cəmiyyət biganə və etinasız olanda bunlar güclü olur. Bu “qida”nı bu hakimiyyətdən və onun tamahkar məmurlarından almaq lazımdır.
Görəndə ki, yox, cəmiyyət tamam biganə deyil, dərhal özlərini yğıışdırırlar, bir qədər geri çəkilirlər. Vay o günə ki, insanlar bu məsələlərə maraq göstərməsin, onda bunların gücü birə on artır. Bunlara güc vermək lazım deyil, çünki bunların gücü bizim gücsüz olmağımız deməkdir.
Bir olanda bir çox çətin məsələlər asan görünür. Bəli, “Azadlıq”ın nəşri üçün 20 min manat pul lazımdır. Bu, bir nəfər, bir kollektiv, özü də qəzet kollektivi üçün çoxdur, böyük məbləğdir.
Amma gəlin görək, bu, min və ya beş yüz fədakar oxucu üçün çoxdurmu? Əsla. Onlar bu məsələni çox asan həll edə bilərlər. Dünya bu məntiq üzərində dayanıb.
Bir məsələni də qeyd edim. Bəzən deyirlər ki, hər şey pisliyə doğru gedir. Amma belədirmi? Əsla. Oxuculara müraciət etmək ənənəsi lap əvvələr də vardı. Amma bu, o vaxtlar indiki kimi effektli olmurdu.
Belə nəticə hasil etmək olar ki, insanlar getdikcə özlərini daha inamlı hiss edirlər. Bu da çox müsbət amildir, çünki bu hakimiyyətin gücü həm də insanların gücsüzlüyündən, özünə inamsızlığından yaranır.
Ona görə də özünüzə və dostlarınıza inanın. Onları darda qoymayın.