«Ölkədə biznes kreditləri üzrə faiz dərəcələri birrəqəmli səviyyəyədək azala bilər»
Samir Əliyev: «Elman Rüstəmov bu məsələni qaldırıbsa, deməli, həqiqətən də kredit faizlərinin aşağı salınması planları ola bilər»
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyədək azala biləcəyinə ümid edir. “Trend”in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə AMB-nin rəhbəri Elman Rüstəmov bildirib.
Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin aşağı salınması əslində iqtisadi addımla olmaqla yanaşı həm də siyasi addımdır. Çünki əksər bankların sahibləri məmur-oliqarxlar olduğundan bu məsələ daha çox onların iradəsindən asılıdır. Belə olan halda Mərkəzi Bank rəhbərinin bu açıqlaması onu oliqarxlarla üz-üzə qoya bilər. Belə olan halda biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması nə dərəcədə real görünür?
Iqtisadçı-ekspert Samir Əliyev ölkədə istər itsehlak, istər biznes kreditlərinin faiz dərəcələrinin çox yüksək olduğunu deyir. Orta faiz dərəcəsinin 13-14 faiz olduğu deyilsə də, əslində bu göstərici 20 faizdən çoxdur.
Ekspertin sözlərinə görə, Elman Rüstəmov bu məsələni qaldırıbsa, deməli, həqiqətən də kredit faizlərinin aşağı salınması planları ola bilər. Bu isə təqdirəlayiq haldır. Çünki kreditlər ölkə iqtisadiyyatının vacib elementlərindən biridir. Məhz ucuz kreditlər ölkədə iqtisadi aktivliyi artırır, iqtisadiyyatın inkişafına gətirib çıxarır. Ancaq Azərbaycanda bank sektorunun ölkə iqtisadiyyatında rolu lazımı səviyyədə deyil. Buna səbəb isə kredit faizlərinin yüksək olmasıdır. Bu da son nəticədə bütün ölkələrin iqtisadiyyatının əsas tərkib hissəsi olan orta sahibkarlığın inkişafına mane olur.
Ekspert faiz dərəcələrinin yüksək olmasının əsas səbəbi kimi bankların zəruri resursunun olmamasını göstərir. Problemi həll etmək üçün banklar ilk növbədə resurs əldə etmək imkanlarını artırmalıdır. Digər tərəfdən, banklar idarəetməni müasir standartlara uyğunlaşdırmalıdır. Banklar resurs əldə etmək üçün xarici bankların etibarını qazanmalıdır. Ekspert banklardan asılı olmayan problemlərin olduğunu da qeyd etdi: “Banklar 20-30 faizlə kredit versə də, gəlirləri 4-5 faizdən çox deyil. Bu da bankların xərclərinin həddən artıq çox olması, girov mexanizmlərinin mürəkkəb olması, eyni zamanda ölkə iqtisadiyyatında riskin yüksək olması ilə bağlıdır. Bu problemlərin həllini tapması isə kreditlərin faiz dərəcələrinin də aşağı düşməsinə gətirib çıxaracaq”.
Fizzə