Artıq bu gündən etibarən 6 gündür ki, blokada şəraitində olan Naxçıvan MR-a gedəcək yük avtomobilləri İran tərəfindən buraxılmır və hazırki saatlarda Biləsuvar sərhəd buraxılış məntəqəsində təxminən 10-15 yük avtomobili sürücüsünə rast gəlinir. Onların əksəriyyəti öz avtomobillərinin elə burada qoyaraq öz evlərinə qayıdıb.
Lakin Biləsuvar Sərhəd keçid məntəqəsində sərhədin yaxın vaxtlarda açılacağını ümid edib öz avtomobilində gecələyən sürücülər də var. Sürücünün sözlərinə görə paytaxtda da Naxçıvana gedəcək kifayət qədər yük avtomobili var, lakin onlar Biləsuvar Sərhəd Keçid məntəqəsindəki avtomobil sıxlığına görə bura gələ bilmirlər.
Ötən günlərdən fərqli olaraq bu gün Sərhədi keçən piyadaların da sayında azalma müşahidə olunub. İran-Biləsuvar sərhədindəki mövcud gərginliklə bağlı dünən hər iki ölkənin sərhəd xidmətinin əməkdaşlarının görüşü də heç bir nəticə verməyib. Belə ki görüşdən sonra Naxçıvana yük daşıyan avtomobillər İran tərəfə buraxılmasa da Azərbaycan rayonlarına kartof eləcə də tikinti materealları daşıyan bir yük avtomobili qarşı tərəfdən yük götürərək geri dönüb. Lakin bu gün səhər saatlarından “Ərazi maşınları kimi tanınan bu yük abtomobilləri də yenidən İran sərhədinə buraxılmayıb (ANS TV).