Əslində, “Qanun” nəşriyyatının qapadılmasına heç təəccüblənməmək lazımdır. Bu, onillərdir ölkədə kitaba qarşı məqsədli şəkildə yaradılan münasibətin – münasibətsizliyin növbəti məntiqi həlqəsidir.
Kitabxanaların böyük sürətlə kababxanalara çevrildiyi…
Kitab mağazalarının yox edildiyi…
Kitab üzərinə ağır ƏDV şərtlərinin yükləndiyi…
Efir bozbaş müğənnilər, düşük, əttökən, bayağı, şit şoularla süsləndirildiyi halda, bütün telekanalların sanki bir-birinin ağzına tüpürübmüşcəsinə kitabın təbliğinə və təşviqinə zaman ayırmadığı bir ölkədə hansısa nəşriyyatın basqına, təftişə uğraması, qapadılması da əsla gözlənilməzlik deyil.
Kitab bir ölkənin və xalqın real inkişafının, əsl tərəqqisinin, yüksəlişinin əsas nüvələrindən, silahlarından biridir. Kitabın, elmin, bilginin üzərində qurulmayan bir inkişaf əsla və əsla real, qalıcı ola bilməz, görüntüdən, fiksiyadan başqa heç bir anlam ifadə edə bilməz.
Bu sadədən sadə, adidən adi həqiqəti zülmkar rejimlər hər zaman hamıdan daha çox anladıqları üçün kitaba, bilgiyə düşmən münasibət bəsləyiblər. Onlar bilirlər ki, öz hökmranlıqlarının uzunömürlülüyünü yalnız cəhalət, savadsızlıq sayəsində təmin edə bilirlər. Ona görə də kitabla, mədəniyyətlə, elmlə savaşmaqdan başqa yolları, çarələri yoxdur.
Kitabdan kimlər qorxur?
Səhv etmirəmsə, Volter deyirdi ki, bütün insanlar kitabın hökmünə tabedir – yalnız vəhşilərdən başqa.
Kitabın ruhu – azadlıqdır. Kitabdan qorxanlar həm də azadlıqdan qorxanlardır. Bütün varlıqları ilə azadlığa nifrət edənlər kitabı sevə bilməzlər.
Insanlar üzərində yalnız öz hökmünün işləməsini istəyənlər, toplumu öz köləsi, təbəəsi kimi görmək istəyənlər üçün kitab arzuolunmazdır, kitab düşməndir. Yaddır. Ögeydir.
Və onu da unutmayaq ki, əslində, bütün yaxşı kitablar da Şər qüvvəyə qarşıdır. Hətta oxuyub bəyənmədiyimiz bir kitabda belə, yalana, zülmə, ədalətsizliyə, pisliyə qarşı bir ifşa cəhdinin, bir üsyanın, bir nifrətin olduğunu görə bilərik.
Kitablar istedadla, istedadsızlıqla yazıla bilər.
Kitablar ustalıqla, naşılıqla yazıla bilər.
Bir kitabın intellektual yükü, bədii dəyəri, oxucusuna verdiyi zövq digərindən qat-qat az da ola bilər.
Amma istənilən halda, hər bir kitabın ruhunda insanı azad etmək, azad görmək istəyi yatır.
Hər bir kitab ləyaqətli həyata bir çağırışdır.
Hər bir kitab insanları düşündürmək cəhdidir, onların doğru seçimlər etməsinə yardımçı olmaq cəhdidir.
Hər bir kitab insanların, insanlığın yolunu lap kiçik bir şam qədər olsa belə, aydınlatmaq, işıqlandırmaq istəyinin, arzusunun məhsuludur.
Bəs belədə bütün gücünü Şərdən, pis əməllərdən, qaranlıqdan, zülmdən alanlar kitabdan niyə qorxmasınlar, onu niyə düşmən kimi görməsinlər?
Kitaba qalib gəlmək olarmı?
Təzəlikcə dostlardan birindən orta çağ hökmdarlarından birinə aid sözləri eşitdim: “Ac saxla – yalvarsınlar, cahil saxla – aldansınlar”.
Bu sözlər yalnız həmin hökmdarın “idarəçilik fəlsəfəsi”nə ayna tutmur, bu sözlərdə – bütün zamanlarda Şər rejimlərinin necə ayaqda qaldığının, qalmaq istədiyinin sirri gizlənib.
Amma o da zamanın sınağından çıxmış bir həqiqətdir ki, kitaba savaş açmağın, kitabla döyüşməyin sonu acı məğlubiyyətdir.
Kitabları yandırmaq olar…
Kitabxanaları dağıtmaq olar…
Yazıçıları dar ağacına aparmaq olar…
Qələmi sındırmaq olar…
Alimi tonqala atmaq olar…
Amma kitaba, bilgiyə, ədəbiyyata, qələmə qalib gəlmək əsla və əsla olmaz.
Şükürlər olsun ki, bunun bu günədək bircə nümunəsi belə, yoxdur. Və kitabla döyüşənlər unutmasın ki, bundan sonra da olmayacaqdır!