Bəzi ekspertlər səfərin siyasi məqsədli olduğunu iddia edir
Ilham Şaban: «Hazırda BP-nin bu məsələlərlə məşğul olmağa nə vaxtı, nə də həvəsi var»
Noyabrın 2-də BP şirkətinin icraçı direktoru Robert Dadlinin Bakıya səfəri baş tutub. BP-Azerbaican şirkətindən “Turan”a verilən məlumata görə, səfər işçi xarakter daşıyıb və əvvəlcədən planlaşdırılıb. Amma Robert Dadli ilə Ilham Əliyev arasında hansı məsələlərin müzakirə edildiyi məlum deyil.
Böyük ehtimalla əsas müzakirə predmeti Britaniya şirkətinin TANAP qaz kəməri layihəsinə daxil olması və dekabrda “Şahdəniz-2″ layihəsi barədə qərar verilməsidir. ”Turan”ın məlumatına görə, BP rəhbərinin Bakı səfəri zamanı tərəflər nə kommersiya, nə strateji məsələləri operativ həll edə bilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeronun Ilham Əliyevə ünvanladığı məktubda da qeyd olunurdu ki, “Şahdəniz-2″ layihəsinə dair Yekun Sərmayə Qərarı ilin sonunadək qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimində iştirak etmək üçün Bakıya səfərdən məmnun olardı.
Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycanda keçirilən son seçkilərlə bağlı Britaniyanın mövqeyi kifayət qədər sərt olub. Ölkə parlamentində aparılan müzakirələrdə seçkiyə mənfi qiymət verilib. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən digər iri xarici şirkətlərlə yanaşı BP də Ilham Əliyevi təbrik etmədi. Əgər belə bir təbrik olsaydı, rəsmi mətbuat bunu önə çəkərdi. Bütün bunlar Britaniya ilə Azərbaycan arasında münasibətlərin rəsmi Bakının arzuladığı səviyyədə olmadığını deməyə əsas verir. Belə olan halda Robert Dadlinin Bakıya səfərinin siyasi səbəblərinin də olması istisna edilmir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri Ilham Şaban BP şirkətinin icraçı direktorunun Bakıya səfərinin siyasi səbəblərlə bağlı olmadığını deyir. Çünki hazırda BP bu məsələlərlə məşğul olmağa nə vaxtı, nə də həvəsi yoxdur. Şirkət rəhbərinin masasının üstündə ən azı 40 mlrd dollarlıq layihənin taleyi var. Bp bir çox kommersiya məsələlərini həll etməlidir. Eyni zamanda “Şahdəniz”in sanksiyalaşdırılması və BP-nin TANAP layihəsinə daxil olması məsələləri var ki, bunun da hüquqi məsələləri ARDNŞ ilə həllini tapmalıdır. Bunlar həm Azərbaycan, həm də BP üçün vacib məsələlərdir: “Bu məsələlər həllini tapmasa, kimin Ilham Əliyevi təbrik etməsinin nə onun özü, nə də BP şirkəti üçün önəmi yoxdur. Bu ancaq cəmiyyətin bir hissəsi üçün müzakirə obyekti ola bilər”.
Fizzə