Onun dünyadakı analoqları xeyli ucuz başa gəlib
Hökumətin həyata keçirdiyi iri infrastruktur layihələrdə korrupsiya hallarına yol verməsi artıq heç kimi təəccübləndirmir. Əhəmiyyətsiz layihələrlə yanaşı, vacib sayılan layihələrin də dəyəri xeyli şişirdilir. Bu günlərdə hökumət yeni layihəyə start verib. Məlum olduğu kimi, hava limanı 1960-cı ilin ortalarında tikilib. Indi daxili reyslər üçün istifadə olunan köhnə aeroportun yerində yenisi tikiləcək. Yeni hava limanının gücü ildə 3 mln. sərnişin təşkil edəcək ki, bu da indiki sərnişin axınından 2 dəfə çoxdur. Layihənin dəyəri isə 400 mln. dollardır. Iri layihələrə böyük pullar xərcləmək həvəskarı olan hökumət budəfəki layihənin dəyərini nə qədər şişirdib?
Müqayisə üçün bir neçə beynəlxalq hava limanının inşası zamanı çəkilən xərclərə nəzər saldıq. Məlum oldu ki, Azərbaycan hökuməti bu dəfə də ənənəsinə sadiq qalıb və hava limanının layihə dəyərini şişirdib.
Istər Avropada, istərsə də qonşu dövlətlərdə eyni, yaxud daha artıq gücü olan hava limanlarının inşası üçün xeyli az vəsait sərf edilib.
Məsələn, Bolqarıstanın paytaxtı Sofiyadakı beynəlxalq hava limanı ildə 3,3 mln. sərnişin qəbul etmək gücündədir. Onun inşası dövlətə cəmi 200 mln. avroya başa gəlib.
Rusiyanın Uralda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən “Koltsovo” beynəlxalq hava limanı bütün növ təyyarələri qəbul edə bilir. Ildə 5 milyona yaxın sərnişin qəbul etmək gücü olan bu hava limanında bütün növ xidmətlərdən istifadə etmək, hətta avtomobil almaq olar. Ötən əsrin 30-cu illərində inşa edilən bu hava limanının yenidən qurulmasına Rusiya hökuməti cəmi 200 mln. dollar sərf edib.
Ukraynanın Donetsk şəhərindəki beynəlxalq hava limanı ildə 6 milyondan artıq sərnişin qəbul etmək gücündədir. Sovet vaxtında inşa edilən bu hava limanının müasir standartlara cavab verməsi üçün yenidən qurulmasına 122 mln. dollar sərf edilib.
Artıq bütün göstəricilərinə görə Azərbaycandan xeyli irəlidə olan qonşu Gürcüstanı da misal çəkmək olar. Tbilisi beynəlxalq hava limanı ildə 7 milyondan artıq sərnişin qəbul edə bilir. Sovet vaxtından qalmış bu hava limanının yenidən qurulması 2007-ci ildə başa çatıb. Yenidənqurma işləri ilə yanaşı hava limanından şəhərin mərkəzinə dəmir yolu xətti də çəkilib. Bütün bunların xərci isə cəmi 90,5 mln. dollar təşkil edib.
Bu siyahını bir qədər də uzatmaq olar. Lakin bir neçə misal artıq antikorrupsiya tədbirlərinə start verdiyini bildirən hökumətin buna yalnız sözdə əməl etdiyini göstərir. Beynəlxalq hava limanı da növbəti çoxmilyonlu korrupsiya layihələrindən biridir.
Fizzə