Yaxud, sabahı dəyişən olaylar gözümüzdən qaçdımı?
İlham Əliyev 9 oktyabrda niyə hakimiyyətdən yola salınmadı? Bu tipli suallar çox qoyulur. Birbaşa ünsiyyət zamanı, sosial şəbəkələrdə eşitdiklərimizdən, oxuduqlarımızdan bu nəticəyə gəlirik ki, insanlarımızın bir qismi bu seçkidən radikal nəticələr gözləyirmiş. Bu gözləntinin niyə özünü doğrultmadığının səbəblərini bizim cavablarımızda axtarırlar. Biz isə əlbəttə, bütün suallara cavab verməyə özümüzü hazır bilirik. Çünki çətin vəziyyəti biz yaratmamışıqsa, deməli, bizim üçün çətin sual da yoxdur.
Beləliklə, 9 oktyabrdan nə gözləyirdik və nə gördük?
Bu suallara cavab verməmişdən əvvəl isə özümüz üçün kiçik bir aydınlaşdırma aparaq: biz kiminlə mübarizə apardıq, seçkidə kimi məğlub edib, sənədləşmədə kimə “uduzduq”?
Bu həm də ona görə vacibdir ki, biz ayrı-ayrı situasiyalarda qarşı-qarşıya gəldiyimiz güclərin eyni olub-olmadığını, həmçinin reaksiyamızın nə dərəcədə adekvat olduğunu müəyyənləşdirək.
Post-YAP erası bitdi, post-Əliyev dövrü başladı
Ilham Əliyev 2003-cü ildə YAP-ın siyasi kampaniyası və iqtidarın inzibati gücü ilə hakimiyyəti ələ keçirdi. O, seçkidə uduzsa da, indikindən dəfələrlə güclü siyasi komanda və beynəlxalq dəstəklə (indi komanda çox nüfuzsuzdur və beynəlxalq dəstək, ancaq təhdid və çağırışlarla əvəzlənib) saxtakarlığı pərdələməyə çalışdı və onun bu əməllərinə göz yumuldu. Bu tarixdən etibarən ayrı-ayrı vaxtlarda onun yanında nüfuzu artanlar daha az nüfuzluları sıradan çıxardı. Nəticədə, Ilham Əliyev arxasındakı təşkilatı demək olar ki, itirdi. Heydər Əliyevə siyasi mədhiyyələr deyən gənc və ya yaşlı YAP-çılar Ilham Əliyev haqqında əvvəlcə susdular, sonra pıçıltı ilə onu tənqid etdilər, günün birində isə Sirus Təbrizli kimi YAP qurucusu bu təşkilata “simasız quldurlar partiyası” dedi.
Əlbəttə, YAP bu ifadələrdən formal olaraq, parçalanmadı. Amma faktiki, Heydər Əliyevin Azərbaycançılığı bu deyimlə köpük kimi dağıldı. Məlum oldu ki, bu partiya Ilham Əliyevə lazım deyil. Yəni, YAP öz erasını başa vurdu və 2008-ci ilin prezident seçkilərindən sonra post-YAP erası başladı. Hakimiyyətin siyasi və inzibati sifəti ayrı-ayrı qruplaşmaların irəli sürdükləri vəzifəlilər oldu. Ilham Əliyev 2005-ci ildə söz verdiyi kimi, 2008-ci ilə qədər müxalifəti məhv edə bilmədi. Daha doğrusu, məhv etdiyini düşündüyü müxalifətlə 2010-cu ildə yenidən üzləşdi. Bu dəfə isə hakimiyyəti qrupların namizədlər siyahısı təmsil edirdi. Ilham Əliyev də tək siyasi faktor kimi görünürdü.
2013-cü ilin oktyabrına gəldik və bu dəfə Azərbaycanda siyasi vəziyyət daha fərqli boyutda idi. Ilham Əliyev 3-cü dəfə namizəd olmaq istəyəndən bəri böyük əksəriyyət onun bu haqqının olmadığını siyasi-hüquqi və siyasi-əxlaqi baxımdan əsaslandırmağa çalışırdı. Hətta bir siyasi partiya Mehriban Əliyevanın namizədliyini irəli sürdü və uzun müddət qərarında israr etdi. Bu elə bir gərginlik yaratdı ki, hətta həmin təşkilata Ramiz Mehdiyevin nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirməyə icazə də verilmədi.
Ilham Əliyev hələ seçkiyə bir neçə ay qalmış, nəinki ölkədə, heç öz düşərgəsində birmənalı avtoritet deyildi. Onun namizədliyi irəli sürülən qurultayda Ilham Əliyevin üçüncü müddətə namizəd olmasını ideologiyalaşdıran Ramiz Mehdiyev ayaq üstə qalmışdı. Çünki YAP da, seçkilər də artıq Paşayevlər deyilən ikinci ailə qruplaşmasının nəzarətində idi.
9 oktyabr – keçid dövrü başladı
İlham Əliyev seçkiyə qanunsuz namizəd kimi getdi. Bu əslində, iki mühüm psixoloji cizgini yaradan amil oldu. Birincisi, Ilham Əliyev indiyə kimi onun barəsində ağzına su alıb susanları da tərpətdi və ölkədə hər dörd adamdan üçü bu namizədliyin verilməsini işin “şitini-şorunu” çıxarmaq kimi qiymətləndirirdilər. Ikincisi, hətta YAP-a səs verməyi düşünən xeyli adam bu “qanunsuz namizəd”ə maya qoymaq, səs vermək istəmədi. Bu isə sonuncu böyük və mühüm keçid idi. Yəni, artıq biz sosial-psixoloji müstəvidə post-Əliyev dövrünə qədəm qoyduq.
Birinci inqilab…
Əslində, hakimiyyət istəyirdi ki, müxalifətin hansısa bir addımından yararlanıb, prosesi zor müstəvisinə çəksin. Və böyüməkdə olan etiraz dalğasının qarşısına kiçik bir zorakılıq bəndi atmaqla, özünü daha bir müddət xilas etsin. Müxalifət isə yeni inqilabi bir addımla və böyük əzmlə, hətta ikinci vahid namizədi seçdi. Bu, hakimiyyətin bütün planlarını məhv elədi. Rüstəm Ibrahimbəyova mane olmaqla, müxalifəti vahid namizədsiz qoyub parçalayacağını düşünən hakimiyyət bu istəyinə çatmadı və tək yol kimi, aşkar saxtakarlığı seçdi. Ilham Əliyevi hakimiyyətdə saxlamaq istəyənlər saxtakarlığı elə həddə qaldırdılar ki, bir çox foto və video kameraların təsadüfi çəkilişləri də bu saxtakarlıqları lentə almışdı. Bu, texnologiyanın siyasətdə inqilabı idi və dünyanın Ilham Əliyevə münasibətinin birinci təkan nöqtəsi də məhz bu idi.
İkinci inqilab
Əliyevlərlə mübarizə tarixində bundan daha çox insan dəfələrlə etiraza çıxıb. Amma bu etirazları indiki qədər görməmişdi. Bunun özü də ciddi bir inqilabi mərhələ idi. Həm də ona görə ki, Əliyevlər əvvəlcə Avropanın seçkiyə kəskin münasibətinə görə onlarla hücum dilində danışmaq istədilər, amma sonra geri çəkilmək şərt oldu. Ilham Əliyevin bu cür geri çəkilməyi də artıq proseslərin bəyanatlara deyil, addımlara söykəndiyinin göstəricisi oldu. Sözlə balans saxlamağın qəbuledilməzliyi də bir inqilabi vəziyyət idi.
Üçüncü inqilab…
Əslində, Ilham Əliyevi Bəşər Əsədə bənzədənlər Azərbaycanın Suriya olmadığını da bilirlər. Bu mənada, bizim ölkəmizdə o cür radikal metodlarla dəyişiklik nə planlaşdırılır, nə də normal vətəndaşlar tərəfindən arzulanır. Buna görə də bir həftənin içində dəyişiklik gözləmək elan edilən demokratik etiraz yoluyla dəyişikliyi inkar edir. Yəni, biz özümüz o yolu seçmişik ki, bir az uzun olacaq, amma həm dövlət, həm də millət üçün ağrısız və daha qurucu nəticələr verəcək.