Ingiltərədə çempionluq uğrunda mübarizə dörd klub arasında getsə də, “Mançester Yunayted”lə “Arsenal”nin şansı daha yüksəkdir. Aleks Ferqyusonun komandası dünən az qala xal itirəcəkdi. “Bolton”u qəbul edən “Mançester Yunayted” qarşılaşmanın gedişində azlıqda qalıb. Conni Evans 76-cı dəqiqədə meydandan kənarlaşdırılsa da, meydan sahibləri qələbəni əldən verməyib. Dimitar Berbatov 88-ci dəqiqədə komandasının qələbə topunu vurub – 1:0.
“Arsenal”ın xal itirməsi “Mançester Yunayted” üçün lap yerinə düşüb. London təmsilçisi səfərdə “Vest Bromviç”i məğlub etməyi bacarmayıb – 2:2. Təsəvvür edin ki, ilk iki qolu meydan sahibləri vurub. “Arsenal” məğlubiyyətdən oyunun sonlarında Andrey Arşavin və Robin van Persinin qolları sayəsində yaxa qurtarıb.
“Mançester Yunayted” xalını 63-ə çatdırıb. Bir oyun az keçirən “Arsenal”ın 58, “Mançester Siti”nin 53 xalı var.
Həm Ingiltərə çempionatında, həm də Çempionlar Liqasında yaxşı təsir bağışlayan “Tottenhem” gözlənilmədən xal itirib. London klubu öz meydanında “Vest Hem”i məğlub edə bilməyib – 0:0.
Qalan oyunlar belə nəticələnib:
“Aston Villa” – “Vulverhempton” 0:1
“Blekbern” – “Blekpul” 2:2
“Stok Siti” – “Nyukasl” 4:0
“Uiqan” – “Birmingem” 2:1.