Müqayis Verdiyev icra başçısı Nizaməddin Quliyev barədə maraqlı faktlar açıqladı
Goranboyda nüfuzlu iş adamı kimi tanınan Müqayis Verdiyev “Azadlıq”a müraciət edib. Xatırladaq ki, Müqayis Verdiyev hazırda həbsdədir. O, Goranboyun icra başçısı Nizaməddin Quliyevin sifarişilə həbs olunduğunu bildirir. Bakı Istintaq Təcridxanasında saxlanılan sahibkar müraciətini vəkili Adəm Məmmədov vasitəsilə göndərib.
* * *
Müqayis Verdiyev yazıb: “Mən Müqayis Verdiyev bir müddət öncə Goranboy rayon Icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tərəfindən, özü də anam dünyasını dəyişən gün həbs olunmuşam. Nəzərinizə çatdırım ki, bir sahibkar olaraq Azərbaycanımızın gözəlləşməsi və abadlaşması üçün əlimdən gələni etmişəm. Həmin inşa etdiyimiz və abadlaşdırdığımız, habelə yenidən qurduğumuz obyektlərin bir çoxlarının açılışında Prezident özü şəxsən iştirak edib. Buna misal olaraq Yevlax və Imişli rayonlarında gördüyüm işlər görə prezident Ilham Əliyev mənə ”çox sağ ol” deyib.
Hörmətli redaksiya! Nəzərinizə çatdırım ki, icra başçısı Nizaməddin Quliyevin oğluna məxsus “Fəqan-Xidmət” şirkəti bir müddət əvvəl keçirilmiş tenderin qalibi olub. Bu həmin şəxsdir ki, “Kapital Bank”ın Mingəçevir filialının rəhbəri işləyirdi və bankın 500 min manatını mənimsədiyinə görə işdən qovulub. Bu mənimsəməyə görə həbs olunmaması üçün həmin vaxt atası Nizaməddin Quliyev vəzifəsindən sui-istifadə edərək oğlunu “aydan arı, sudan duru” çıxardaraq həbsdən canını qurtara bildi. Oğlu Ramal Quliyevin həbs olunmamasında çox təəssüf ki, mənim də xidmətim olub. Belə ki, Nizaməddin Quliyevlə yaxın münasibətimiz olduğundan həmin pulun müəyyən hissəsini mən ödədim.
O isə bunun əvəzində mənim həbsimlə kifayətlənməyib, indi də bir bəhanə ilə oğlumu həbs etdirmək istəyir. Görəsən bizim nəslimizdə olan başı papaqlıların hamısını həbs etdirsə, Nizaməddin Quliyevin oğlu bədxərcliyindən qalacaqmı? Axı mən neyləyim ki, böyütdüyü oğlu Nizaməddin Quliyevin özünə qənim kəsilib? Oğlumu tutdurmaq üçün isə bəhanə də tapıb. Guya mənim oğlum başçının müavini Baxış Abdullayevin şərəf və ləyaqətini təhqir edib. Ona görə də Baxış Abdullayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək oğlumu Cinayət Məcəlləsinin 147.2, 148-ci maddələri ilə həbs etdirmək istəyir. Məqsəd məni susdurmaqdır.
* * *
Tenderi oğlu Ramal Quliyevə məxsus “Fəqan-Xidmət” şirkəti udsa da Nizaməddin Quliyev bizi rayona dəvət edərək, nəzərdə tutulan işlərin hamısını bizim tərəfimizdən həyata keçirilməsini istədi. Mənim üzərimə düşən işin xərcləri 256 min manat oldu ki, onun da 100 min manatı icra başçısı tərəfindən ödənilib. Və razılaşma əldə olundu ki, bütün işlər başa çatdıqdan sonra yerdə qalan 156 min manatı da ödəyəcək. Amma işlər başa çatdıqdan sonra Nizaməddin Quliyev həmin pulu ödəməkdən imtina etdi. Qeyd edim ki, mən pulumu tələb etdikdə Nizaməddin Quliyev müavini Baxış Abdullayevə göstəriş verərək, onun əliylə rayonda etiraz aksiyası təşkil etdirdi. Belə ki, Baxış Abdullayev fəhlələri icra hakimiyyətinin binası qarşısına yığaraq, onların etiraz aksiyasını təşkil etmişdi. Bu əməli həyata keçirəndən sonra guya, mənim rayonda iğtişaş törətmək istədiyimə dair yalan məlumatları yuxarı dairələrə çatdırdı. Ardından isə həbsimi təşkil etdirdi. Məqsəd isə oğlunun yeyib-dağıtdığı pulları ört-basdır etmək idi. Çünki icra başçısının oğlu bu dəfə də tenderin pullarını mənimsəyərək, atasını çətin vəziyyətdə qoymuşdu…”
* * *
Sahibkarın vəkili Adəm Məmmədov isə bunları deyib: “Hüquqlarını müdafiə etdiyim Müqayis Verdiyev tam əssasız olaraq həbs edilib. Bu həbs Goranboy rayon Icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin şəxsi maraqlarını dövlət maraqlarından üstün tutması nəticəsində baş verib. Rayonda saysız-hesabsız, imkansız, müalicəyə ehtiyacı olan insanlar var. Qazanılan puldan bu insanlara yardım etmək əvəzinə rayonun az qala bütün büdcəsini oğlunun eyş-işrət çəkməsinə yönəldib. Bütün bunlar xalqın gözü qarşısında baş verir və buna görə də xalq icra başçısının əlindən zəncir çeynəyir. Ramal Quliyevin əyləncələri o qədərdir ki, atası Nizaməddin Quliyev bütün rayonun büdcəsini və bütün sahibkarları tutdurub pullarını oğluna yönəltsə yenə də ona azlıq edəcəkdir. Indi belə çıxır ki, düzgün tərbiyə verə bilmədiyi oğlunun əyləncələrini yüksək səviyyədə təşkil etmək üçün Nizaməddin Quliyev bütün sahibkarları tutdurmalıdır? Burda xalqın və sahibkarların nə günahı var. Bu yerdə prezident Ilham Əliyevin ”Məmurların qudurğan övladları” ifadəsi sanki Nizaməddin Quliyev üçün deyilib. Hüquqlarını müdafiyə etdiyim Müqayis Verdiyev Nizaməddin Quliyevin oğlu ilə bacarmamasının güdazına gedib. Məhkəmə prosesində hələ çox sirrlər açılacaq. Məndə Nizaməddin Quliyevin və oğlunun korrupsiya əməlləri, eyni zamanda dövlət xəzinəsindən gizlətdiyi milyonlar barədə elə dəhşətli faktlar var ki, onların indi açıqlanması məqsədəuyğun deyil. Ancaq situasiyaya uyğun olaraq onları zamanı gəldikcə açıqlayacağam. Ona da inanıram ki, məhkəmə prosesinin sonunda mən qalib olacam və günahsız yerə həbs olunmuş Müqayis Verdiyev azadlığa qovuşacaq”.
Nizaməddin Quliyevin rayonda belə dözülməz şərait yaratması, rayonun sosial iqtisadi problemlərinin həlli əvəzinə oğlunun maddi durumunun daha da yaxşılaşmasına, eyş-işrətlərinin sayını daha da artırmasına var-qüvvəsi ilə çalışması əhali arasında çox ciddi narazılıq yaradıb. Rayondakı mənbəmizdən aldığımız məlumata görə, Goranboy bu gün barıt çəlləyinə bənzəyir.
Nizaməddin Quliyev və oğlunun deyilənlərə münasibətini öyrənmək cəhdimiz baş tutmadı. Lakin Müqayis Verdiyev bundan əvvəlki müraciətində də Ramal Quliyevin müəyyən ittihamlar səsləndirmişdi. Həmin vaxt Ramal Quliyev “Azadlıq”a bildirmişdi: “Onun dedikləri tam yalandır. Kapital Bank-a sorğu göndərə bilərlər. Mənim işdən niyə çıxdığım aydınlaşar. Onda bilinər ki, məni yeyintiyə görə işdən çıxarıblar, yoxsa öz ərizəmlə işdən uzaqlaşdırılmışam. Mənim ”Fəqan-Xidmət” MMC-ylə heç bir bağlılığım yoxdur. Müqayis Verdiyevin mətbuata dediyi bütün sözlər yalandır. Əvvəlcə deyirdi ki, mən ölkədən qaçmışam. Bunu da araşdırmaq çətin deyil. Aidiyyəti qurumlara müraciət edə bilərlər. Həqiqətən ölkəni tərk etmişəm, yoxsa yalandır?”.
Ilham