Deputat Vasif Talıbova məhkəmə-hüquq islahatlarına görə diplom verib
Məlahət Nəsibova: «Bu tip mükafatlar daha çox qanunu pozan şəxslərə verilir»
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarına görə diplomla təltif olunub. Modern.az saytının məlumatına görə, diplomu Naxçıvan MR sədrinə Azərbaycan Hüquqşünasları Konfederasiyasınin sədri, millət vəkili Əli Hüseynli təqdim edib.
“Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının hesabatında “Mətbuat yırtıcıları” siyahısında yer alan Vasif Talıbovun belə bir mükafata layiq görülməsi yalnız təəssüflə qarşılana bilər. Çünki Naxçıvan son illər beynəxlaq hesabatlara insan haqlarının kobud şəkildə pozulduğu bölgə kimi düşür. Belə bir şəraitdə Muxtar Respublikada hansı məhkəmə-hüquq islahatlarından söhbət gedə bilər? Belə olan halda xarici qrantlar hesabına fəaliyyət göstərən AHK-nin V.Talıbova diplom təqdim etməsi beynəlxalq donorların da narazılığı ilə qarşılana bilər.
V.Talıbovun aldığı mükafat yerli hüquq müdafiəçilərinin də narazılığına səbəb olub.
Naxçıvanda fəaliyyət göstərən jurnalist və hüquq müdafiəçisi Məlahət Nəsibovanın sözlərinə görə, kimsə Naxçıvanda baş verən qanunsuzluqları orada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından yaxşı bilə bilməz. Azərbaycan Hüquqşünasları Konfederasiyasının hansı meyarlara əsaslanaraq MR Ali Məclisinin sədrinə belə bir mükafat verməsi heç kimə məlum deyil.
Bununla belə M.Nəsibova V.Talıbovun diplom almasına təəccüblənmədiyini də bildirdi. Çünki avtoritar rejimlərdə belə hallara rast gəlinir. Bu tip mükafatlar daha çox qanunu pozan şəxslərə verilir. Naxçıvanda hüquqi islahatlara gəldikdə, hüquq müdafiəçisi yalnız bəzi hallarda qanuna əməl olunduğunu, bunun da islahat adlandırılmasının mümkünsüz olduğunu deyil. Yəni bütün bunlar mükafata layiq hal deyil: “Naxçıvanda o qədər qanun pozuntusu olur ki, nadir hallarda qanunlara əməl olunanda, bu heç gözə görünmür. Vasif Talıbovun belə bir mükafat alması təəccüb olsa da, qeyri-adi hal deyil. Çünki avtoritar rejimlərin hökm sürdüyü ölkələrdə qanunları pozan diktatorlar belə mükafatlar alır”.
Fizzə