Polis «Sadovod» Ticarət Mərkəzində əməliyyat keçirdi, «Izmaylov» bazarının azərbaycanlı sahibi həbs olundu
Orxan Zeynalovun həbsindən sonra Rusiyadan 100 azərbaycanlı deportasiya olunub
Moskva şəhərinin ən böyük ticarət mərkəzlərindən biri olan “Sadovod”da Rusiya xüsusi təyinatlı polisi əməliyyat keçirib. Səhər saatlarında keçirilən əməliyyat zamanı xeyli sayda miqrant saxlanılıb. Moskva Baş Polis Idarəsindən verilən məlumata görə, saxlanılan miqrantlar arasında Azərbaycan vətəndaşları da var. Miqrantlar yaxınlıqdakı polis bölmələrinə aparılıblar. Onların sənədləri və hər hansı cinayətdə iştirak edib-etmədikləri yoxlanılıb.
Idarədən o da bildirilib ki, “OMON”un keçirdiyi reyd paytaxt bazarlarının kriminaldan təmizlənməsi çərçivəsində həyata keçirilir. Azərbaycan Daxili Işlər Nazirliyinin Rusiyadakı xüsusi nümayəndəsi, polkovnik Eldar Səmədov bildirib ki, “OMON”un keçirdiyi reyd Azərbaycan vətəndaşlarına qarşı yönəlməyib və bütün miqrantlar yoxlanılır: “Kimin sənədi qaydasında deyilsə, onun barəsində tədbir görülür. Miqrantların hansısa cinayətdə iştirak edib-etmədikləri də araşdırılır”. Qeyd edək ki, “Sadovod” Ticarət Mərkəzi Azərbaycanın Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur. Bu ticarət mərkəzində xeyli sayda azərbaycanlı çalışır.
“Izmaylov” bazarı da “qara siyahıya” düşdü
Rusiyada başlayan təqiblər Moskvada yerləşən, “Izmaylov” bazarı kimi tanınan “Izmaylov” Kompleks Qapalı Səhmdar Cəmiyyətindən də yan keçmədi. Cəmiyyətin azərbaycanlı sahibi Aydın Isayev dünən həbs edildi. Bu barədə Lent.az-ın Moskvaya ezam edilmiş müxbiri məlumat verib. Onun sözlərinə görə, A.Isayev iqtisadi cinayətkarlıqda ittiham edilir. Dünən “Izmaylov” Kompleksinə gələn Moskva polisinin əməkdaşları Aydın Isayevlə yanaşı, səhmdar cəmiyyətin baş mühasibini də həbs ediblər. A.Isayev miqrantların qeyri-qanuni əmək fəaliyyətinə cəlb edilməsində təqsirləndirilir. Məlumata görə, “OMON”çular dünən eyni zamanda səhmdar cəmiyyətin yaxınlığında yerləşən və A.Isayevə məxsus olduğu bildirilən “Bilyard kafe”ni də bağlayıblar.
Dünən Moskvanın Qolyanov rayonunun Amursk küçəsində yerləşən “Viktoriya” Ticarət mərkəzi və onun yaxınlığındakı böyük meyvə-tərəvəz bazasına da OMON hücum edib. Bu barədə həmyerlimiz Idrak Camalbəyli məlumat verib. Onun sözlərinə görə, bazarı bağlayan OMON əməkdaşları burada fəaliyyət göstərən azərbaycanlıların sənədlərini yoxlayıbar.
Miqrantlarla bağlı reydlər davam edir
Rusiyada Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs olunmasından sonra miqrantlarla bağlı aparılan reydlər davam etdirilir və miqrasiya qanunlarını pozanlar mütəmadi olaraq ölkədən deportasiya olunur. Azərbaycanın Diasporla Iş üzrə Dövlət Komitəsinin Rusiyadakı son hadisələrlə əlaqədar yaradılmış Işçi Qrupun rəhbəri, komitənin birinci ərazi (Rusiya, Ukrayna, Belarus və Moldova) şöbəsinin müdiri Rizvan Əliyev bildirib ki, evlərdə və bazarlarda aparılan bu reydlər nəticəsində indiyədək Rusiyadan təxminən 100 azərbaycanlı deportasiya olunub. Onun sözlərinə görə, hər həftənin cümə günü Rusiya Daxili Işlər Nazirliyi tərəfindən miqrantlarla bağlı evlərdə aparılan reydlər daha da güclənib. Artıq elə azərbaycanlılar var ki, sənədlərinin düzgün olmadığından, deportasiya olunmaq təhlükəsindən ehtiyat edərək özləri ölkədən çıxırlar: “Bu yaxınlarda Rusiya dövlət orqanları deportasiya olunanların konkret sayı ilə bağlı məlumat verəcəklər”. Işçi Qrupunun rəhbəri bildirib ki, hazırkı məlumata görə, azərbaycanlılar həmişə deyildiyi kimi, artıq heç də Rusiyada say tərkibinə görə yaşayan birinci etnik xalq deyil: “Hazırda Rusiyada yerli vətəndaşlığı olan 629 930 nəfər azərbaycanlı yaşayır. Miqrantların sayını da bura əlavə etsək, ümumilikdə Rusiya üzrə 2 milyon 200 min azərbaycanlı yaşayır. Bu rəqəm ötən illə müqayisədə azalıb. Məsələn, hazırda Rusiyadakı özbəklərin sayı 2,5 milyondan çoxdur”.
Komitə rəsmisi onu da bildirib ki, məlum hadisədən sonra Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) vasitəsi ilə Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların şikayəti daxil olmaqdadır: “Daha çox miqrasiya problemi ilə bağlı incidilmələrlə yanaşı, yerli millətçilər tərəfindən də narazılıqlar var. Bu, Moskvadan başqa əsasən azərbaycanlıların daha çox yaşadığı Sverdlovsk və Sankt-Peterburq vilayətlərindəndir: ”Noyabrın 4-də Rusiya üzrə millətçilərin digər xalqlara qarşı “Rus marşı” adı altında kütləvi aksiyalar keçirməsi elan olunub. Əgər Rusiya dövlət orqanları bunun keçirilməsinə rəsmi razılıq versələr, o zaman biz milli zəmində keçirilən hər bir toplantını qəbulolunmaz hesab edəcəyik. Biz bunu bütün hallarda yolverilməz hesab edirik”.
R.Əliyev O.Zeynalovla bağlı son durumdan da danışıb: “Orxan Zeynalovun tutulmasında hüquq-mühafizə orqanlarına kömək edənlərin azərbaycanlı olması haqqında məlumatlar təsdiqini tapmayıb. Hazırda istintaq gedir. Lakin əsas odur ki, artıq Rusiya dövlət və hüquq mühafizə orqanları bununla bağlı baş verən rezonansdan təşviş içindədirlər və məsələnin tam hüquqi müstəvidə başa çatacağı əminliyi var. Biz nəzarəti elə qurmuşuq ki, əgər yenə bu məsələdə hüquqi zidd hadisə baş versə, dərhal müdaxilə edəcəyik. Azərbaycanın Rusiyadakı səfirliyindən daxil olan informasiyalar üzərində işimizi qurmalı olduq. Bundan irəli gələrək mütəmadi olaraq regionlarda qubernatorlar, merlər və milli məsələlər üzrə məsul olan digər rəsmi şəxslər səviyyəsində işləyirik. Onların faktiki münasibəti belədir ki, hər bir məsələ Rusiya qanunları çərçivəsində həll olunmalıdır. Hesab edirik ki, əgər dövlət tərəfindən hansısa xalqa qarşı qeyri-hüquqi, qeyri-obyektiv münasibət sərgilənsə, o zaman Rusiyada bu xaosun qarşısını almaq olmayacaq”. R.Əliyev Işçi Qrupunun tezliklə Rusiyaya dönəcəyini də bildirib.
Rusiyada baş verən son olaylara baxmayaraq, Azərbaycan bu ölkə ilə sərhəddə gömrük xidmətinin işini əvvəlki qayda ilə davam etdirir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: “Həmin hadisələrlə bağlı ölkəyə qayıdanların olması, bu sahədə canlanmanın yaranması mümkündür. Amma bu işə Dövlət Sərhəd Qoşunları nəzarət edir”. Komitə sədri əlavə edib ki, ümumilikdə, hazırda Azərbaycan-Rusiya sərhədində vəziyyət normaldır və bütün işlər öz qaydası ilə davam etdirilir”. “Rusiyada baş verən son olayla bağlı heç bir xüsusi qaydalar tətbiq olunmur”, – deyə A.Əliyev vurğulayıb.
Azərbaycanlı miqrant rusiyalı gənci gözündən bıçaqlayıb
Moskvanın cənubunda, azərbaycanlı miqrant yerli sakinlərdən birinə bıçaqla xəsarət yetirib. Yerli mətbuatın xəbərinə görə, Biryulevo rayonunda müvəqqəti yaşayan, Lənkəran şəhərinin sakini Ismayılov Bəhram Aydın oğlu normadan artıq spirtli içki içərək sərxoş vəziyyətdə yoldan keçənlərə sataşmağa başlayıb. 42 yaşlı azərbaycanlı Çexovdan olan 20 yaşlı vətəndaşın sol gözünə bıçaqla zərbə endirib, sonra da hadisə yerindən qaçaraq gizlənib. Hadisə ötən həftənin cümə günü, təxminən 22.30 radələrində baş verib. Hadisəni Andropov prospektindəki 21 nömrəli binadan izləmək mümkün olub. Yoldan keçənlər Rusiya milisinə zəng etsələr də, artıq gec olub. Göz pərdəsinin zədələnməsi, qaşın bıçaqla kəsilməsi xəsarəti almış gənc təcili xəstəxanaya çatdırılıb.
Rusiya milisinin apardığı araşdırmalar nəticəsində Bəhramın işsiz olduğu və Çertanovskaya küçəsində yerləşən 21 nömrəli evin 109 nömrəli mənzilində yaşadığı məlum olub. Hazırda hüquq mühafizə orqanının işçiləri azərbaycanlı miqrantın Moskvada indiyə qədər nə işlə məşğul olması və mənzili ona kimin kirayə verdiyini araşdırır. Məlumatda Rusyida yaşayan miqrantların bıçaqdan tez-tez istifadə etdikləri deyilir. Hadisənin baş verdiyi gecə xarici görünüşcə qafqazlılara bənzəyən üç nəfər Moskva sakininin qarşısını kəsərək onu tapançaya bənzər alətlə qorxudub, sonra ayağına xəsarət yetirərək ondan 8 min rubl dəyərində pul, qol saatı, gümüş zincir boyunbağı, dəri gödəkçə götürərək hadisə yerindən qaçıb.
Moskva meriyası “Rus marşı”na icazə verdi
Moskva meriyası noyabrın 4-də şəhərin Lyublino rayonu ərazisində “Rus marşı” adlı aksiyanın keçirilməsinə razılıq verib. Moskva Regional Təhlükəsizlik Departamentinin rəhbəri Aleksey Mayorov aksiyanın Lyublinodan yürüşlə başlayaraq Pererva küçəsindən keçməklə mitinqlə başa çatacağını söyləyib. O, aksiya təşkilatçısının “Russkiye” Birliyinin rəhbəri Dmitri Demuşkin olduğunu deyib. D.Demuşkin müraciətində marşda təxminən 30 min, mitinqdə isə 20 min adamın iştirak edəcəyini yazıb.ÿDaha öncə “Rusiya Ümumxalq Ittifaqı” adlı partiya da Moskvanın mərkəzində yürüş keçirmək istəyib, lakin meriya buna icazə verməyib. Ittifaqın təmsilçisi Ivan Mironov Lyublinoda keçiriləcək aksiyaya qoşulacaqlarını açıqlayıb.ÿ
Xatırladaq ki, Rusiyada vəziyyət paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsindən sonra qarışıb. Qətl yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. Iğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmədə bu ifadəni təzyiq altında verdiyini bildirib və ittihamları rədd edib.