Muğan Salahovla bağlı yeni məlumatlar
Bakıda fəaliyyət göstərən Moskva Dövlət Açıq Universitetinin rektoru Muğan Salahovla bağlı maraqlı məlumatlar əldə etmişik. Xatırladaq ki, bir neçə gün əvvəl universitetin rektoru Muğan Salahov, prorektoru Ramazan Hüseynov və işçisi Nemət Həsənov saxlanıb. Hər üç şəxs korrupsiya, vəzifədən sui-istifadə və digər əməllərdə şübhəli bilinir.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, universitet rəhbərliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən tutulub. Hazırda faktla bağlı araşdırma aparılır. “Azadlıq”a daxil olan məlumatlara görə, Moskva Dövlət Açıq Universitetinin Bakı filialı sabiq baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun himayəsi ilə yaradılıb. Eldar Həsənovla həmyerli olan Muğan Salahov məhz onun sayəsində təhsil biznesinə baş vurub. Sabiq baş prokuror Rumıniyaya səfir göndərildikdən sonra Muğan Salahov yeni himayədar tapıb. Bu, “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovdur. Bundan başqa məlumatlara görə, həbs edilən rektorun sabiq deputat Şahlar Əsgərovla da isti münasibətləri olub. Kəlbəcərin adət-ənənəsinə görə Muğan Salahovla Şahlar Əsgərov “toy qardaşıdır”.
Moskva Dövlət Açıq Universitetinin fəaliyyəti ilə bağlı hələ bir müddət əvvəl Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva şok açıqlamalar verib. Nərgiz Paşayeva Moskva Açıq Dövlət Universitetinin Moskvadakı rektorunun erməni Eduar Saturyan olmasını xüsusi vurğulamaqla Muğan Salahovun ermənilərlə işbirliyinə də işarə vurub. Bu açıqlamadan sonra Moskva Açıq Dövlət Universiteti ilə bağlı araşdırmalara başlandı. Həmçinin Təhsil Nazirliyi bu universitetin fəaliyyətini dayandırdı.
Muğan Salahovun məhz indi həbs edilməsi isə hakimiyyətin başlatdığı “antikorrupsiya şousu”nun effektini artırmaq məqsədi daşıyır.
İnformasiya şöbəsi