158 saylı məktəbin müəlliməsi olmuş Süsən Babayevanın övladları analarının ölümünün təfərrüatlarını «Azadlıq»a danışdı
“Anamızı 158 saylı məktəbin direktoru Zemfira Səmədova öldürüb. Direktor heç vaxt onunla yola getmirdi. Anam işində həmişə düz olub. Bu da Z.Səmədovaya sərf etmirdi. O və başqaları ondan şagirdlərlə bağlı xahişlər edirdi. Amma anam heç bir xahişi yaxına buraxmazdı. Haqqın tərəfdarı idi”. Söhbət 1932-il təvəllüdlü Süsən Babayevadan gedir. S.Babayeva 1939-cu ildə dünyaya gəlib. 40 ildən artıqdır ki, müəllimlik edirmiş. Pedaqoji fəaliyyətə 158 saylı məktəbdən başlayıb. Elə ömrünün sonuna qədər də sözügedən məktəbdə çalışıb.
Zahid Xəlilov küçəsi 53, mənzil 35-də yaşayan Babayevlər ailəsi ilə söhbətləşib qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdım.
“Direktor valideynləri müəllimlərlə üz-üzə qoyur”
Bu il yanvarın 12-də qəflətlən halı pisləşib. Sonradan məlum olub ki, insult keçirib. Həkimlər onun ömrünü yalnız 14 gün uzada biliblər. Yanvarın 26-da dünyasını dəyişib. Mərhumənin qızı Elmira Babayeva deyir ki, anası əksər vaxtı məktəbdən əsəbi halda geri dönürdü: “Mən də, atam da ona işdən çıxmağı məsləhət görürdük. O da hər dəfə bu il çıxacam deyirdi, amma çıxmırdı. Sonuncu dəfə evə qayıdanda çox əsəbiydi. Nə olduğunu soruşanda heç nə demədi. Bir neçə dəqiqə keçəndən sonra məktəbin direktoru ilə əlaqə saxladı. Sadəcə bunu bildim ki, direktor onu işdən çıxarmaqla hədələyir. Anama dedi ki, problemi həll etmək üçün dərs dediyi şagirdlərdən bir neçəsinin valideyni ondan şikayətlidir. Üstəlik, qeyd etdi ki, problemi həll etmək üçün onlardan üzr istəməlidir. Heç cür anlaşılan deyil. Direktor valideynləri müəllimlərlə üz-üzə qoyur. Halbuki Z.Səmədova şikayətçiləri dinləməli, problemi yoluna qoymalı, nə söz-söhbət vardısa, sonra onu anamla müzakirə etməli idi”.
Elmira xanım valideynlərin anası haqda nə şikayət etdikləri barədə də suala aydınlıq gətirdi: “Valideynlər şikayət ediblər ki, anam dərsdə palto ilə oturur. Bunun məsələyə ümumiyyətlə, dəxli yoxdur. Əgər problemin kökündə bu dayanırsa, günahkar yenə direktordur. Çünki 158 saylı məktəbdə olanlar bilirlər ki, orada istilik sistemi yoxdur. Müəllim də insandır, o da qalın geyinməlidir”.
60 illiyin fəxri fərmanı
“Sənin cırdığın jurnalların vərəqləri məndədir. Onları nazirə göndərəcəm” – Süsən Babayevanın direktora sonuncu cümlələri bu olub. Bu söhbətdən bir neçə saat sonra S.Babayevanın halı pisləşib. TTYS-in əməkdaşları gələndən sonra əhvalı azca düzəlsə də məlum olub ki, insult keçirib.
Mərhumənin oğlu Ağa Babayev deyir ki, anası indiyə qədər ciddi xəstəlik keçirməyib: “Amma həmin gün təzyiqi 260-ın 100-ə olub. Mən bu yaşıma qədər heç vaxt anamda normadan artıq təzyiqin şahidi olmamışdım”.
“Siz məndən xahiş edirsiniz ki, dərsə gəlməyən uşaqların qayıblarını yazmayım, qayıblar yazıldığına görə sizin göstərişinizə əsasən jurnallar cırılmışdır. Məni yüksək qiymət yazmağa məcbur edə bilməyəcəksiniz”. Ağa Babayev də anasının direktorla danışığının sonuncu kəlmələrini eşidib.
Mərhumənin həyat yoldaşı Bahadur Babayev xanımının 60 illiyində direktorun ona fəxri fərman verdiyini dilə gətirir: “Indi siz direktorla əlaqə saxlasanız o, bütün bu deyilənləri inkar edəcək. Özünü paklığa çıxarıb, dövlətçiliyə xidmət etdiyini söyləyəcək. Amma gün kimi aydındır ki, yoldaşımın ölümündə onun əli var. Çünki Süsəni yalnız o əsəbiləşdirirdi”.
“İstəyirlər problemi direktorun əli ilə həll etsinlər”
E.Babayeva anasının ölümü ilə bağlı PA rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, Milli təhlükəsizlik naziri Eldar Mahmudova, təhsil naziri Misir Mərdanova şikayət məktubları ünvanlayıb. Bütün şikayət məktublarına cavab olaraq bildirilib: “Sizin ünvanladığınız şikayət məktubları aidiyyəti qurumlara göndərilib”. Hətta iş o yerə çatıb ki, PA-dan Babayevlərə belə cavab ünvanlanıb: “Sizin prezident Ilham Əliyevə göndərdiyiniz məktub lazımi ünvana göndərilib”. Amma yuxarıda qeyd edildiyi kimi, Babayevlər ölkə başçısına heç bir şikayət məktubu ünvanlamayıblar.
E.Babayeva deyir ki, onların göndərdikləri şikayətləri araşdırmaq üçün az qala direktora ünvanlasınlar: “Biz şikayət edirik ki, anamızı direktor öldürüb, onlar da istəyirlər problemi elə direktorun əli ilə həll etsinlər”.
Yazıda adı hallanan direktor Z.Səmədova ilə görüşmək üçün 158 saylı məktəbə yollandım. Məktəbin özünü təqdim etməyən əməkdaşı direktorun yerində olmadığını söylədi. Nə vaxt gələcəyini soruşanda “bilmirəm” cavabından başqa heç nə eşidə bilmədim.
Bir neçə dəfə direktorla əlaqə saxlamağa cəhd etsəm də, heç bir nəticə olmadı.
***
Bu da növbəti ölüm. Ənənəvi olaraq hüquq-mühafizə orqanları susur. Heç kimdən səs çıxmır. Sanki bu ölkədə heç nə baş verməyib…
Ramin DEKO