Kanadada Iranın maraqlarını bundan sonra Omanın, Kanadanın Irandakı maraqlarını isə Italiyanın səfirliyi təmsil edəcək.
Bu barədə keçirdiyi brifinqdə Iran Xarici Işlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfxəm bildirib. M.Əfxəm əlavə edib ki, Iranla Böyük Britaniya arasında da diplomatik əlaqələr bərpa olunacaq və iki ölkənin maraqları müvəqqəti işlər vəkilləri səviyyəsində qorunacaq: “Müvəqqəti işlər vəkilləri öz ölkələrin Xarici Işlər nazirliklərində çalışacaq və lazım gəldikdə, təyinat ölkələrini ziyarət edəcəklər”.
Qeyd edək ki, 2012-ci ildə Kanada Iranın nüvə proqramı ilə əlaqədar Iranın Ottavadakı səfirliyini bağlayaraq, səfirlik işçilərini arzuolunmaz şəxslər siyahısına daxil edib.
Böyük Britaniya isə Tehrandakı səfirliyini bağlayaraq öz işçilərini bu ölkədən evakuasiya edib. Buna səbəb 2011-ci ildə Tehranda baş verən iğtişaşlar zamanı nümayişçilərin səfirliyə hücum etməsi və diplomatik nümayəndəliyə ciddi ziyan vurulması olub. Həsən Ruhaninin bu il prezident seçilməsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin normallaşması prosesi müşahidə olunur(APA).