Tələsik andiçmə ilə bağlı yeni məlumatlar
İlham Əliyev üçün tələsik andiçmə mərasiminin təşkil olunmasının səbəblərilə bağlı yeni məlumatlar əldə etmişik. Ötən sayımızda məlumat vermişdik ki, tələsik andiçmənin kökündə Qərbi fakt qarşısında qoymaq dayanır. Yəni, hakimiyyət seçkinin nəticələrini tanımayan beynəlxalq birliyə saxta nəticələri qəbul etdirməyə çalışır. Tələsik andiçmə mərasimi ilə seçki mübahisələrini gündəmdən çıxarmaq istəyir.
Dünən redaksiyamıza daxil olan məlumatlara görə, Ilham Əliyevin tələsik and içməsi həm də hakimiyyət komandasındakı narahatlıqla bağlı olub. Seçkinin nəticələrinin tanınmaması komandanı təşvişə salıb. Iqtidar ideoloqları düşünüblər ki, bu mərkəzdənqaçmaya səbəb ola bilər. Ona görə də tələsik seçkinin nəticələrini rəsmiləşdirmək və Ilham Əliyev üçün andiçmə mərasimi təşkil etmək qərarına gəliblər. Bununla komandada ümid yaradıblar ki, seçkilə bağlı hakimiyyətə qarşı çağırışların heç bir təhlükəsi yoxdur.
Ilham Əliyevin mərasimdə etdiyi çıxış da məhz komanda daxilindəki narahatlığı aradan qaldırmağa hesablanıb. Məsələn, Ilham Əliyev komandasını arxayın edir ki, Azərbaycan strateji layihələrə imza atıb və bu layihələrin icrası beynəlxalq əməkdaşlıq tələb edir. Ilham Əliyev bununla demək istəyir ki, bu gün seçkinin nəticəsini tanımayan beynəlxalq birlik həmin strateji layihələrə görə Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etmək məcburiyyətində qalacaq. Bundan başqa Ilham Əliyev həmçinin bəyan edir ki, Azərbaycan indiki qədər güclü olmayıb. Bu da əslində hakimiyyətin güclü olması barədə rəy yaratmaqdır.
Qısası, Ilham Əliyev bütün çıxışını nikbin notlar üzərində qurub. Görünür, hakimiyyətdə narahatlıq o səviyyədədir ki, Ilham Əliyev çıxışının əhəmiyyətli hissəsini komandanı sakitləşdirməyə həsr edib.
Azad