Aynur Mehdiyevaya cinayət işi açılıb; o, filippinli qadına işgənçə verirmiş
Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı keçmiş həyat yoldaşı və onun bacısı Mahmud və Aynur Mehdiyevlərin xüsusi ittiham qaydasında şikayət verərək sabiq millət vəkilinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməsi haqqında oxucularımızı məlumatlandırmışıq. Aynur Mehdiyevanın Filippin vətəndaşı olan 28 yaşlı qadını fərdi iş icazəsi almadan şəxsiyyət vəsiqəsini götürərək zor tətbiq etməklə bir ildən artıq müddətdə əməyini istismar etməsi barədə məlumatı Daxili İşlər Nazirliyi 13 iyun 2013-cü il tarixində yaymışdı. Məlumatda, Aynur Mehdiyevanın qanunsuz əməlinin DİN-in İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarələrinin əməkdaşlarının birgə əməliyyat nəticəsində ifşa edildiyi göstərilir. Həmin tarixdə bir çox KİV-lərdə DİN-in mətbuat xidmətinə istinadən Aynur Mehdiyevanın tutulması, saxlanılması, eləcə də onun filippinli qadını qul kimi işətməsi haqqında xəbərlər yayımlanmışdı. Mehdiyevlər bu məlumatları 13-14 iyun taixində yayan DİN və KİV-ləri nəinki məhkəməyə verməyib, heç onlardan təkzib belə tələb etmədiyi halda, 05 sentyabr tarixində qəzetimizə verdiyi müsahibəsində bu faktları xatırladan Gültəkin Hacıbəyliyə qarşı cinayət işinin qaldırılmasını tələb edirlər. Halbuki, KİV haqqında qanuna görə bu halda keçmiş millət vəkili heç bir məsuliyyət daşımır. Mehdiyevlər şikayət ərizəsində Gültəkin Hacıbəylinin onlara böhtan atdığını, Aynur Mehdiyevanın heç vaxt saxlanmadığını, hər hansı istintaq orqanı tərəfindən şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədiyini bildirirlər.
18.10.2013-cü il tarixində “Zerkalo” qəzetinin sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə növbəti dəfə Aynur Mehdiyevaya qarşı cinayət işinin açılması faktını təsdiqləyib. Filippinli qadına hüquqi yardım göstərən “Miqrasiya Mərkəzi” İctimai Birliyinin sədri Əlövsət Əliyev isə bu qadının artıq hüquq-mühafizə orqanları tərəfindən zərərçəkmiş kimi tanındığını bildirib: “Artıq üzləşmə aparılıb və üzləşmədə zərərçəkən Aynur Mehdiyevanın ona işgəncə verdiyini bildirib. İş tez bir zamanda məhkəməyə göndəriləcək. Mən çox ümid edirəm ki, biz bu iş üzrə ədalətli hökmün çıxarılmasına nail olacağıq”.
Göründüyü kimi, faktlar Aynur Mehdiyevayanın şikayət ərizəsində qeyd etdiyinin əksini, ona qarşı cinayət işinin açıldığını və onun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edildiyini sübut edir. Bundan başqa, zərərçəkmiş tərəfindən ona qarşı xüsusilə ağır cinayət olan işgəncə ittihamı da irəli sürülüb. Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü maddəsinə görə işgəncə, yəni, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bütün bunlar isə Aynur və Mahmud Mehdiyevlərin yalanını ifşa etməklə, onların Yasamal Rayon Məhkəməsinə ünvanladıqları şikayət ərizəsinin saxta olduğunu üzə çıxarır. Bu baxımdan, hakim Sərdar Mehrəliyevin bu saxta sikayət ərizəsini icraata qəbul edərkən nəyə əsaslandığı aydın deyil. Barəsində cinayət işi açılan, məcburi əmək və hətta, zərərçəkmiş olaraq tanınan filippinli qadınla üzləşmədə onun tərəfindən işgəncə kimi ağır cinayətdə ittiham olunan Aynur Mehdiyeva bütün bu faktları gizlədərək, yalan məlumatlar əsasında hazırlanmış şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Mehdiyevlərin bu “cəsarəti”, hakimin isə üç məhkəmə iclası ərzində ortada olan bu təkzibedilməz faktları “görməməsi” bu ittihamın da hakimiyyət tərəfindən Gültəkin Hacıbəyliyə qarşı aparılan geniş siyasi təqib kampanıyasının tərkib hissəsi olmasını bir daha təsdiq edir. Bu predmetsiz məhkəmə prosesi oktyabrın 28-də davam edəcəkdir.