Mütəllim Rəhimli: «Əli Əhmədovu öz vicdanı qarşısında səmimi olmağa çağırırıq»
Məlum olduğu kimi 9 oktyabr seçkilərinin nəticəsini ilk olaraq Milli Şura və onun namizədi Cəmil Həsənli tanımadı. Digər namizədlərdən isə yalnız Ədalət partiyasının sədri Ilyas Ismayılov seçkilərin nəticəsini tanımadı və bununla bağlı etiraz bəyanatı verdi.
Ilyas Ismayılovun mövqeyinə münasibət bildirən YAP icra katibi Əli Əhmədov hesab edir ki, Ilyas Ismayılovun bu cür mövqe sərgiləməyə mənəvi haqqı yoxdur: “Açığı, şəxsən mən bu bəyanatı ondan gözləmirdim. Ilyas Ismayılov bu bəyanatında səmimilik hissini unutmuş olduğunu göstərdi. Onun seçkidə uğur qazanmamasının günahı başqasında deyil, ancaq özündə ola bilər. Ilyas Ismayılov vətəndaşların ona səs verməməsindən küsübsə, seçkilərin nəticələrini şübhə altına almaq kimi böyük məsuliyyət tələb edən bəyanatı səsləndirməyə ən azı mənəvi haqqı yox idi. Ona vətəndaşlar nə qədər səs vermək istəyiblərsə, o qədər də səs veriblər. Bundan artığına ümid bəsləyirdisə, onun günahı nə YAP namizədinin kifayət qədər yüksək səs qazanmasında, nə də seçkilərdədir. Yeganə səbəb insanların ona səs vermək istəməməsidir. Gerçəkliyi qəbul etməli idi. Kimsə gerçəkliyi qəbul eləmirsə yanlış yoldadır və daha böyük uğursuzluqla rastlaşacaq”- deyə Əli Əhmədov bildirib.
Ədalət Partiyasının sədrinin müavini Mütəllim Rəhimli “Azadlıq”a açıqlamasında YAP-ın icra katibinin fikirlərinə münasibət bildirib: “Seçkilərin nəticələrinə, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs, o cümlədən, Əli müəllim obyektiv qiymət verməlidir. Kimsənin haqqını tapdamağa, cəmiyyətdə yanlış fikir yaratmağa yönələn addımlara yol verilməməlidir.
Bizim əlimizdə təkzibolunmaz faktlar var ki, Ilyas müəllim, bir sıra kütləvi informasiya vasitələrində göstərildiyi kimi, əksər dairələrdə 12-17 faiz səs toplayıb. Dairə və məntəqə seçki komissiyalarından aldığımız məlumatların obyektiv analizi də bunu təsdiq edir. Biz gerçəkliyi görənlərdənik, onu siyasi maraqlar naminə qəbul edənlərdən yox. Gerçəklik isə budur ki, torpaqlarımız zəbt olunub, sərvətlərimiz mənimsənilir, hüquqi dövlətin qurulmasına heç başlanılmayıb. Seçkilərdə onsuz da prezident seçiləcək şəxsə yarınmaq üçün bir dəstə “komanda üzvü” ona ziyan vuran seçki saxtakarlıqları təşkil etmiş və bu gün də ona bəraət qazandırılır. Ilyas müəllimi səmimiliyə dəvət edən Əli müəllimi öz vicdanı qarşısında səmimi olmağı çağırırıq. Cəmiyyət Ilyas müəllimi yaxşı tanıyır, o, bütün hərəkətlərində səmimidir və dövləti maraqlarını da, xüsusilə, indiki şəraitdə hər şeydən üstün tutur, qanun pozuntuları ilə də barışmazdır. Əli müəllim müsahibəsinin sonunda bizi təhdid etməkdən də çəkinmir. Biz bunu ondan gözləmirdik. Biz haqqa, qanuna və Allaha sığınanlardanıq və yolumuz da haqq və ədalət yoludur”.
Ilham Hüseyn