Müxalifət liderləri səsvermənin gedişi ilə bağlı “Turan”a açıqlama veriblər. AXCP sədri Əli Kərimli bildirib ki, ölkədə demokratik seçki mühiti olmamasına baxmayaraq, müxalifətin birləşməsi, seçkidə vahid namizədlə iştirakı, prezidentliyə namizəd Cəmil Həsənlinin uğurlu kampaniya aparması insanları səsverməyə həvəsləndirdi. Amma iqtidar yenə də əvvəlki seçkilərdə olduğu kimi seçkiləri saxtalaşdırmaq yolunu tutdu: “Bülletenlər qutulara topa şəkldə atılır, müxalifət müşahidəçilərinə müşahidə imkanı verilmir, “karusel” əməliyyatı işə salınır, icra qurumları seçki prosesinə qanunsuz müdaxilələr edirlər”. AXCP sədri bu saxtakarlıqlara baxmayaraq, C.Həsənliyə səs vermək qərarında olan seçiciləri bu saxtakarlıqdan darıxmamağa, səsvermədən soyumamağa, seçki məntəqələrinə gedərək səs verməyə dəvət etdi.
Müsavat Partiyasının başqanı İsa Qəmbər də seçkilərin kütləvi saxtakarlıqla müşaiyət olunduğunu söyləyib. Onun sözlərinə görə, iqtidar heç nəyə baxmadan nəticələrin saxtalaşdırılması üçün əlindən gələni edir: “Karusel” əməliyyatı işə salınıb, Milli Şuranın müşahidəçilərinə müşahidə maneçilikləri törədilir”.İ.Qəmbər eyni zamanda seçkidə bir şəxsin bir neçə yerdə səsverməsi kimi üsulun işə salındığını nəzərə çatdırıb. “Bu isə iqtdarın xalqın səsini qazana bilməyəcəyinin etirafıdır”, – deyə İ.Qəmbər saxtakarlıqların mahiyyətinə şərh verib.