Milli Şuranın bu gün Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirdiyi mitinqin nəticələrini siyasi liderlər yüksək qiymətləndirirlər. Daha fərqli ssenari və atmosferdə keçirilən aksiya Milli Şuranın təbliğat kampaniyasının yekun mitinqi idi.
Əli Kərimli: «Ümid edirəm ki, xalqımız oktyabrın 9-da da eyni əhval-ruhiyyə ilə səslərini Cəmil Həsənliyə verəcək»
AXCP sədri Əli Kərimli hesab edir ki, 5 oktyabr aksiyası C.Həsənlinin Bakıda keçirdiyi son möhtəşəm tədbir idi. Tədbirin bu dəfə fərqli ssenari ilə həyata keçirildiyini deyən Ə.Kərimli vurğuladı ki, təqribən bir saat ərzində Milli Şuranın namizədi ətraflı çıxış etdi: «Cəmil Həsənli budəfəki aksiyada seçki plaformasının ən müxtəlif məqamları haqqında çıxış edərək, mitinqdə toplaşanlara və onların vasitəsilə Azərbaycan xalqına mesajlarını çatdırdı. Çox müxtəlif təbəqələrə mesajlar verildi. Bu aksiya əvvəlki mitinqlərdən tamamilə fərqlənirdi. Müşahidə etdim ki, 5 oktyabr aksiyası bütün seçki kampaniyası boyunca keçirilən mitinqlərin ən güclüsü oldu. Yəqin ki, bu da aksiyasının sonuncu olması, Cəmil Həsənlinin bu kampaniyanı uğurlu aparması ilə bağlı idi. Bütövlükdə demək olar ki, Azərbaycanın demokratik qüvvələri, Milli Şura və onun prezidentliyə vahid namizədi Cəmil Həsənli əslində ilk baxışdan mümkün olmayanı etdi. Azərbaycan xalqının bir hissəsini fəallaşdırdı. Uzun illər təbliğat resursundan məhrum edilmiş Azərbaycan müxalifəti çox böyük bir qüvvəni meydana çıxara bildi və kifayət qədər kütləvi aksiya oldu. Ümid edirəm ki, Azərbaycan xalqı oktyabrın 9-da da eyni təəssüratla, həmin əhval-ruhiyyə ilə səslərini Cəmil Həsənliyə verəcək».
İsa Qəmbər: «Aksiyalar seçkilərin favoritinin Cəmil Həsənli olduğunu göstərdi»
Müsavat başqanı İsa Qəmbərin də fikrincə, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin son aksiyası yüksək əhval-ruhiyyədə keçdi: «Cəmil Həsənlinin müdafiə mitinqləri həm say, həm də çoşqu etibarı ilə artan xətlə getdi. Milli Şuranın Bakıda keçirdiyi üç aksiyanı müzakirə edərkən bu qənaətə gəlmək olar. Heç bir namizəd Cəmil Həsənlinin keçirdiyi aksiyaların miqyası qədər görüş keçirə bilməyib. Bu da seçkilərin favoritinin Cəmil Həsənli olduğunu göstərir. Düşünürəm ki, bütün bu faktorlar Cəmil Həsənlinin seçkidə səs hesabı qalib gələcəyinin şəksiz olduğunu sübut edir».
Xəyal