Leyla Yunus: «Bu dəfə seçki saxtakarlığı «demokratiyaya doğru bir addım» kimi qiymətləndirilməyəcək»
Azərbaycan hakimiyyətinin antidemokratik siyasəti, seçkilərdə qanun pozuntularına yol verməsi və ölkədəki qeyri-şəffaf mühit zaman-zaman beynəlxalq hesabatlarda yer alır.
Bu cür tənqidi yazılar, kəskin hesabatlar seçki dövründə daha çox aktivləşir. Seçkiyə az müddət qalmış “Human Right Witch” təşkilatı Azərbaycan hakimiyyətini tənqid edən 100 səhifəlik hesabat dərc etdi, ATƏT-in müşahidə missiyası seçkilərlə bağlı yol verilən qanun pozuntularını faktlarla göstərərək aralıq hesabatını açıqladı, ABŞ-ın nüfuzlu “Bloomberq” nəşrində Azərbaycanla bağlı tənqidi materiallar dərc edildi.
Son olaraq isə BMT-nin 3 müstəqil eksperti Azərbaycan hökumətini prezident seçkiləri dövründə insan haqları müdafiəçilərinin işini etiraf etməyə və onların bu işinə imkanÿyaratmağa çağırıb. Insan haqları ekspertləri bildirirlər ki, onlar 2011-ci ildən “narahatedici qanunvericilik təmayülünü izləyirlər”. Bu qanunvericilik təmayülüÿ”vətəndaş cəmiyyətinə və insan haqları müdafiəçilərinə meydanı daraldır. Biz vətəndaşÿcəmiyyətini və müdafiəçiləri məhdudlşadıran və onları sınağa çəkən mühitdən çox narahatıq. Beynəlxalq insan haqları standartları ilə təşkil olunan bütün nümayişlərə icazə verilməli və şərait yaradılmalıdır. Dinc toplantılar gücdən istifadə və nümayişçilərin inzibati həbsi ilə qarşılaşmamalıdır, hətta belə toplantılar icazəsiz keçirilibsə belə”- deyə BMT-nin sərbəst toplaşma azadlığı üzrə eksperti Maina Kiai bildirir.
BMT-nin insan haqları müdafiəçililəri üzrə Xüsusi Hesabatçısı Marqaret Sekaggya isə hesab edir ki, “vətəndaş cəmiyyətinin və insan haqları müdafiəçilərinin öz fikirlərini ifadə etməkdə, öz haqlarını və azadlıqlarını tələb etməkdə dinc toplaşma haqqı güclü vasitədir”.
BMT-nin ifadə azadlığı üzrə xüsusi Hesabatçısı Frank La Rue isə jurnalistlərin sıxışdırılmasından, gözünün qorxudulmasından xüsusi narahat olduğunu bildirir.
Bütün bu tənqidi materialların indiki dövrdə yayılması nədən xəbər verir və bu beynəlxalq rəylər seçkiyə necə təsir göstərəcək”.
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, bu hesabatlar hakimiyyətin mahiyyətini əks etdirir və beynəlxalq aləmin seçkilərlə bağlı rəyinə təsir göstərəcək: “Artıq dünyanın tanınmış araşdırmaçıları, insan haqları təşkilatları Azərbaycandakı mövcud sistemin əməllərini aydın görür və ölkədəki korrupsiya faktlarını, seçki pozuntularını qeydə alaraq ictimailəşdirirlər. Bu tənqidi hesabatlar əsas verəcək ki, ”demokratiyaya doğru bir addım” ifadəsi işlədilməsin. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin əksəriyyəti Azərbaycan hakimiyyətinə işləyir və dünyaya ölkədəki vəziyyətin normal olduğunu çatdırırlar. Ancaq obyektiv araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbuslar var, seçki saxtakarlığı baş verir, korrupsiya tüğyan edir. Düzdür, Məzahir Pənahov yenə də ona deyilən rəqəmləri elan edəcək. Ancaq seçki nəticələri beynəlxalq aləmdə birmənalı qarşılanmayacaq. Seçkilərin kobud şəkildə saxtalaşdırılması Azərbaycan hakimiyyətinə ciddi problemlər yaradacaq”.
İlham Hüseyn