AXCP sədri Əli Kərimli Facebook səhifəsində Cəmil Həsənlinin seçicilərlə görüş mitinqi haqqında fikirlərini bölüşüb. Əli Kərimli həmçinin Cəmil Həsənlinin seçki platforması haqda bəzi məlumatlar da bildirib. AXCP sədrinin yazdıqlarını təqdim edirik:
Bu gün Milli Şuranın vahid namizədi Cəmil müəllimlə birlikdə Şəkidə idik. Bütün maneələrə baxmayaraq Cəmil müəllimin seçicilərlə görüş-mitinqi yüksək səviyyədə baş tutdu. Sabah isə Gəncə və Ağdaşda olacağıq. Cəmil Həsənlinin görüş-mitinqi Gəncədə saat 12:00-da C.Cabbarlı adına Dövlət Dram Teatrında, saat 15:00-da isə Ağdaş Rayonu Dövlət Humanitar Kollecinin idman meydançasında təşkil olunacaq. Həmin regionlarda olan seçiciləri görüş-mitinqlərə dəvət edirik! Cəmil Həsənlinin platforması ilə maraqlananlar üçün isə onun bəzi vacib məqamlarını təqdim edirəm.
Firavan həyat:
– Maaşlar, pensiyalar, müavinətlər, təqaüdlər 2-4 dəfə artırılacaq;
– Kredit faizləri 4-5 dəfə aşağı salınacaq, 5000 manata qədər kreditlər dövlət hesabına ödəniləcək. Daha iri həcmli kreditlərin ödənilməsində ciddi güzəştlər ediləcək;
– Qeyri-neft sektorunun inkişafı ilə 2 ilə 1 milyon yeni və real iş yeri yaradılacaq;
– Vergilər ciddi şəkildə azaldılacaq, gömrük rüsumları əksər məhsullar (o cümlədən avtomobillər) üçün ləğv olunacaq;
– Kənd təsərrüfatına subsidiyanı 5 dəfə artırmaqla güclü dəstək olacaq;
Gənclərimizə qayğı:
– İpoteka fondu 20 dəfə arırılmaqla hər bir gəncin ev almasına şərait yaradılacaq;
– Hər bir yeni doğulan uşağın ailəsinə 5000 manat müavinət veriləcək;
– Dövlət universitetlərində təhsil pulsuz olacaq;
– Qabaqcıl xarici universitetlərdə yer qazanmış bütün tələbələrin təhsili dövlət tərəfindən maliyyələşəcək;
Sabit və davamlı inkişaf:
– Dövlətin bütün resursları Qarabağın azad edilməsinə səfərbər olunacaq;
– Korrupsiya ilə qətiyyətli mübarizə aparılacaq;
– İnsan hüquq və azadlıqları təmin olunacaq;
– 2 il ərzində yeni və ədalətli parlament və prezident seçkiləri keçiriləcək;
– Müstəqil və peşəkar məhkəmələr formalaşdırılacaq;
– Orduya, digər dövlət orqanlarına ictimai nəzarət təmin ediləcək;