“Prezident şəxsən deyib, Elşad pulu gətirib qoysun stolun üstünə” VİDEO
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “azadlıqnews.tV” saytına mandat alveri ilə bağlı yeni videoyazı təqdim edib. E. Abdullayevin ofsində qeydə alınan videolentdə rektorla Türkiyədə dünyasını dəyişmiş Sevinc Babayevanın danışıqları öz əksini tapır. Söhbətin əvvəlində E.Abdullayev qeyd edir ki, deputatlıq məsələsinə görə onu ya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ya da Milli Məclisin sədri Oqtay Əsədov qəbul etməlidir:
E.A: – Sən qız uşağısan. Söhbət alınmasa sən ortalıqda qalmamalısan.
S.B: – İndi gedib danışıram, Oqtay səni qəbul eləsin.
S.Babayeva otağı tərk etmək istəyir.
E.A: – Hara tələsirsən? Otur burda. Sabah gedib danışarsan.
S.B: – Bu məsələ axşama həll olunmalıdır. Prezident axşama qədər vaxt qoyub.
E.A: – Prezident tapşırırsa Ramizə tapşırsın, Oqtaya niyə tapşırır ki?
S.B: – Kimə tapşırır? Ramizə tapşırır da. Ramiz çağırıb sənin başçını. Alını. (Alı Qocayev o zaman Binəqədi rayonunun icra başçısı vəzifəsində işləyib) Alıya deyib ki, Elşad beş yüz mini bu gün catdırmalıdır. Kimə çatdırır – çatdırsın.
E.A: – Alı mənə dedi. Dedim iki dəfə artıq çatdırmışam. Dedi ki, heç nə çatmayıb.
S.B: – O məsələni əvvəldən bilmir axı.
E.A: – Azərbaycanca söydü.
S.B: – Kimi söydü?
E.A: – İşi görənləri.
S.B: – Mənə nə var? Mən kiməm? Mənə deyirlər bunu elə eləyirəm. Gülər mənə deyir vəzifəyə gedirəm. İşim alınmasa sənin başına oyun acaram. Yaşamağa qoymaram səni. Mənə deyir ki, nazir işim həll olunan momentdə pəl vurursan mənə.
E.A: – Mən belə şey görməmişəm. Ölkənin generalı pul götürür qaçır.
S.B: – Sən düz danışmırsan bax. Sən mənə söz dedin. Getdim götürdüm qaytardım. Atmaq vaxtı getdi. Özü də onlar bilir ki, mən Mehriban xanımı, Nərgiz xanımı tanıyıram. Durub onlara deyerəm ki, bunlar mənim başıma oyun acırlar. Atmaq söhbəti yoxdur. Prezident özü şəxsən deyib Elşad pulu gətirib qoysun stolun üstünə. Bu gecə çatmalıdır. Ölsə də çatmalıdır. İlham deyib. Bunların təqsiri yoxdur. İlham deyib 3 almışam. Bir yarımla bağlayacam. Cünki keçən dəfədən qalıb.
E.A: – Bu işi Ramiz görürsə, Oqtaya niyə tapşırıblar? İnanmağım gəlmir.
Daha sonra tərəflər razılığa gəlir ki, E.Abdullayevi R.Mehdiyev qəbul edəcək.
Elşad Abdullayev itkin düşmüş qardaşı Mahir Abdullayevin işilə bağlı da yeni material yayıb. Bu, Əli Zəngilanski adlı şəxslə onun söhbətidir. Əli Zəngilanskinin adına Elşad Abdullayevin qardaşı ilə bağlı bundan əvvəl yaydığı materiallarda da rast gəlinir. Elşad Abdullayev bildirir ki, bu şəxs “Terrazini” ləqəbilə tanınır. Elşad Abdullayevin sözlərinə görə, bu şəxs adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvüdür. Eyni zamanda bir sıra hay-küylü qətllərin iştirakçısıdır. Bu sırada o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məmmədxan Rəsulovun zəhərlənməsini göstərib. Sabiq rektorun sözlərinə görə, dekan “Qurd Qapısı” restoranında zəhərlənib və bu işdə Əli Zəngilanskinin də rolu var.
Elşad Abdullayev bu şəxslə söhbətini əks etdirən video da yayıb. Həmin videoda Əli Zəngilanski 1 həftə ərzində Mahir Abdullayevin azad ediləcəyini bildirir. Qeyd edir ki, Mahir Abdullayevi ona Sumqayıtda təhvil verəcəklər. Onun sözlərinə görə, əməliyyatı həyata keçirmək üçün 5 min manat pul lazımdır. Bundan sonra Əli Bayramov iltizam yazaraq bildirir ki, Mahir Abdullayevi 1 həftə ərzində Elşad Abdullayevə təhvil verəcək və bunun müqabilində 5 min manat pul alıb. Əli Bayramov iltizamı imzalayaraq Elşad Abdullayevə verir. Elşad Abdullayev öz növbəsində Əli Bayramovun özünə şirinlik olaraq min manat, əməliyyatı həyata keçirən şəxslər üçün isə 5 min manat verir.
Dünənki audio faktda isə Əli Zəngilanski fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını hallandırır. O, bildirir ki, Mahir Abdullayev Kəmaləddin Heydərovun göstərişilə MTN-nin təcridxanasında saxlanılır. Elşad Abdullayev Əli Zəngilanskiyə “Kəmaləddin Heydərov ”KQB”nin naziridir ki?” sualını verir. O isə cavabında deyir: “Bəli. O, nazirdən də böyükdür. Böyük adamdır”.
Həmçinin Əli Zəngilanski telefonla naməlum şəxslə danışır. Ona deyir ki, Elşad Abdullayevdən “əmanəti” götürüb. Həmin şəxs isə bildirir ki, o zaman məsələ həllini tapacaq.