Mirvari Qəhrəmanlı: «Azərsu»nun fəaliyyəti 97-dən bu yana ciddi araşdırılmalıdır»
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Qorxmaz Hüseynovun “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsinə təyin edilməsindən sonra sözügedən dövlət strukturunun sabiq rəhbəri Nizaməddin Rzayevin həbs oluna biləcəyi barədə bir sıra məlumatlar yayılıb.
“Reytinq” qəzetinin 13 mart sayında gedən yazıya görə, artıq Baş Prokurorluq N.Rzayev barəsində ilkin araşdırmalara başlayıb. Qəzetin yazdığına görə, hətta “Azərsu” ilə bu və ya başqa formada işlər görmüş MMC rəhbərləri də prokurorluğa dəvət edilərək onlardan müəyyən məlumatlar toplanılır. Bəzi informasiyalara görə, Rövnəq Abdullayevin yaxın adamı olan Q.Hüseynov N.Rzayevin həbs olunması üçün bütün gücünü səfərbər edib. Və yaxın zamanlarda Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə N.Rzayev barəsində məlumatlar daxil olmalıdır.
“Azərsu”nun adının çəkilməsini istəməyən əməkdaşı isə qəzetə bildirib ki, N.Rzayevin dövründəki bütün mal-materiallardan tutmuş, görülən işlərə qədər köklü araşdırmalara başlanılıb. Bundan başqa, burada diqqət çəkən daha bir məqam N.Rzayevin parlamentin spikeri Oqtay Əsədovun yaxın adamı olmasıdır. Məhz N.Rzayev bir çox hallarda O.Əsədova güvənərək bəzi “əməliyatlara” əl atıb. “Azərsu”da hələlik elə bir ciddi kadr islahatı aparılmasa da, yaxın günlərdə bu istiqamətdə köklü addımların atılacağı istisna edilmir.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, “Azərsu”da ciddi araşdırmalar aparılmasına real zəmin var. Çünki ötən müddət ərzində bu qurumun reallaşdırdığı layihələrlə bağlı kifayət qədər müəmmalı məqamlar qalmaqdadır: “Məsələn, Oğuz-Qəbələ su kəmərinin reallaşmasını götürək. Külli miqdarda pulun xərclənməsinə baxmayaraq, ortada su yoxdur. Bundan başqa, kəmərin keçdiyi ərazilərdə yaşayan 3200 insana hələ də kompensasiya verilməyib. Su kəmərinin çəkilişində istifadə olunan boruların keyfiyyətinə gəlincə, onlar barədə məlumatlar ürəkaçan deyil”. Amma “Azərsu”dakı problemlərin yalnız N.Rzayevin fəaliyyətinin araşdırılması ilə bitirilməsini düzgün saymayan M.Qəhrəmanlı hesab edir ki, “Azərsu”nun fəaliyyəti 97-dən bəri araşdırılmalıdır. N.Rzayev barəsində Baş Prokurorluqda araşdırmanın başlaması barədə yayılan informasiyanın nə dərəcədə reallığa uyğun olduğunu dəqiqləşdirmək üçün sözügedən qurumla əlaqə saxladıq. Mətbuat xidmətindən bildirdilər ki, KIV-lərdə “Azərsu” barədə yayılan məlumat həqiqətə uyğun deyil. Və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsində N.Rzayev barəsində hər hansı araşdırma aparılmır.
Redaksiyamıza günün sonunda daxil olan məlumata görə, N.Rzayevin fəaliyyəti barəsində yeni rəhbərliyin geniş miqyaslı araşdırmalara başladığı istisna deyil.
Xəyal