Qalmaqallı debat YAP-ın icra katibi ilə «fövqəlnazir» üçün başağrısına çevrilib
İctimai Televiziyada qalmaqallı debatla bağlı yeni məlumatlar yayılıb. Xatırladaq ki, Azadlıq ötən saylarında bu debatın hakimiyyət daxilində ziddiyyətlərin kəskinləşməsinə səbəb olması barədə xəbər yaymışdı. Həmin xəbərdə deyilirdi ki, 2013-cü il prezident seçkisini keçirməyə məsul Paşayevlər qruplaşması Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi “Naxçıvan” klanının hədəfinə gəlib.
Hakimiyyətdəki “Naxçıvan” klanı hesab edir ki, həmin debatdakı qalmaqalı və Ilham Əliyevin ailəsinin hədəfə gəlməsini əks qrupun səriştəsizliyi kimi dəyərləndirib. Ramiz Mehdiyevin komandası bu məsələdə xüsusilə Paşayevlərin çətiri altına keçəndən sonra seçki prosesində əsas fiqurlardan birinə çevrilən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovu ittiham edir. Debatdan da görünür ki, Hafiz Hacıyev Əli Əhmədov tərəfindən idarə olunur. Məhz bu səbəbdən qalmaqalın birbaşa səbəbkarı Əli Əhmədov hesab olunur. Debatdan sonra YAP icra katibinin danlanıldığı bildirilir.
Növbəti debata Əli Əhmədovun gəlməməsi, onun YAP icra katibinin müavini Siyavuş Novruzovun əvəz etməsi də məlum qlamaqallı debatla izah edilir.
Bu arada məlumat almışıq ki, Əli Əhmədov ümumiyyətlə debatlara qatılmaya bilər. Çünki onun Milli Şuranın vahid namizədi Cəmil Həsənlini ifşa etmək üçün ortaya çıxardığı “faktlar” hakimiyyətin əleyhinə işləyib. “Reytinq” qəzeti də məlumat yayıb ki, Əli Əhmədov debatdan sonra iqtidarda arzuolunmaz şəxsə çevrilib.
Qəzet həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun də pis vəziyyətə düşdüyünü yazır. Məlumat üçün deyək ki, seçkinin keçirilməsində “fövqəlnazir”in də üzərinə məsuliyyət qoyulub. Qəzet yazdığına görə, Kəmaləddin Heydərovun rəqibləri hesab edirlər ki, “fövqəlnazir” müxalifət adı altında prosesə cəlb etdiyi “namizədlər” vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirlər. Əksinə, onların ciddi səhvləri üzündən iqtidar pis vəziyyətə düşüb.
“Azadlıq”a daxil olan məlumatlara görə, Kəmaləddin Heydərovun seçki prosesinin maliyyə yükünü üzərinə götürməklə yanaşı siyasi məsuliyyətin də altına girməsi səbəbsiz deyil. Ən çox narazılıq “fövqəlnazir”in nəzarətində olan rayonlardadır. Bu baxımdan Kəmaləddin Heydərov seçki prosesində maksimum şəkildə fəallıq göstərməyə çalışır. Lakin görünən odur ki, “fövqəlnazir” özünü daha da pis vəziyyətə salıb.
Azad