«10 dəqiqə bəs etdi ki, Ilham Əliyevin 10 illik hakimiyyətinin daşı daş üstə qalmasın»
Cəmil Həsənli: «Fərhad Əliyevin həbsindən əvvəl onun yanına sonuncu girən YAP-ın icra katibi Əli Əhmədov olub»
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Ictimai Televiziyadakı çıxışları cəmiyyətdə böyük maraqla qarşılanır. Hərçənd, çıxışlar üçün ayrılan vaxtın azlığı, eləcə də debatlar zamanı digər namizədlərin ona hücum etməklə qalmaqal yaratması Cəmil Həsənlinin öz fikirlərini seçicilərə geniş şəkildə çatdırmasına imkan vermir. Cəmil Həsənli ilə budəfəki müsahibəmizə ilk 3 debatla bağlı təəssüratını soruşmaqla başladıq:
“Hakimiyyət o qədər çirkabın içindədir ki…”
– Hakimiyyət birinci debatdan sonra revanş götürdü və elə bildi ki, məni susdura biləcək. Gördüyünüz kimi, bu, mümkün olmadı. 10 dəqiqə bəs etdi ki, Ilham Əliyevin 10 illik hakimiyyətinin daşını daş üstə qoymayım. Hakimiyyət o qədər çirkabın içindədir ki, 6 dəqiqəlik dözümü belə qalmayıb.
Bu debatlar göstərdi ki, bunlar televiziyaları niyə total nəzarətdə saxlayırlar. Ilham Əliyev rejimini tarixin arxivinə göndərmək üçün onun əməlləri haqqında bircə aylıq televiziya proqramları yetərlidir. Bu hakimiyyəti yalnız totalitar üsullarla saxlamaq olar və məsələ indi o qədər dərinləşib ki, bu da yaramır.
“Hakimiyyət hələ də şokdadır”
– Ilk debatlardan sonra hansı qənaətə gəldiniz, seçdiyiniz taktika doğrudurmu?
– Biz öz seçki strategiyamızla hakimiyyətə bir seçki həyəcanı yaşatdıq və hakimiyyət hələ də bu şokun içindədir. Bilirsiniz, hakimiyyətin ənənəvi seçki strategiyası özünü doğrultmadı. Bunlar bizim qarşımıza çox zəif bir komanda ilə çıxdılar. Bunlar seçki imitasiyası yaratmaq istəyirdilər, amma biz onları gerçək seçki mübarizəsinə çəkdik və bu mübarizədə kimin kim olduğu göründü. Sonuncu debatda ondan əvvəlkilə müqayisədə geri çəkilmə hallarının müşahidə olunması da bununla bağlı idi. Biz hakimiyyətin siyasi texnoloqlarının milyonlar hesabına başa gələn seçki strategiyasının yararsızlığını ortaya qoyduq. Faktiki olaraq, YAP-ın ikinci adamı və Ilham Əliyevin seçki qərargahının rəhbəri Əli Əhmədovun necə biabırçı şəkildə meydanı tərk etməsi bunun aydın təzahürüdür. Bunlar səhv olaraq elə bilirdilər ki, Hafiz, Qüdrət, Zahid, Araz və ya bir başqası nəsə deyəcək və mən onlara cavab verəcəyəm. Bu hakimiyyətin çox ciddi səhvi idi.
“Dediklərimi dananların yaddaş və ya eşitmə problemi var”
– Yeri gəlmişkən, çıxışlar zamanı ünvanınıza deyilən ittihamlara münasibətinizi bilmək istərdik…
– Bunların əsas tezisi nədir? Niyə mən Milli Məclisdə olanda danışmırdım, indi danışıram. Zahid və ya Qüdrət Məclisdə mənim iki-üç metrliyimdə oturublar və nə danışdıqlarımı da yaxşı bilirlər. Məsələn, mən Milli Məclisdəki çıxışlarımın birində demişəm ki, Ilham Əliyev respublikanı bürümüş korrupsiyaya qarşı öz münasibətini bildirməlidir, bildirmirsə, deməli, özü də bunun içindədir. Sonralar faktlar açılanda məlum oldu ki, nəinki içindədir, hətta bu prosesin başında dayanır. Yaxud, mənə qarşı azacıq təhqirə yol vermiş, ailənin Züllüllahı hesab edilən Cəlal Əliyevi 2005-ci ilin iyun ayında elə ifşa etdim ki, nə o, nə də onun dəmtutanları cavab qaytara bildilər. Hökumətin oğru və korrupsioner olması, Qarabağ məsələsilə bağlı yarıtmaz siyasət yürütməsi, xalqın əzilməsi, neft haqqında, diffamasiya haqqında qanunun qəbulu kimi məsələlərdə mənim çox kəskin çıxışlarım olub. Onların bəziləri saytlarda da qoyulub. Əgər onlar bunu danırlarsa, ya yaddaş, ya da eşitmə orqanlarında problemləri var.
“Əli Əhmədov universitetə gəlmir, kafedra müdiri kimi maaş alır”
– Əli Əhmədovun sizə qarşı “ifşaedici” sənədindən nə xəbər?
– O sənəd elə Əli Əhmədovun özü kimi, vəkili olduğu prezidentliyə namizəd Ilham Əliyev kimi hamının gözü qarşısında ifşa olundu. Bunlar başa düşmürlər ki, çirkab içində oturub təmiz adamlara çamur atmaq heç bir effekt vermir. Bunlar o məsələdən yapışdılar ki, həmin məsələdə boğaza gədər çirkabın və kriminalın içindədilər. Əli Əhmədov 10 ildən çoxdur Bakı Dövlət Universitetində kafedra müdiri kimi əməkhaqqı alır. Bu 10 ildə 10 dəfə universitetin qapısından içəri giribmi? Bircə nəfər tələbə göstərsin ki, bu 10 ildə onu auditoriyada görüb? Bunlar böyüklü-kiçikli haramxorluğa öyrəniblər. Nəfəs aldıqları hava da haramdır. YAP anti-milli partiyadır və son illərdə aşkarlanan bütün korrupsiya faktları YAP üzvlərilə bağlıdır. Baxın, mandat alveri qalmaqalında rüşvət verən də, rüşvət alan da YAP üzvüdür. Belə hallar minlərlədir və onlar buna cavab verməlidir.
Bunlar vəziyyəti elə həddə gətirib çıxarıblar ki, imza kampaniyasında xeyli YAP-çı mənə imza verdi və səs də verəcəklər. Öz sıravi partiya üzvləri də bunların əməllərindən beziblər.
“Əliyevin debata gəlmək potensialı yoxdur”
– Məlum qalmaqaldan sonrakı debata Ilham Əliyevin Səyavuş Novruzovu göndərməsini necə qiymətləndirirsiz?
– Ilham Əliyevin özünün debata gəlmək potensialı yoxdur və gələ də bilməz. Göndərdiyi adamlar isə intellektual baxımdan çox aşağı səviyyəli adamlardır. Heç bir normal rejimdə bu adamlar deputat ola, cəmiyyətin idarə olunmasında iştirak edə bilməzlər. Bunlar Ilham Əliyevin kriminal rejimini müdafiə etməyə məhkumdular. Çünki belə yararsız adamları heç bir normal hakimiyyət yuxarı başa keçirməz. Taleyin böyük istehzasıdır ki, Azərbaycanda kimin ziyalı olub-olmadığını Səyavuş Novruzov müəyyən edir. Ən yaxşı halda, bu adamlar öz kəndlərində “uçastkovı” olmaq səviyyəsində adamlardır. Lakin Azərbaycanda aparılan siyasətin eybəcirliyi, hakimiyyətin konstitusion əsaslarla deyil, kriminal qaydalarla idarə olunması belə adamları gətirib səhnəyə çıxarıb.
Səyavuş Novruzov Bakı Dövlət Universitetində qiyabi təhsil alanda 8 adam tapşırandan sonra 4-cü göndərişdə (“napravleni”) zorla bir dənə “3″ alıb.
Mən gəlirlərim və mülkiyyətim barədə Seçki Komissiyasına şəffaf bir bəyannamə təqdim etmişəm, özümün və həyat yoldaşımın nəyi var, orada göstərmişəm. Bu qanunun tələbidir. Indi bunların qarşısına konkret faktlar qoyuram ki, Ilham Əliyev seçki qanunu və konstitusiyanı pozub. Bir prezident, eyni zamanda, prezidentliyə namizəd kimi, onun və ailəsinin həyatı, gəlirləri, mülkiyyəti şəffaf olmalıdır. MSK bütün namizədlərin, o cümlədən Ilham Əliyevin də gəlirləri və mülkiyyəti haqqında verdiyi bəyannaməni ictimaiyyətə açıqlamalıdır. Azərbaycan qanunvericiliyinə görə, nikah müddətində ər və arvadın gəlirləri, əldə olunan mülkiyyət onların birgə gəliri və əmlakı sayılır. Sadəcə, Ilham Əliyev MSK-ya gəlirləri haqqında düzgün bəyannamə verməyib və MSK da bunu ictimaiyyətdən gizlədir. Təkcə bu fakt onun namizədliyinin ləğvi üçün kifayətdir. Buna cavab vermək lazımdır. Yoxsa, Əli Əhmədov və ya Səyavuş Novruzov gəlib debatda boş-boş danışır, mənim guya, kiminsə yanına girib çıxmağım, hansısa mülkiyyəti mənimsəməyim barədə nağıl danışırlar. Fərhad Əliyev həbs olunmamışdan əvvəl onun yanına sonuncu girən YAP-ın icra katibi Əli Əhmədov olub. Nə üçün girib, kimin tərəfindən ora göndərilib, oradan nə ilə çıxıb – bütün bunların hamısı Fərhad Əliyevlə bağlı istintaqın məhkəmə araşdırmasına çıxarılmayan hissəsində var və istəsələr, gedib tanış ola bilərlər.
Bilirsiniz, bu bədbəxtlər nəyə əl atırlarsa, cavablar bumeranq kimi onların özlərinə qayıdır.
– Yeri gəlmişkən, Səyavuş Novruzov sonuncu debatda belə bir fikir səsləndirdi ki, Fərhad Əliyev nazir işləyəndə Siz universitetdən çox onun kabinetində olmusunuz…
(Ardı var)
Aytən Məmmədova