yaxud doqquzluğa vurulan zərbə
Biz bu ölkədə illərdir hakimiyyətin mahiyyətindən danışırıq, mübariz insanlar bu rejimin antiinsani rejim olduğunu faktlarla sübuta yetirir. Ancaq hakimiyyət 20 ildir həqiqətləri yalanın “boxça”sında gizlətməyə çalışır.
Prezidentliyə namizədlərin ITV-dəki 2 teledebatı 20 illik yalan təbliğatın 6 dəqiqəlik həqiqətə yenilməsi idi. Biz bu debatlarda şahid olduq ki, həqiqət 20 il geciksə də, bir an zühur etməsi yetərlidir ki, yalana cəhənnəm əzabı yaşatsın.
Namizədlərin teledebatı təkcə yalanları ifşa etmədi, həm də 20 il meydan sulayan rejimin müdəfiəçilərinin kimlərdən ibarət olduğunu göstərdi. Məlum oldu ki, Cəmil Həsənlinin “zərbə”lərindən Ilham Əliyevi müdafiə edən “boksçu” Hafiz Hacıyevdir. Hafiz Hacıyevə ehtiyac duymaqdan böyük məğlubiyyət ola bilərmi? Əslində, Hafiz Hacıyevin teledebatdakı rolu, rejimin ümumiləşmiş obrazı idi. Bəlkə də Hafiz Hacıyev siyasətlə yox, aktyorluqla məşğul olsaydı, Ilham Əliyev ona çoxdan “Şərəf” ordeni verərdi.
Namizədlərin teledebatı həm də onu aydınlaşdırdı ki, 10 nəfərin hamısı prezident olmaq üçün namizəd olmayıb. Bəziləri müxalifəti şərləmək üçün, bəziləri süni qarşıdurma yaratmaq üçün, bəziləri isə, demokratiya görüntüsü yaratmaq məqsədilə namizəd olub.
5-ci sinifə qədər oxumuş uşaq da anlayır ki, bu onluqda elə adamlar var ki, 10 nəfərin imzasını ala bilməz. Ancaq 40000 “imza” toplayıb.
Cəmil Həsənli ortaya qoyduğu faktlarla, hakimiyyəti tam ifşa etməklə “doqquzluğa” vurdu. Ilham Əliyevə vəkillik edən “namizəd”lər isə, “doqquzluğa” vurulmuş zərbəni “qapı”dan çıxara bilmədi.
Bəli, bu debatda rejim “ağ bayraq” qaldırmışdı. Hafiz Hacıyevin Cəmil Həsənliyə atdığı qab da bu bayrağın əlaməti idi.
Keçmiş cəbhəçi, indi böyük Azərbaycan cəbhəçisi olub, hakimiyyət cəbhəsindən “tir tüfəngi” ilə müxalifətə atəş açan Qüdrət Həsənquliyevin platforması isə, bütün tamaşaçıları heyran qoydu. Hamı anladı ki, bu adamın namizəd olmaqda məqsədi Mili Şuranın qəbul etdiyi sənədləri təftiş etməkdən ibarətdir və bu adam Əli Əhmədova “fakt”larla kömək etmək tapşırığı alıb.
Korrupsioner, oğru bir rejimi təmsil etmək, bütün mənəviyyat libasından çıxıb şərin libasını geyinməyi qəbul etməkdi. Hətta 6 dəqiqə müddətində xalqa ünvanlamağa söz tapmayan, əvəzində ləyaqətli bir ziyalını aşağılamağa cəhd edən “namizəd” yalnız əbədi lənətlənməyə namizəd ola bilər.
Mən namizədlərin televiziya çıxışlarına baxanda yalnız bir şey haqqında düşünürüdüm və özümə sual edirdim. Bu adamlar axşam evə qayıdanda, həyat yoldaşlarının, övladlarının, qonşularının üzünə necə çıxır, gecələr necə rahat yata bilir, övladına niyə utanc duyacağı ata nümunəsin göstərir?
Cəmil Həsənliyə ona görə səs verməliyik ki, cəmiyyətdə belə nümunələr olmasın, ziyanlılar ziyalıları təhqir etməsin, başı mədəsində, vicdanı cibində olanlar bizə başçılıq etməsin.
Cəmil Həsənli ITV-dəki teledebatda həm də sübut etdi ki, 9-un üstünə 1 gələndə həmişə 10 etmir. Bəzən, 1-in möhtəşəmliyi, 9-u öz istisində əridə bilir.
Bəli, siyasi əxlaq, ləyaqətli siyasi mübarizə, dəqiq elm olan riyaziyyatı da fakt qarşısında qoyur. 10-dan 9-u çıxanda 1 etdiyi kimi, 9-un üstünə 1 gələndə də 1 edə bilir.
Azərbaycan xalqı Cəmil Həsənlinin timsalında əsl namizədin, əsl prezidentin, əsl ziyalının kim olduğunu gördü.
Hamı növbəti teledebatı gözləyir. Daha doğrusu, növbəti teledebatın sonuncu çıxışçısını gözləyir.
Cəmil Həsənli 9 oktyabra 20 gün qalmış qələbə qazandı.