Ilham Əliyev hakimiyyətinin əsl simasını Bakı bulvarına gətirilən və indi Xəzərdə üzən böyük ördəkdən yaxşı heç nə aça bilməz. Yəqin bilməyən yoxdur, danimarkalı rəssam Florentin Hofmanın hazırladığı, hündürlüyü 16 metrdən çox olan rezin ördək bir ay paytaxtımızda qalacaq. Yəni seçki boyu. Yəqin bir xeyli vəsait də xərclənəcək buna.
Hərçənd adamların dərman pulu tapmadığı ölkədə o pullar da adamı yandırmalıdır, amma mən ördəyə xərclənən pulları bir yana qoyuram, heç ördəyi də pisləmək istəmirəm. Gözəldir, şirindir, ya nə bilim kimdəsə nəsə maraqlı hisslər doğurur – bu da öz yerində…
Amma nə vaxtacan bizi bu ördəklərlə aldadacaqlar? Ölkənin sərvətlərini talayıb, ən gözəl ölkələrdə mülklərə sahib olub, Azərbaycanı öz aralarında bölüşdürüb, varlanıb, hallanıb, dövləti özlərinin biznes obyektinə, xalqı özlərinin qazanc subyektinə çevirən bu adamlar bizi bu qədər axmaq sayır?
Lap da sabah Mono Lizanı gətirin, biz də gedək əlimizi Cakondanın yarım metrliyində fırladaq. Nə olsun? Inkişaf budur?
Bir dəqiqə dayanın, Azərbaycan xalqı bilir ki, o yekə ördəyə tamaşa etmək də yaxşıdır, Cakondaya yaxından baxmaq da. Amma niyə özünüz yaxşı şeylərdən varı, mülkü, qızılı, brilyantı, bağı, dağı qamarlayıb, xalqı isə ördəklə, mürəbbə festivalı, plov bayramı ilə ovundurmaq istəyirsiniz? Bəs onun yaxşı güzəranı, bəs onun ədalətli həyatı, doğru məhkəməsi, dürüst dövlət qurumları hanı?
O ördəyin vətənində, Mono Lizanın yarandığı və qorunduğu ölkələrdə arayışı xalqa pulla versələr, gəlib o ördəyə baxarmı? Bəlkə, “sağ ol” deyər onu gətirən hökumətə? Nəhayətdə, polis çavuşunu görəndə qorxu və narahatlıq hissi keçirən adamlarımız o ördəyə baxıb xoşbəxtmi olacaq? Yaltaqlıqla uğur qazanmağın dayağına çevrildiyi ölkədə ördəyin estetik rolu nədir?
Məncə, hazırda o ördəyin estetik dəyəri yox, siyasi mənası var. O ördəyin kiçiklərini biz uşaqlarımıza oyuncaq kimi alırıq, hakimiyyət də o ördəyi xalqa oyuncaq gətirib. Ona görə də biz o ördəyə bir siyasi simvol kimi baxmalıyıq. Hiyləgər siyasəti açan simvol kimi. Ölkəni talayırlar, Azərbaycanı ədalətsizliyin caynağına veriblər, bizi də orda-burda 5 qat baha başa gələn abadlıqlarla, bulvardakı qərib ağaclarla, danqabaş binalarla, Eurovizonla və ördəklə aldadırlar…
Lap da Bakı bulvarına qızıldan zibil qabları qoyun. Nə olsun? Həyat dəyişəcəkmi?
Bu qədər məktəb tikdiniz, təmir etdiniz, təhsil dəyişdimi?
Bu qədər xəstəxana açırsınız, köklü təmir etdirirsiniz, müasir tibbi avadanlıqlar gətirirsiniz. Xalq ki gözünü Iran xəstəxanalarına dikib. Ilham Əliyev Cənub bölgəsində təmir olunmuş xəstəxananı gəzərkən, tanınmış yazar Zamin Hacı sual qoymuşdu: gedib Irandakı xəstəxanaları niyə təmir etdirmirsiniz? Xalqımız ki, Iran xəstəxanalarına gedir.
Bulvarı döyəcləyən nefti iyi gələn sularda üzən nəhəng sarı ördək həqiqətin simvollarından biri kimi üzür. Sadə bir həqiqətin: özlərinə böyük pullar, xalqa da böyük ördək!
Bu sözləri isə dünən Facebook-da oxudum: “Binaları və küçələri bəzəməklə, səmaya fişəng buraxmaqla iş bitmir. Insanlara bir az diqqət yetir. Bəlkə bir təqaüdçü xanımın ürəyindən keyfiyyətli bir dodaq boyası keçir? Bəlkə bir yaşlı kişinin könlündən keyfiyyətli bir ülgüc və təraşdan sonra istifadə edəcəyi bir ətir keçir? Hamısı sənəmi qalmalıdır? Qalanları insan deyilmi?”.