Hərbi texnikanın sayına və gücünə görə bu ölkə rəqiblərinə uduzur
Rusiyada keçirilən sorğu əhalinin əsas təhlükəni hardan gözlədiyini ortaya çıxarıb. Məlum olub ki, rusların 35%-i ölkələri üçün əsas təhlükəni digər millətlərdə, 33%-i mədəniyyət, elm və təhsilin səviyyəsinin aşağı düşməsində, 28%-i ekoloji qəzalarda, 24%-i hakimiyyətdəki parçalanmada, 23%-i doğum sayının aşağı düşməsində, 22%-i isə həyat səviyyəsinin kəskin aşağı düşməsində görür. Ancaq maraqlıdır ki, sorğuda iştirak edənlərin heç biri xarici təhlükədən qorxmur. Rusiyalı eksertlər isə bu ambisiyaların hərbi gücə uyğun gəlmədiyini iddia edir. Belə ki, özünü super güc hesab edən Rusiyanın hərbi imkanları əsas rəqibi olan ABŞ-dan xeydi azdır.
Müqayisə üçün göstərmək olar ki, Uzaq Şərqdə Rusiyanın cəmi 5 atom sualtı qayığı varsa, ABŞ və Yaponiyanın birlikdə 29 atom sualtı qayığı, Rusiyanın 7 dizel sualtı qayığına qarşı isə ABŞ və Yaponiyanın 19 dizel sualtı qayığı var. Rusiyanın 1 kreyseri və 1 eskadra mina gəmisi, ABŞ-la Yaponiyanın 12 kreyseri və 64 eskadra mina gəmisi mövcuddur. Raket katerlərinin sayı Rusiyada 4, ABŞ və Yaponiyada isə 9-dur. Bu iki ölkənin 6 təyyarə gəmisi, 1 yüngül təyyarə gəmisi, 4 vertolyot daşıyan eskadra mina gəmisi, 21 keşikçi hərbi gəmisi, 24 desant gəmisi olsa da, Rusiyada bunların heç birindən yoxdur. Daha doğrusu, Rusiyanın yeganə təyyarə gəmisi rusların öz sözləri ilə desək, yarıhazır vəziyyətdədir. Rusiyanın cəmi 1 minatutan gəmisinə qarşı ABŞ və Yaponiyanın 24 belə gəmisi var.ÿ
Rusiya Çinlə də müqayisədə xeyli geri qalır. Rusiyanın 600 tankına qarşı Çinin 6 min tankı, 1800 PDM və BTM-ə qarşı 6 min bu növ hərbi texnikası var. Topların sayına gəldikdə, Rusiyada 900, Çində isə 10 mindir. Rus qoşularının sərəncamında 300 minaatan olduğa halda Çin ordusunda 10 min minaatan var. Təyyarələrin sayı ruslarda 330, Çində isə 1500-dür. Zərbə vertolyotlarının da sayında fərq böyükdür, Rusiyada 30, Çində isə 1000 belə vertolyot var.
Qərbdə və Şimal-Qərbdə qüvvələrin balansı Rusiyanın xeyrinə deyil.
Məsələn, Avropada ABŞ və NATO-nun 2 ordusu olduğu halda Rusiyanın Qərbdə və Şimal-Qərbdə ordusu, ümumiyyətlə, yoxdur. ABŞ və müttəfiqlərinin 23 diviziyasına qarşı Rusiyanın 3 diviziyası 84 briqada və bir o qədər də alayına qarşı 5 briqadası və 4 alayı var. ABŞ və NATO-nun tanklarının sayı 10 min, Rusiyanın isə 510-dur. Qərb qüvvələrinin 18 min 990 topuna qarşı rusların cəmi 1200 topu var. ABŞ və NATO-nun 543 gəmisinə qarşı Rusiya cəmi 88 gəmi çıxara bilər, Rusiyanın qanadlı raketi olmadığı halda qarşı tərəfdə qanadsız raketlərin sayı 2500-dür. ABŞ və müttəfiqlərinin təyyarələrinin sayı 3862 olsa da, Rusiyada 200-dən azdır.
Belə qüvvələr nisbəti ilə Rusiya bəzən ABŞ və NATO-ya buynuz göstərməyə çalışır. Ancaq hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiyanın nüvə silahı işlətməmək şərti ilə hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil.
Müharibədən söz düşmüşkən, dünyanın diqqət mərkəzində olan Suriyaya ABŞ-ın zərbələr endirəcəyi də istisna edilmir. Bu ölkənin əsas silah təchizatçısı isə məhz Rusiyadır. Son ana qədər Bəşər Əsədin müdafiəsində dayanan Moskva Suriyaya zərbələrin endirilməsinin qarşısını almağa çalışır. Buna nə dərəcədə nail olub-olmayacağını yaxın zaman göstərəcək. Bəs müharibə başlayacağı təqdirdə Bəşər Əsədin Rusiyadan aldığı silahlar onun köməyinə çatacaqmı?
Rusiyanın silahlandırdığı Suriya da bu sahədə gücsüzdür
Hücum olacağı təqdirdə ABŞ gəmilərinə qarşı hücuma keçmək nəticəsiz qalacaq. Çünki Suriya donanması güclü deyil. Bu ölkənin donanması cəmi bir mühafizə gəmisi, ötən əsrin 60-cı illərində istehsal edilən 8 P-15 gəmiəleyhinə raketlərin yerləşdirildiyi “Moskit” raket katerdən ibarətdir. Quru qonşuları gəldikdə, 1963-cü il istehsalı olan 4 “Redut” və 6 P-15 gəmi əleyhinə raket kompleksləri də çətin ki, problem yarada bilsin. Bununla belə Suriyanın iki divizion müasir “Yaxont” (komplekt – 72 raket) gəmi əleyhinə raketləri var. Bu raketlərin maksimal uçun məsafəsi 300 km-ə qədərdir. Ancaq bu da böyük məsafə sayılmır və ABŞ qüvvələri Suriyanı onun raketləri çata biləcək ərazidən xeyli aralıdan hədəfə ala bilər. Başqa sözlə, Dəməşqin raket hücumunu, yaxud hava zərbələrinin qarşısını almaq imkanları yoxdur. Suriya Hərbi-Hava Qüvvələrinin də imkanları nikbinlik üçün əsas vermir. 80-ci illərin sonundan bəri bu ölkə yeni hərbi təyyarə almayıb. Suriya qırıcı aviasiyası 19 Miq-29, 11 Miq-25, 60-100 Miq-23 təyyarələrindən ibarətdir. Ehtiyat hissələrin çatışmazlığı isə uçuşların sayının kəskin azalmasına səbəb olub. Suriya pilotlarının illik uçuş saatı 30-u keçmir. Müqayisə üçün deyək ki, 1991-ci ildə Iraq Hərbi-Hava Qüvvələrinə 41 Miq-29, 33 Miq-25, 123 Miq-23, 208 Miq-21, 75 Mirac F.1 təyyarələri məxsus idi.
Suriya hərbi qüvvələri nəinki ABŞ, Türkiyə və Israildən də xeyli geri qalır.
Israil hərbi aviasiyası 72 ağır F-15 qırıcı, 25 F-151 qırıcı-bombardımançı, 260 yüngül F-16 qırıcı, 102 çoxhədəfli yüngül F-161 qırıcı-bombardmançı təyyarədən ibarətdir. Başqa sözlə, Israil hərbi təyyarələrinin sayı Suriya təyyarələrindən 20 dəfədən də çoxdur. Türkiyənin isə 168 F-16, 124 “Fantom” F.4, 26 “Tayqer” F.5 təyyarələri var.
Hava Hücumundan Müdafiə sisteminə gəldikdə, Suriya effektivlik səviyyəsi aşağı olan sovet istehsalı olan 22 yerüstü radara sahibdir. Bu sistemlər zərbəyə iki dəqiqə qalmış 60 metr hündürluyündə uçan “Tomaqavk”ları aşkarlamaq gücündədir. RLS-lərə gəldikdə, yarıdan çoxunun təmirə ehtiyacı duyulur.
Ümumilikdə Suriyanın HHM sistemləri 1991-ci ildə Iraqın imkanlarından xeyli zəifdir. Sovet istehsalı olan hava hücumundan müdafiə sistemləri ABŞ və Israilin mümkün hücumları qarşısında tamamilə acizdir. Bunu Liviyadakı hərbi əməliyyatlar da göstərdi.
Suriyanın müasir zenit kompleksləri də məhdud saydadır.
Tərifli S-300 raketləri də təcrübədə super silah hesab olunmur. Başqa sözlə, Suriyanın hava hücumunun qarşısında dayanmaq imkanları olduqca məhduddur.
Quru qoşunlarına gəldikdə, Suriya ordusunun sərəncamında 4750-4950 tank, o cümlədən 1500-1700 nisbətən müasir T-72 tankları (“Səhrada tufan” əməliyyatı ərəfəsində Iraq ordusunda 1100 bu tip tank var idi) və təxminən 1500 top var. Suriya quru qoşunları imkanlarına görə Türkiyə quru qoşunlarından az fərqlənir. Ancaq havada Türkiyənin əhəmiyyətli üstünlüyü Suriyanın qonşusu ilə toqquşma baş verəcəyi təqdirdə şanslarını heçə endirir.
Müqayisə göstərir ki, Suriya və özünü ona dayaq hesab edən Rusiyanın hərbi qüvvələri ABŞ və müttəfiqlərinin qüvvələrindən müqayisəolunmaz dərəcədə zəifdir. Bu da Rusiyanın Aralıq dənizinin şərqində imkanlarını məhdudlaşdırır. Çünki Rusiya hərbi donanması ABŞ donanması qarşısında acizdir. Suriya ordusunu müharibəyə hazır vəziyyətə gətirmək üçün isə bir neçə il vaxt tələb olunur. Rusiyanın isə Dəməşq üçün indi etdiyindən artıq nəsə etməsi artıq mümkün deyil. Buna Moskvanın texniki imkanları çatmır. Hələlik Rusiyanın özü də postsovet məkanından kənarda hərbi əməliyyatlara hazır deyil.
Fizzə