Yerli hakimiyyət Şəkidə «Azadlıq» qəzetinin satışına qadağa qoyub
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin həbsi ilə bağlı dünən Şəkidə fəaliyyət göstərən müxalifət partiyalarının yerli təşkilatları birgə bəyanatla çıxış ediblər. Bəyanat müəllifləri son parlament seçkisində “AXCP-Müsavat” blokundan deputatlığa namizəd olmuş S.Kərimlinin barəsində 5 gün azadlıqdan məhrumetmə cəzasının seçilməsini ədalətsiz sayır:
“Biz müxalifət partiyaları olaraq hüquq-mühafizə orqanlarının bu qanunsuz və antikonstitusion hərəkətlərini qətiyyətlə pisləyirik. Qeyd etmək istəyirik ki, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Buna görə də biz hüquq-mühafizə orqanlarını Konstitusiyanın bu maddəsinin tələblərindən irəli gələn vəzifələrə sayğı ilə yanaşmağı və qanunsuz həbslərə son qoymağı dəvət edirik”. Bəyanatı AXCP, AMDP, AMIP, ADP, Müsavat və Ümid Partiyalarının yerli təşkilatları imzalayıblar.
Onu da qeyd edək ki, Şəkidəki qanunsuzluqlar martın 11-də S.Kərimlinin qondarma ittihamlarla həbsi ilə yekunlaşmır. Redaksiyamıza daxil olan məlumatlara görə, dünən səhərdən başlayaraq Şəki şəhərində səyyar qəzet satanlara polis təzyiqləri başlayıb. Onların qəzet satmasının qarşısını zorakı yolla alan polis əməkdaşlarının icra hakimiyyətinin göstərişi ilə hərəkət etdiyi bildirilir. Bundan başqa, Şəki sakinləri dünən, həmçinin “Azadlıq” qəzetini köşklərdən almaqdan da məhrum ediliblər. Belə ki, qəzetimizin səhər tezdən köşklərə gətirilməsinə icazə verilməyib və Şəkiyə gətirilən qəzetlər icra hakimiyyətinin göstərişi ilə yığılıb.
Məsələyə münasibət bildirən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid dedi ki, Şəkidə qəzetimizin köşklərə buraxılmamasının səbəbləri ciddi araşdırılacaq. “Bu, azad sözə qarşı növbəti bir basqıdır. Əgər bu kimi tədbirlər davamlı olarsa, qəzet rəhbərliyi olaraq müvafiq addımlar atacağıq”.
Xəyal