Doğruları, yalanları bağışla,
Bu dünyada qalanları bağışla…
***
Yazı-pozularımdan mənə heç nə deməzdi. Əvvəllər elə bilirdim xəbəri olmur, sonralar hamısını bircə-bircə, bəlkə də ləzzətlə oxuduğunu öyrənirdim. Hətta arada kefi yaxşı olanda “fenomen”-filan da deyərmiş. Pis-yaxşı qələmimi bəyənənlər olsa da, gözüm-qulağım həmişə onda olardı ki, bəlkə özümə də bir söz deyə. Demədikcə inciyirdim, küsürdüm. Çünki doğulduğumuz bapbalaca Məmmədağalı kəndində dünyanın ədəbi fikirlərini beynimə özü yükləmişdi. Qolumdan tutub “orbitimdən” çıxardandan sonra məni görməməzliyə qoymasını heç cür anlaya bilmirdim.
Ümumiyyətlə, ədəbiyyatın, əsasən də Fransız ədəbiyyatının gözəl bilicisiydi. Təxminən on yaşımda “Səfillər”in demək olar ki, bütün fəsillərinin yerini əzbərləmişdim. Evimizin arxasına çəkilib Qavroş “öləndə” o qədər ağlamışdım ki, bir neçə gün gözlərimin qızartısı getmədi. Yerim az olduğuna görə onun keçdiyi ədəbi məktəbdən çox danışa bilmirəm. Həm də mövzum Bayram Ağayevin özüdür. Ölümüylə sevgisi, sayğısı təkrar doğulan əziz, istəkli qardaşım…
O mənim sözün bütün mənalarında böyük qardaşımdı. Amma nə yazıqlar ki, böyük filoloq alimin o böyüklüyünü yaxın və uzaq ətrafında çox az kimsələr duyurdu. Dünyanın sovet vaxtı xaricə adi turist səfərinə gedənləri barmaqla göstərirdilər, Bayram müəllim o zamanlar yeddi il Əlcəzairdə tərcüməçi işləmişdi. Həm də ikinci möhlətə o qədər də getmək istəmirdi. Nəsə anamı itirəcəyindən qorxurdu, gedəndə canı, ürəyi kənddə qalmışdı. Odur ki, ona gedən bütün məktublarda anamın o vaxtlar anlamadığımız latın qrafikasıyla bir-iki cümləsi olurdu. Atam onun idealıydı, dünyadan da təxminən eyni yaşda vaxtsız getdilər.
Duyğu dolu azad, kövrək və güclü adamdı. Vəzifə, şöhrət ondan ötrü dünyanın ən mənasız şeyləriydi. Ömrünün sonuna qədər cəmi bir iş yeri oldu – Elmlər Akademiyasının Ədəbiyyat Institutu. Bu yazını oxuyacaq dostları, həmkarları yaxşı bilirlər ki, onun qazandığı pullarla başqaları şəxsi “imperiya” qura bilər, bu gün çoxlarının əli çatmayacaq qədər üzdə olardılar. Amma o, pulu işə qoyub çoxaltmaq, kapitala çevirmək, heç deyilsə yaman günə beş manat dala atmaq kimi haqq-hesablardan yüksəkdə durardı. “”Karital”ın allahı Marks idi, qoy elə də qalsın, biz öz həyatımızı yaşayaq”, deyərdi. Amma yaşamadığı yeganə şey elə yalnız öz həyatı oldu. Daim arxa plana atdığı həyatında nələr yaşadı və yaxud nələr yaşamadı, bu, onun öz dünyasına aiddir. Bildiyim budur ki, Bayram müəllim kədəri mükafat kimi qarşılayan nadir şəxsiyyətlərdəndi. Bir də kimsənin özəl həyatına müdaxilə etməz və belə müdaxilələri qətiyyətlə rədd edərdi. Hətta özündən on bir yaş balaca mənə belə, məsləhət verməzdi. Sadəcə bir yol tapıb fikrini çatdırardı. Son görüşümüzdə məni qarşısında otuzdurub bir saatdan artıq danışdı. Yumşaq ironiyası, sərt məntiqi vardı:
– Qutqaşın xalqının (sona qədər Qəbələ demədi) “haqq-ədalət carçısı” olaraq sənin təbii ki, nəsihətə-flana ehtiyacın yoxdur. Mənim də bu tip moizələrdən zəhləm gedir, sadəcə içimdən gələnlərdi. Bilirəm, illərdir çətin bir yol tutub gedirsən. Yaxşı da eləyirsən, amma arada başını qaldırıb ətrafındakı reallıqlara bax. Heç deyilsə, gündə üç dəfə yemək-içmək kimi “primitiv” vərdişlərə qatlanmağa çalış. Ağır qəzadan çıxmış adam kimi sənin öz orqanizminə baxmaq borcun var. Çoxlu kitab oxumusan, istedadlı, əqidəli qızsan. Bunların hamısının bir adamda cəm olmağı mürəkkəb məsələdi, amma bu belə, sənin özündən bu qədər aralı düşməyinə haqq vermir. Özünə baxmadıqdan sonra yazdıqlarının şəxsən mənim üçün əhəmiyyəti yoxdur. Mənim bütün yaradıcılığımda, söhbətlərimdə, hərəkətlərimdə indiyə qədər hər hansı hakimiyyətə xırdaca yaxınlaşma görmüsənmi? Hadisələrə münasibətini hərə bir tərzdə bildirir. Amma özünü unudaraq yox. Fərqindəmisən, gündəlik çayxana diskussiyaları sayılmazsa, evdən yalnız həkimə getmək üçün çıxırsan. Həm də bu qədər yaxşı dostların olduğu halda”.
…Axırda stolun üstünə iyirmi manat qoyub getdi.
On yeddi gündən sonra bir ayda ikinci dəfə Bakıya həkimə getdim. Yay vaxtı bütün əsl adamların maliyyə sıxıntıları olur deyə ona zəng vurub borca-xərcə salmaq istəmədim. Sentyabrın birinə keçən gecə öz telefonuyla zəng vurub öz nömrəsindən özünün ölüm xəbərini verdilər. Və həmin xəbər məni onunla bərabər bitirdi… O andan beynimdə haqlı bir sual dolaşır:
– Mən beş il əvvəlki o dəhşətli qəzada niyə ölmədim, Allah?..