Vəfa Quluzadə: «Bu diplomatik jest yaxın zamanlarda heç bir nəticəyə gətirə bilməz»
«Məsələ onda həll oluna bilər ki, Rusiyanın bizim torpaqların işğalında heç bir marağı olmasın»
ABŞ-ın ATƏT-in Minsk qrupuna təyin edilən yeni həmsədrinin Bakıya səfər ərəfəsində Ağ ev rəhbəri Barak Obama Azərbaycan prezidenti Ilham Əliyevə məktub göndərib. Həmsədr Ceyms Uorlikə tam dəstək verdiyini Əliyevə çatdıran Obama onun bu yaxınlarda təyin olunmasını tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə ABŞ-ın qəti və birmənalı sadiqliyinin güclü göstəricisi kimi qiymətləndirib:
“Həmçinin gələn aylar ərzində Ermənistanla birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm”.
Obamanın bu məktubunu ekspertlər birmənalı qiymətləndirmir. Bəziləri hesab edir ki, bu, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda görüşəcəyinə və tərəflərin güzəştdə getmək məcburiyyətində qalacağına işarədi.
Politoloq Vəfa Quluzadə Qarabağ məsələsində vəziyyətin tamamilə aydın olduğunu deyir. Çünki 1994-cü ildə atəşkəs əldə ediləndən bəri heç bir irəliləyiş yoxdur: “Dağlıq Qarabağ işğal olunub və onun ətrafında Rusiyanın təsiri ilə təhlükəsizlik kəməri yaradılıb, o təhlükəsizlik kəməri bizim yeddi rayonumuzdur. Minsk qrupunun danışıqlarının hamısı tamamilə imitasiyadır. Çünki burda əsas aparıcı ölkə Rusiyadır, Qərb də bununla razılaşıb. Bizim regionda Ermənistanı silahlandıran, gücləndirən və onun tərəfində döyüşən də Rusiya olub. Nə cür olur ki, Rusiya həmsədrdir? Bu ikibaşlılıq, ikiüzlülük indiyə qədər hökm sürür. Məsələ onda həll oluna bilər ki, Rusiyanın bizim torpaqların işğalında heç bir marağı olmasın. Ancaq hələlik ki, maraq var. Rusiya Azərbaycanı da, Ermənistanı da özündən asılı vəziyyətdə saxlamaq istəyir”.
Ekspertin fikrincə, Obamanın çağırışı heç nəyə təsir edə bilməz. Çünki torpaqları işğal edən Rusiyadır və ABŞ-ın problemi birinci növbədə Rusiyanı zərərsizləşdirməkdir. Bu da uzun çəkən prosesdir: “Obamanın məktubunu yüksək qiymətləndirirəm və onun xoş niyyətlərinə tam inanıram. Lakin bu xoş niyyətlər hələlik diplomatik jestdir. Bundan artıq deyil və bu diplomatik jest yaxın zamanlarda heç bir nəticəyə gətirə bilməz. Çünki məsələ tərəflərdən asılı deyil”.
Ekspertin sözlərinə görə, sülhə doğru addım atılanda hər zaman buna zərbə vurulub: “Ter-Petrosyan Tehranda Yaqub Məmmədovla sülhə imza atanda, prezidentdən xəbərsiz onun qoşunları gəlib Şuşanı işğal ediblər. Bu ona dəlalət edir ki, Ermənistan prezidenti öz ordusuna cavabdeh deyil. Ikinci dəfə 1998-ci ildə Ter-Petrosyan bizimlə sülhə addım atmaq istəyəndə, mərhələli sülh ideyasını verəndə, biz də onu dəstəkləyəndə Ter-Petrosyan vəzifəsindən gedir. 1999-cu ilin noyabr ayında Istanbul sammitində Qarabağ məsələsi gündəlikdə idi, amma bu ərəfədə Ermənistan parlamenti güllələndi. Köçəryan ona görə canını qurtardı ki, Moskvaya bütün sülhün detallarını satdı. Bu vəziyyətdə Rusiyanın məsələsini həll etmədən Obama heç nə edə bilməz”.
Fizzə