(Həbsdəki NIDA-çılara ehtiramla!)
Daniel Defo yazırdı: “Təhlükə qorxusu təhlükənin özündən min dəfə qorxuludur”. Bizdə indi vəziyyət məhz belədir: təhlükə evimizədək gəlib, burnumuzun ucundadır, biz onunla iç-içə yaşayırıq, elə bir situasiyadır ki, Azərbaycanın gələcəyi görünmür. Bu adamları qorxutmur. Qorxutmur, çünki düşündürmür.
Düşündürmür, çünki adamların buna vaxtı yoxdur, onlar ancaq təhlükə qorxusunun özü ilə yaşayırlar. Etiraz etsəm, həbs edilərəmmi? Doğrunu söyləsəm, işsiz qalarammı? Hesab soruşsam, acından ölərəmmi? Haqqımı istəsəm, öldürülərəmmi?
Bu vəziyyət təbii yolla yaranmayıb. Bu vəziyyət yaradılıb. Çünki yaptokratik rejimlər üçün hakimiyyəti ələ keçirmək və onu qoruyub-saxlamaq üçün başqa yol yox, sadəcə yoxdur.
Elə etmək ki, işi olan insanlar daim işini itirmək təhlükəsi ilə yaşasınlar. Azadlıqda gəzənlər daim həbs olunmaq təhlükəsini hiss etsinlər. Hətta həbsdəkilər üçün də “heç vaxt azadlığa çıxa bilməmək” təhlükəsinin qorxusu yaradılıb.
Bunları niyə yazıram? Tələsməyək. Azca nəfəs dərək.
Və gələk mətləb üstünə.
***
Bilənlər bilir, bilməyənlərə də məlum olsun ki, təzəlikcə “Amerikanın səsi” radiosu bir sorğu keçirib.
Və o sorğuda iştirak edənlərin çoxu Ilham Əliyevdən razılıq ediblər, onu yenidən “prezident kimi görmək” istədiklərini deyiblər.
Sosial şəbəkələrdə bu xeyli müzakirə mövzusuna çevrildi. Bir çoxlarında bu pessimist ovqat yaradıb. Onlarda “Budur bizim reallığımız! Buyuq biz!” əhval-ruhiyyəsini daha da artırıb.
Mənsə bu haqda artıq neçənci dəfə yazıram, unutmuşam. Dostlar, yoldaşlar, bacılar, qardaşlar! Azərbaycan kimi xof mühitinin dərinləşdiyi, artıq JEK müdirini tənqid etməyin belə təhlükəyə çevrildiyi ölkədə açıq sorğular keçirməkdən gülünc, komik heç nə ola bilməz.
Hələ bu sorğu Bakının düz göbəyində – qlamur tayfasının sevdiyi “Torqovı”da keçirilirsə, daha gülməli vəziyyət yaranır.
Ona görə də bu cür sorğuları nə ciddiyə almaq, nə də onlara görə ruhdan düşmək lazımdır.
“Amerikanın səsi”nin Azərbaycan xidmətinə isə məsləhət görək ki, öncə öz saytında Azərbaycan dilində normal bir cümlə yazmağı öyrənsinlər. Ayıbdır.
***
Ümumiyyətlə isə çoxluqda ölkədəki vəziyyəti real qiymətləndirməmək problemi var. Hətta ictimai-siyasi aktivistlər belə, bir çox hallarda hansı ölkədə yaşadığımızı, hansı bir rejimlə üz-üzə qaldığımızın fərqində deyilmiş kimi davranırlar.
Dostlar, yoldaşlar, bacılar, qardaşlar!
Hansısa açıq sorğuda, nümayişkaranə formada sistemə qəzəbini, ondan narazılığını dilə gətirən vətəndaş topluluğuna sahib olsaydıq, zatən bizim heç dərdimiz olmazdı ki!
Heç bu qədər repressiya və korrupsiyaya da cəsarət etməzdi Əliyevçi rejim.
Bizim mübarizəmiz ondan ötrüdür ki, insanlar danışa bilsinlər. Danışmaqdan, təpki verməkdən, etiraz etməkdən çəkinməsinlər.
Biz hələ bunun uğrunda mübarizə aparırıq, mücadiləmiz bunun üçündür, amma siz deyirsiniz, niyə adamlar gerçək hisslərini gizlədirlər, videokamera, mikrafon görən kimi ancaq məddahlıq etmək, razılıq bildirmək barədə düşünürlər?
Bunun əksi olsa, heç bizim bugünkü məşəqqətləri, iztirablarımızı yaşamağa ehtiyac olardımı?
Siz elə gözlənti içindəsiniz, elə ovqatdasınız ki, bununla əslində özünüzü təkzib edirsiniz – əgər razılaşırsınızsa ki, Azərbaycanda istibdad rejimidir, irtica hakimiyyətidir, o zaman hamıdan həqiqəti, doğruları yüksək səslə söyləməyi, itaət etməməyi, kölə olmamağı necə gözləyə, uma bilərsiniz?
Bu gün Azərbaycanda gedən mübarizənin konturları çox aydındır: bir yanda ölkədə qorxu sisteminin vintlərini daha da bərkitmək istəyən mürtəce güc var, digər yanda bu qorxu sistemini zəiflətmək, qorxu buzlarını sındırmaq, qorxu divarlarını uçurmaq istəyən mütərəqqi fərdlər, qruplar.
Fikir vermisinizsə, irtica o zaman daha da amansızlaşır, qəddarlaşır ki, qorxmayanların, qorxularından xilas olanların sırası genişlənir, sayı artır.
Elə bu ilin əvvəlində ard-arda baş verən etiraz aksiyaları, üsyanlar sonrası həyata keçirilən total həbslər, repressiyalar, qorxutma, sindirmə kampaniyaları da məhz ona görə idi ki, həqiqətin ucalan səsləri boğulsun, yenə də meydan yalan, tərif səslərinə qalsın.
***
Məlum sorğunu müzakirə edərkən facebookdakı dostlardan biri yazdı: “Qorxu artıq azərbaycanlıların milli kimliyinə çevrilib”.
Bəli, doğrudur. Və şübhəsiz, Əliyevlər üçün uğurdur. Bizim isə işimizi çətinləşdirir. Ancaq bu, bizim də böyük çoxluğa qoşularaq təslim olmağımıza əsas yarada, bəraət verə, haqq qazandıra bilməz.
Bir anlıq düşünün:
Ölkədə üstündə şəxsiyyət vəsiqəsi gəzdirən nə qədərdir, həqiqətən şəxsiyyət olan nə qədər? Yeri gəlsə, bu nisbətin özü də pessimist olmağa əsas verir.
Amma məsələ burasındadır ki, bir xalqın hətta kimliyinə, “pasport”una çevrilən qorxu belə, heç vaxt əbədi ola bilməz. Daimi ola bilməz.
Təzəlikcə yazmışdım, görünür, təkrar yazmaqda fayda var: hərdən oturub düşünürük ki, 88-ci ildə meydanda “Azadlıq” şüarı ilə yeri-göyü inlədən, iki il sonra işğalçı tankların qarşısına əliyalın çıxan xalq necə oldu ki, bu gün JEK müdiri qarşısında belə boynubükük bir topluma çevrildi?
Bizə bu qəribə gəlir, deyilmi?
Deməli, bunun əksini də görə bilərik. Bunun əksi də baş verə bilər. Qorxaqlığa çevrilən cəsarət yenidən özünə dönə, özünə qayıda bilər.
Bax, o zaman bu, heç kimə qəribə gəlməməlidir. Təəccüblü görünməməlidir. “Bu necə oldu” sualı doğurmamalıdır.
Çünki həmişə, tarixin bütün dövrlərində gec-tez, əvvəl-axır məhz elə belə də olur.