Mehman Əliyev: «Hakimiyyət seçki və insan haqları məsələlərilə bağlı bəzi vədlər verib və onların bir qismi həllini tapa bilər»
Fuad Qəhrəmanlı: «Hökumət bəri başdan dialoqdan imtina edir və bu imtina şantaj xarakteri daşıyır»
Məlum olduğu kimi, Amerika Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melianın sentyabrda Bakıya nəzərdə tutulan səfəri ləğv edilib. ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlamasında bildirib ki, Azərbaycan hökuməti ölkədə oktyabrın 9-da keçiriləcək prezident seçkilərinədək səfərin təxirə salınmasını istəyib.
Azərbaycan tərəfinin yaydığı rəsmi məlumatda da səfərin Azərbaycan hökumətinin istəyi ilə təxirə salındığı vurğulanıb. Melia regiona budəfəki səfərində yalnız Tbilisidə olacaq.
Xatırladaq ki, Tomas Melia sonuncu dəfə ölkəmizdə aprelin 17-də səfərdə olub və Azərbaycanla bağlı böyük rezonans doğuran açıqlama verib. O zaman Melia Əliyevin üçüncü dəfə namizədliyinin irəli sürülməsini “qırmızı xətt” adlandırsa da, sonra belə bir ifadə işlətmədiyini bildirdi.
Hakimiyyət bu səfərin qarşısını almaqla əsas hansı məqsədi güdür?
“Turan” agentliyinin direktoru Mehman Əliyev Melianın Bakıya son səfəri zamanı Azərbaycan prezidenti ilə gərgin danışıqlar apardığını xatırlatdı. Amerikalı rəsmi bu görüşlərdə seçki prosesi və insan haqları ilə bağlı bir sıra məsələləri müzakirə edib. Hakimiyyət bu məsələlərlə bağlı bəzi vədlər verib və onların bir qismi həllini tapa bilər: “Amnistiya gözlənilir, siyasi məhbuslar azad edilə bilər. Ilqar Məmmədovun seçkilərə qatılması gözlənilir. Imzatoplama kampaniyasında problem yaranmadı. Cəmil Həsənlinin qeydiyyatdan keçirilməsinə əngəl yaratmaq planı var idi, artıq bu məsələdə öz həllini tapır. Buna görə də Melianın səfərinin təxirə salınmasını istəyiblər”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Melianın səfərinin təxirə salınmasını Azərbaycan hökumətin seçkilərlə bağlı Amerika ilə dialoqdan imtina etməsi kimi qiymətləndirdi. Bu eyni zamanda onu göstərir ki, Azərbaycan hakimiyyəti növbəti dəfə seçkiləri saxtalaşdırmağa çalışır. Melianın seçkiöncəsi səfərində də əsas seçkilərlə bağlı məsələlər müzakirə olunacaqdı. Ilham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsi isə bu müzakirələrin gərgin keçəcəyindən xəbər verirdi. Eyni zamanda ölkədə demokratik seçki üçün minimum şərtlər yoxdur. Siyasi motivlərlə həbslər davam etməkdədir. Seçki Məcəlləsi demokratik seçki üçün zəmin yaratmır. Sərbəst toplaşmaq azadlığı təmin olunmayıb, siyasi rəqiblərə, mediaya qarşı basqılar davam edir. Seçkilərin legitimliyi üçün hər hansı zəmin yoxdur. Bütün bunlar Melianın səfər zamanı gündəmə gələcəkdi.
F.Qəhrəmanlı hökumətin bəri başdan dialoqdan imtina etdiyini və bu imtinanın şantaj xarakteri daşıdığını qeyd etdi. Iqtidar bununla demək istəyir ki, əgər Azərbaycana yönəlik bu cür demokratiya tələbləri olacaqsa, bu, Azərbaycanın Amerika ilə münasibətlərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan bu münasibətləri davam etdirməkdə o qədər də maraqlı olmaya bilər.
Fizzə