Oğru doğru ola bilərmi? Ola bilər – əlində hakimiyyət varsa. Bu gün Azərbaycanda hamı oğru, bircə Əliyevlər, Əliyevlərə bağlı olanlar doğrudur. 1993-dən (1969-dan) üzü bəri ölkədə oğurluğu DÖVLƏT SIYASƏTINƏ çevirmiş Ailə belə qanun qoyub. Bu qanundan çıxış edərək PA sözçüsü Əli Həsənov keçən ilin bu çağları çəkinmədən belə uyarıda bulunmuşdu: “Hakimiyyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”.
Burada qaranlıq, anlaşılmaz nəsə varmı? Yox.
Ə.Həsənov özü 93 çevrilişindən sonra lat-lüt hakimiyyətə gələnlərdəndir. Deyilənə görə, bunadək o, qapançı olub. Qapançılıq yoluyla başını girləyib, ailəsini dolandırıb. 93 çevrilişi Azərbaycanın çoxillik faciələrinə yol açsa da, xırda qapançılıqdan böyük QAPANçılığa yol açmaqla heydərizm yolçularına geniş oğurluq axarında milyonlar, milyardlar qazandırdı. Əliyevlər başçılığında milyonlar, milyardlar qazananlar indi hakimiyyətə gəlmək istəyənlərin qanını tökməyə yükləniblər. Əli Həsənovun bir il qabaq dediyi bu idi. Bunu biz 20 illik (44 illik) hakimiyyətə gəlmə, hakimiyyəti əldə saxlama metodlarından görmüşük, görməkdəyik.
Rüstəm Ibrahimbəyov gerçəkləri dilə gətirməklə rejimin qanunsuzluqlarına qarşı çıxandan ünlü ad-sanına görə əliyevçi hakimiyətin, əliyevçi hakimiyyət jurnalistikasının başlıca düşməninə çevrildi. Ən çox da müxalifətin bəlli seçimindən sonra rejim bütün resurs-arsenalı ilə Rüstəm Ibrahimbəyovun üzərinə yürüdü. Qarabağı çevrədəki 7 rayonla ermənilərə verməklə hakimiyyətə gələnlər, Rusiyanın əlilə ölkədə çevriliş törədib terror rejimi quranlar Rüstəmə “ermənipərəst”, “Rusiyanın adamı” damğasını vurdular. Özlərinin çoxsaylı televiziyaları, qəzetləri azmış kimi, müxalifət arasındakı bir çox satılmışlar, dönüklər də onlara züytutanlıq etdilər. Bu işdə xalqın, müxalifətin kiçicik bir qazancı da oldu: maskalar yırtıldı, indiyədək müxalifət maskası altında rejimə qulluq yolu tutan bir çoxlarının gerçək kimliyi bəlli oldu. Onlar Rusiya proyekti – əliyevçi KQB hakimiyyətinə yarınaraq Rüstəmə “Rusiya proyekti” damğasını vurdular. Bununla da onlar başlıca olaraq özlərini damğalamış oldular. Başqasının sənə vurduğu damğa yalan-yanlış ola bilər, sənin özünün öz əlinlə özünə vurduğun damğa yalan-yanlış ola bilməz!
Bütün televiziyalar, rejimin kurasiyasındakı bütün qəzetlər (müxalifətdəki bəlli uzantılarınadək) Rüstəmi gözdən salmaq üçün böyük bir SƏLIB yürüşü sərgilədilər. Beləliklə, Rüstəm sıxışdırılıb siyasi arenadan uzaqlaşdırıldı. 83 min manatlıq “yeyinti-mənimsəmə” adıyla Rüstəmə cinayət işi açıldı – Dubaydakı 75 milyon dollarlıq, Londondakı, Mayamidəki, Çexiyadakı, bir çox başqa yerlərdəki çoxsaylı Ailə oğurluqları, eləcə də ofşor zonadakı 48 milyard dollarlıq bəlli oğurluq faktı dura-dura. Beləliklə, Rüstəm getdi.
Rüstəm getdi, Cəmil gəldi. Doktor-professor Cəmil Həsənli. Rüstəm daha çox ölkədən qıraqda yaşadığından biz onu gərəyincə tanımır, harda nə etdiklərini bilmirdik. Cəmil Həsənli uzun illər boyunca bizimlə bir arada yaşamış, az-çox bizimlə bir ölkənin gündəminə, gündəm sorunlarına ortaq olmuş kimsədir. Sözsüz, bizim hər birimiz kimi onun da hansısa çatışmazlıqları var. Bizim hər birimiz kimi onu da nədəsə, nələrdəsə qınamaq olar. Ancaq ona Rüstəmə vurulan kimi “ermənipərəst”, “Rusiyanın adamı” damğasını vurmaq… mümkün olmayacaq! Bunlar isə, bəlli olduğu kimi, indiki özü erməniyönlü, Kremlyönlü hakimiyyətin başlıca anti-müxalifət damğalarıdır. Cəmil Həsənliyə bunların çox sevimli, çox populyar “adımı sənə qoyaram…” prinsipi ilə “oğru, rüşvətxor-korrupsioner” damğası vurmaq da keçərli deyil.
Belədə nə etməli? Başqa yollar aramalı.
Başlanğıc olaraq türmədə Fərhad Əliyev danışdırılıb. F.Əliyevin yayılması yasaqlanmış məhkəmə çıxışında belə yer var: “Məni başdan gələn tapşırıqla Rusiya KQB generalları Ruşaylo ilə Lebedev tutdu. Sonra türmədə sifariş gəldi: bir belə pul ver, səni türmədən buraxaq”.
Indi o, belə bir rejimə, rejim başçısına səs verəcəyini deyir. Bu, başlanğıcdır.