“Cəmil Həsənlinin vahid namizəd elan olunması situasiyanı köklü şəkildə dəyişdi”
Fuad Qəhrəmanlı: “Bu nəticə həm də AXCP-nin siyasətinə ictimai etimadı ifadə edir”
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı özünün Facebook səhifəsində Milli Şuranın 23 avqust sessiyasında vahid namizədlə bağlı qəbul olunan qərara münasibətini bildirib. O, Milli Şura daxilində professor Cəmil Həsənlinin vahid namizəd seçilməsilə başa çatan prosesi AXCP-nin tutduğu doğru mövqe ilə izah edib. F.Qəhrəmanlının yazdıqlarını təqdim edirik:
“Asan olmadı bu nəticəyə nail olmaq. Məğlubiyyət, uğursuz qərar həmişə yetim qalır. Qələbənin, müsbət addımların isə müəllifliyinə idda edənlər həmişə çox olur.
Milli Şuranın qərarı ilə professor Cəmil Həsənlinin vahid namizəd elan olunması ölkədə siyasi situasiyanı köklü surətdə dəyişib. Əvvəlki məyusluq dövrü arxada qalıb və indi insanlar xeyli ruhlanıb, dəyişikliklərə kütləvi inam yaranıb. Təsəvvür edin, əgər bu qərarın əksi olsa idi, müxalifət seçkiyə 4-5 namizədlə qatılsaydı indi bu günkü coşğudan, ruh yüksəkliyindən əsər-əlamət olmayacaqdı. Gündəmdə intriqa, qarşıdurma, qarşılıqlı ifşa və ruh düşgünlüyü olacaqdı. Ancaq AXCP-nin və Əli Kərimlinin düzgün qərar verməyi, qətiyyət və iradə göstərməyi Milli Şuranı və demokratik prosesi siyasi tənəzzülün bir addımlığından saxladı, ardıcıl siyasət aparmağın nə qədər önəmli olduğunu ortaya qoydu. Cəmiyyətdəki bu günkü müsbət əhval-ruhiyyə məhz xalqın Milli Şuradan vahid namizədlə bağlı qərar gözlədiyini göstərməkdədir. Bu nəticə həm də AXCP-nin siyasətinə ictimai etimadı ifadə edir və ilk gündən həyata keçirilən birlik, güzəşt, vahid namizəd siyasətinin doğru olduğunu təsdiq edir.
AXCP olaraq bundan sonra da vahid namizədimiz Cəmil Həsənlinin qalib gəlməsi, ölkədə demokratik dəyişikliklərə nail olmaq üçün bütün fədakarlıqları etməyə və mübarizənin ağırlığını daşımağa hazırıq”.