“Onların istədiyi sabitlik qəbirisantlıqda olur, istəyirlərsə, getsinlər ora”
“Ermənilərə qarşı nifrətləri varsa, dayıları erməni olanları başlarının üstündə otuzdurmasınlar”
Facebook sosial şəbəkəsində başladılmış “11 mart- Böyük Xalq Günü” aksiyasından təşvişə düşən Azərbaycan hakimiyyəti anti-təbliğat kampaniyalarını davam etdirir. Bu kampaniyada istifadə olunan əsas “arqument” isə guya 11 mart aksiyasını təşkil edənlərin ermənilərlə hansısa əlaqəsinin olmasıdır.
YAP-çılar – Mübariz Qurbanlı, Əli Əhmədov və Abel Məhərrəmov çıxışlarında “erməni amilini” xüsusi olaraq vurğulayıblar. Hakimiyyət bununla 11 martın guya düşmən ölkə tərəfindən Azərbaycana qarşı təşkil olunduğu görüntüsünü yaratmaq istəyir. Lakin ictimaiyyət nümayəndələri bunu qeyri-ciddi hesab edir.
Tanınmış hüquqşunas Aslan İsmayılov “Azadlıq” qəzetinə verdiyi açıqlamda hakimiyyət sözçülərinin bu çıxışlarını təkcə gənclərə yox, bütövlükdə Azərbaycan xalqına, o cümlədən özümə qarşı təhqir hesab etdiyini deyib: “Bu çıxışlara qulaq asandan sonra o adamların öz danışıqlarını anlamalarına şübhəm yarandı. Ona görə ki, danışığını anlayan ağıllı, savadlı, ziyalı adam öz gəncliyini – Azərbaycan gəncliyini bu cür təhqir etməz, bu cür alçaltamaz. Axı bu gənclərin istədiyi dövlət çevirmək, milləti qırmaq deyil. Onlar hansısa islahatların aparılmasını istəyirlər. Bu onların haqqıdır. Bu haqqı onların əlindən heç kim ala bilməz”.
A.İsmayılovun fikrincə YAP rəhbərliyinin istədiyi sabitlik ancaq qəbiristanlıqdadır: “Heç kim danışmır, heç kim çıxış eləmir. Onlara bu xoş gəlirsə köçsünlər o tərəfə. Yox onlar canlılar arasnda yaşamaq istəyirlərsə, canlıların içində olan gənclərin çağırışlarına, hərəkətlərinə dözümlə yanaşmalı, onları təhqir etməməlidirlər. Ən əsası, bu bədbəxtlər elə bilirlər ki, belə çağırışları ilə prezidentə kömək edirlər. Onlar bu çağırışıları, təhqirləri ilə bütün gəncləri prezidentin əleyhinə qaldırırlar”.
A.İsmayılov bu çıxışları edənlərə məsləhət görüb ki, gənclərlə dialoq qursunlar: “Onları çağır söhbət elə gör nə istəyirlər? Erməni aldandırdıqları xaricdə olan tələbələr Əli Əhmədovdan da, Abel Məhərrəmovdan da qat-qat azərbaycançı, qat-qat millətçi, qat-qat saf insanlardır və Azərbaycanı da bunlardan çox istəyirlər. Onların hər biri Azərbaycan üçün canından keçməyə hazırdırlar. Bunlar heç onu anlamırlar”.
A.İsmayılov belə təhqirlərin Azərbaycanı xaosa, vətəndaş müharibəsinə sürükləyəyə biləcəyindən narahat olduğunu da ifadə edib: “Mən əminəm ki, bu cür cavabdan sonra o tədbirə gələn gənclərin sayı artacaq. Ən qorxulusu odur ki, onların aqressivliyi artacaq. Abel Məhərrəmovla Əli Əhmədovun ermənilərə qarşı nifrətləri varsa, anaları, həyat yoldaşları erməni olan Azərbaycan məmularını tərifləməsinlər. İsətilən halda millətçiliyin əleyhinəyəm. Amma onlar Azərbaycan gəncliyinə bu böhtanı atırsa, o təhqiri yağdırırsa, dayıları erməni olanları başlarının üstündə otuzdurmasınlar”.