Və ya biz kimi itirmişik?..
Bu gün Milli Azadlıq Hərəkatının lideri, eks prezident və AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəyin dünyasını dəyişdiyi gündür. Onun vəfatının 13-cü ildönümü tamamlanır.
Biz “narahat ruh” ifadəsini qəbul ediriksə, 13 ildir başımızın üstündə Elçibəyin narahat ruhunun dolaşdığını deyə bilərik. Amma bir şey də var ki, 13 il əvvəl olduğu kimi, indi də ictimai-siyasi meydanda Elçibəy faktoru diridir, sözünü deyən, eşidiləcək həddədir.
Elə sonuncu mitinqdə coşqulu kütlə aksiyanın məram və məqsədinə aidiyyəti olmadığı halda, birdən-birə “Elçibəy” deyə hayqırmağa başladı. Bəlkə də mən mistikaya varıram, amma “Elçibəy!” şüarı etirazçı insanlar üçün “Ura!” tipli bir səfərbəredici şüara çevrilməkdədir.
Elçibəy indi çox populyardır. Xüsusən gənclər arasında yeni bir Elçibəy renesansı gedir – bunu yazsam, yəqin, çox şişirtmiş olmaram. Elçibəy haqqında bir zamanlar səslənən irad vardı: “Gərək o, prezident olub bir siyasi zümrənin təmsilçiliyinə getməyəydi, xalqın lideri, bir növ, ağsaqqal kimi qalaydı”.
Açığı, bu fikri heç vaxt səmimi qarşılamamışam, ancaq belə görürəm ki, Elçibəy ölümündən sonra bu statusa uyğunlaşmaqdadır. Indi onu çox geniş zümrə özününkü bilir. Hazırda Elçibəyi AXCP sədri kimi təqdim etmək, hətta bir az siyasi risk və səhv sayılır. Bəli, vəziyyət elə bir həddə çatıb ki, indi “Elçibəy bizim sədrimiz olub” deməyi “cəbhəçilərin eqoizmi” sayırlar. Bu çox yaxşı haldır, əlbəttə. Elçibəyin onsuz da bu xalqın məhəbbətindən savayı heç nəyi olmayıb, fəqət, məhəbbət haləsinin şöləsi altında bəziləri yaxşı oyunbazlıq da qura bilir.
Elçibəyin fotosunu qəzetinə vurub, Elçibəyə aid kitab yazanlar, özünə “Elçibəyçiyəm” deyənlər indi çox asanlıqla Elçibəyi hakimiyyətdən devirənlərlə bir cəbhədə dayanıblar. Elçibəy sevgisi bu qədər amorf olmamalıdır, məncə.
Axı “Elçibəyçilik” nədir, onun kriteriyaları nələrdir? Mənə görə, bu yöndə ən başlıca meyar demokratiyaya sadiqlik, avtoritar rejimlə barışmaz münasibətdir. Demokratiya uğrunda savaşmırsansa, Elçibəyin arzularını gözündə qoyan bir hakimiyyətin boyunduruğu altına girmisənsə, avtoritarizm sənin tükünü də tərpətmirsə, necə özünü “Elçibəy əsgəri” kimi qələmə verə bilərsən, axı?
Saxta elçibəyçilik üçün Güney Azərbaycan mövzusu çox işəyarayandır. Ancaq belə hiylələrlə sadəlövhləri aldatmaq olar. Yada salıram, Elçibəyin sağlığında Güney Azərbaycan məsələsini ən güclü tərənnüm edənlərdən biri Fəzail Ağamalı və onun partiyası idi. Bəli, bəli, sizə qəribə gəlməsin, Fəzail Ağamalı, hətta Elçibəyi onun ideyalarını mənimsəməkdə suçlayırdı. Indi götürün, Elçibəyin o zaman Fəzail Ağamalıya münasibətini. Fəzail Ağamalı özünə “Elçibəyçiyəm” deyən adamlar yeni dövrün fəzailağamalıları ilə də elə Elçibəy kimi davranmalı deyilmi?
Bütün böyük insanlar kimi, Elçibəyin də əfsanələşdirilməsi prosesinin içindəyik. Son dövrün, hətta çox təsirli bir lətifəsi də yaranıb, az-çox siyasətlə məşğul olan hər kəsin belə bir hekayəsi var: “Bəyə dedim ki, a bəy, filan-filan…” Yəni, az qala, hər kəs Elçibəylə tərəfmüqabil olub, bu azmış kimi, hətta Elibəyə tövsiyələrini də verib.
Təbiidir. Qürurlu müqayisə olmasın, doktor Əli Şəriəti də yazırdı ki, Həzrəti Məhəmmədə o qədər hədis qoşublar ki, Peyğəmbər gərək üç ömür yaşasın ki, o qədər söz desin, başına o qədər iş gəlsin. Bu baxımdan Elçibəy hekayələrinin də çoxalması və onların reallıqdan uzaq olması başadüşüləndir. Problem ondadır ki, əsl nüxsə itib-batmaqdadır.
Əbülfəz Elçibəyin keçən ad günündə Əli Kərimli, Isa Qəmbər bu problemə toxundular. Onlar problemdən çıxış yolunu da göstərdilər. Çıxış yolu sadədir, Elçibəyin çiyindaşları onun barəsində cəmiyyəti, gəncləri məlumatlandırmalıdılar, bu haqda danışmalı, yazmalıdılar. Dedilər, amma heç kim Elçibəylə bağlı bir hekayət danışmadı. Ümumi təsvirlər, qiymətləndirmələr oldu. Əlbəttə, onlar da doğru idi, fəqət hekayə olmadı. Axı başa düşmək o qədər çətin deyil ki, konkret tarixi hadisə, hekayə daha təsirli və yadda qalandır, nəinki ümumi qiymətləndirmələr.
Madam, məsləhətverən oldum, o zaman tənqid etdiklərimə oxşamayım, özüm bir hekayət danışım. Danışdıqlarım da birinci mənbəyə dayanır. Onları “Xaqani 33″də Əbülfəz Elçibəydən şəxsən eşitmişəm.
Əbülfəz bəy deyirdi ki, bir gün eşidir ki, əmək haqlarının azlığına görə Dövlət Neft Şirkətində fəhlələr tətilə başlayır. O zaman şirkətin prezidenti Sabit Bağırov idi. Bəy Sabit Bağırovu çağırır ki, “xəbərin var, işçilərin tətilə başlayır?” Özü də bu elə bir vaxtda baş verir ki, büdcədə pul yox, müharibənin də şıdırğı vaxtıdır. Sabir Bağırov nəinki tətildən xəbərdar olduğunu deyir, üstəlik, qeyd edir ki, aksiyanın öncülü elə özü olacaq.
Bundan sonrasını bilmirəm necə olub, onlar dil tapa biliblər ya yox. Gərək, gerisini Sabit bəy yaza. Deməyim odur ki, prezident və onun məmuru arasında belə bir ideal demokratik mühit olub.
Daha bir hekayə və yenə də Əbülfəz bəyin öz dilindən. Deyirdi ki, oturmuşdum otaqda, bir də gördüm Nəcəf Nəcəfov (prezidentin məbtuat xidmətinin rəhbəri) əlində ərizə, girdi içəri. O ərizəni prezidentin stolunun üstünə qoyur və deyir: “Bəy, ya mənim maaşımı qaldır, ya da istefa verirəm, bu maaşla mən ailə saxlaya bilmirəm”.
Indi təsəvvür etmək necə də çətindi; prezidentin sağ əli ailəsini dolandırmaq üçün halal maaşının qaldırılmasını tələb edir.
Biz belə bir lideri itirmişik. Başımız sağ olsun…