Xəstəxanasız, dükansız, bağçasız, susuz, qazsız bir kənd var
Qaravəlli camaatı bələdiyyə sədrini Hüsnü Mübarəklə müqayisə edir
Yolumuz Ağsuyadır. Rayon mərkəzindən 18 km aralıda yerləşən Qaravəlli kəndinə. Kəndin girəcəyində dəmir lövhəyə qədər yolu rahat getmək olur. Lövhədən sonrakı hissəni adlamaq üçün 20-25 dəqiqə vaxtı bada verməlisən. Iki kilometrlik yolun əzabı arxada qoyduğun 18 km-dən qat-qat artıqdır.
Kənd sakinlərinin əsas məşğuliyyəti əkin və maldarlıqdır. Lakin son zamanlar ölkədə gedən proseslər buradan da yan keçməyib. Camaat işsizlik və pulsuzluqdan kəndi tərk etməyə məcbur olub. Bineyi-qədimdən Qaravəllidə 61 ev olub. Son 10 ilə qədər nə artırmış, nə azalırmış. Müstəqilliyimizin 15-ci ilindən sonra isə evlərin sayı 61 olsa da, orada yaşayan ailələrin sayı 61 olmayıb. Bir-bir, iki-iki hamı qonşu kəndlərə, rayonlara, Bakıya və ən əsası, Rusiyaya pənah aparmağa məcbur olublar.
Vurma cədvəli və ali təhsil
Kəndin mərkəzi hissəsində məktəb var. Buna məktəb demək mümkünsə. Direktorun otağının qapısında hamıya bəlli, amma ünvanını səhv salan Heydər Əliyevin belə bir “kəlamı” var: “Təhsil millətin gələcəyidir”. Millətin gələcəyinin nə olduğunu anlamaq üçün direktorun otağına, həm də dərs otağına daxil olmaq yetərlidir. Anlamaq olmur direktorun otağıdır, dərs otağı, yoxsa tikinti materialları olduğu anbar. Lövhənin yanında masa ilə yanaşı dörd-beş şifer də var. Hər dərs stoluna güc-bəla ilə iki stul düşür. Bir sözlə, sinifdə (həm də direktorun otağı) təhsildən savayı nəyə aid istəsən ləvazimatlar var. Şagirdlər məktəbdə 9-cu sinifə qədər təhsil ala bilirlər. 9-cu sinifdən sonra təhsil almaq üçün qonşu kəndlərə üz tutmalısan.
Kəndin camaatı məktəbdə dərslərin yaxşı olmamasından gileylidirlər. Deyirlər ki, 6-7-ci sinif şagirdləri 5-ə qədər vurma cədvəlini bilmir. Onlar müəllimlərin bilik səviyyəsindən də razı deyillər. Sözlərinə görə, məktəbdə heç bir müəllimin ali təhsili yoxdur. Ya texnikum, ya da kollec bitiriblər. Sonuncu dəfə 15-20 il öncə bu kəndin sakini ali məktəbə daxil olub. O da buralarda yaşamır. Istilik sistemi olmayan təhsil müəssisəsində qışda dərslər keçirilmir. Otaqlar soyuq olduğundan sinifi odunla qızdırmalı olurlar. Məktəbin büdcəsi buna imkan vermədiyi üçün şagirdlərə evdən odun gətirmək tapşırılır. Lakin evlərdə çör-çöp yandıran kənd sakinləri sonda uşaqlarını qış aylarında məktəbə göndərməkdən vaz keçirlər. Kənddən hər il, son 15-20 ildə olduğu kimi, bir şagird olsun belə ali məktəbə girə bilmir. Illər ötdükcə bu 15-20-lərin sayı artmağa başlayır…
Bir il içməli suya 400 manat
Qaravəlli kəndinə səfər etməyimiz camaatın istəyi ilə olub. Kənddə o qədər problemlər var ki, onları həll etməyə bəlkə zaman da tab gətirməz. Palçıqlı ərazilərin nə vaxtsa üfunətdən təmizlənməsinə sakinlər ümidlərini itirməyiblər. Düzdür, özlərinin dediyi kimi, hər yerə yazsalar da hələ ki, nəticə görməyiblər. Amma ümidlərini də üzməyiblər…
Qaravəllidə nə dükan, nə bağça, nə xəstəxana var. Bütün bunları kənd camaatı özünə dərd etmir. Dükansız, xəstəxanasız birtəhər keçinə biləcəklərini deyirlər. Amma qaz və suyun olmaması onların problemini birə-beş artırır. Sonuncu dəfə qaravəllililər kənddə qazın 91-ci ildə olmasını söyləyirlər. Və o ildən bu yana onlar evlərini odunla isitməyə məhkum olublar. Bir qış üçün onlara təxminən 200-250 manat gərəkdir ki, odun alsınlar. Artıq bunu almağa imkanları da yoxdur. Deməli, ümid həyətdəki ağaclaradır. Qaravəllidə bir ev tapmaq mükün deyil ki, həyətində hansısa meyvə ağacı olsun.
Su da həmçinin. Kənddə üç artezian quyusu olsa da, bu su yalnız paltar yumağa yarayır. Sakinlər içməli su üçün qonşu kəndlərdən bir maşını 10-15 manata gətirən “vodavoz”lara dikiblər. Qışda aya iki, yayda isə dörd maşın gərəkdir. Bu da orta hesabla ilə 400 manat edir.
Kəndin torpaqları əkin üçün yararlı olsa da camaat bundan o qədər də yararlana bilmir. Əkin prosesini yekunlaşdırmaq üçün borca pul götürürlər, biçindən qazandıqlarını borclarına verirlər. Özlərinin dediyi kimi, onlara yalnız fəhləlik qalır.
Bütün apteklərə borcu olanlar
Qaravəlli camaatı xəstələnəndə rayon mərkəzinə üz tutur. Bu isə onlara lap ağırdır. Belə ki, kənddə bir dənə də taksi yoxur. Məcbur qalıb qonşu kəndlərdən taksi çağırırlar. Taksi 20 km qət etmək üçün sərnişindən 10 manat tələb edir. Həkimə 6 manat, reseptə də bir o qədər pulu çıxan xəstə ikinci dəfə rayona üz tutmağa cəsarət etmir. Olum və ölümlərini Allahın ümidinə buraxırlar. Rayonun bütün apteklərində qaravəllililərin adı var. Bütün rayon buranın sakinlərini əzbərdən tanıyır.
Dükanı olmayan kəndin sakinləri bəzən bir siqaret və ya bir kilo qənd üçün qonşu kəndlərə getməyə məcbur olurlar. Bu qədər dərdin içərisində onlar uşaqları üçün bağça problemini düşünə bilmirlər.
Sovet dönəmində Qaravəlli də daxil olmaqla ətrafdakı dörd kənd bir kənd adı altında idi. SSRI dağılandan sonra kəndlər də “parçalanmağa” başlandı. Digər dörd kənddə az da olsa problemlər həllini tapıb. Amma Qaravəllinin işi elə qaravəllidi…
Kəndin əksər sakinləri bələdiyyə sədri Hakim Məmmədovdan narazıdır. Deyirlər ki, Misirin 30 il fironu olmuş Hüsnü Mübarək kimi kreslosundan bərk yapışıb. Nə gedir, nə də bizlər üçün bir iş görür. Əksinə, Icra hakimiyyətinin tədbirlərində şövqlə çıxış edərək Qaravəllinin heç bir problemi olmadığını dilə gətirir. Üstəlik, Bakıda, Rusiyada işləyib bir az pul toplayıb kəndə gələn adam Qaravəlli üçün nəsə bir iş görmək istəyəndə gərək Hakimdən razılığını alsın. Sakinlər deyirlər ki, nəsə bir iş görsən H.Məmmədov gəlib həmin yeri bələdiyyənin adına özəlləşdirəcək. Dövlət büdcəsindən ayrılan pul isə yoxa çıxır. Yəni hamam suyu ilə özünə dost tutur. Bu sövdələşməyə qol qoymayanlar isə kənd üçün heç bir işə görə bilməzlər.
Qaravəlli camaatı millət vəkili Ərəstun Cavadovu sonuncu dəfə seçkilərdə görüb. Seçkidən-seçkiyə belə bir kəndin olduğunu anlayan deputat hər dəfə söz verir ki, bir ildən sonra problemlər həll olunacaq. Verilən yalançı vədlərdən isə bitib-tükənməyən illər keçib.
Bələdiyyə sədrinin bir zəngi
Kənddə olanda bələdiyyə sədri də bizimlə görüşdü. Qaravəlli camaatının dedikləri ilə razılaşmadığını söylədi. Hakim Məmmədov qeyd etdi ki, kənddə üç artezian quyusu var (artıq bunu bilirik). Hər üçündən istifadə etmək mümkündür. Içmək üçün yararlı olan bu quyulardan kənd camaatı yetərincə istifadə edə bilir. “Bəs nəyə görə, ”vodavoz”lara pul verib içməli su gətirirlər?” sualına bələdiyyə sədri “keflərindən” cavabını verir. Iyul ayına kimi kəndə qazın çəkiləcəyini deyən H.Məmmədov tezliklə o biri problemlərin də həll ediləcəyini deyir. Yol məsələsinə də aydınlıq gətirən bələdiyyə sədri deyir ki, Qaravəllinin yolu ancaq və ancaq daşlı ola bilər. Qonşu kəndlərdəki kimi asfaltın olması mümkün deyil. Kənd məktəbini camaatın sökdüyünü, özünün isə məktəbi yenidən təmir etdiyini deyən bələdiyyə sədri kənd üçün çox böyük işlər gördüyünü bildirir: “Indiyə qədər heç bir kənd sakini Qaravəlli üçün bir daşı daş üstünə qoymayıb”. Bir zəng ilə kənd üçün böyük işlər görə bildiyini deyir Hakim müəllim. Amma nədənsə o zəngləri çox gec-gec edir…
***
Bələdiyyə sədri və kənd camaatı ilə sağollaşıb rayon mərkəzinə yola düşürük. 61 evdən ibarət olan kəndi seyr edə-edə uzaqlaşırıq. Ümid edirik ki, nə vaxtsa buranın gəncləri hərbi xidmətdən sonra öz ata-baba yurdlarına qayıdacaqlar. Nə Rusiyaya, nə də Bakıya üz tutacaqlar.
Mənimsə üzüm Bakıyadır…
Ramin DEKO
Fotolar Abbas Atilayındır