1998-ci il idi.
Hakimiyyət o vaxt da “Azadlıq” radiosunun yayımına problem yaratmışdı. Buna etiraz olaraq, bir qrup müxalif gənc aclıq aksiyası keçirirdi.
Aclıq aksiyasının urvatdan düşməyən vaxtları idi. Geniş ictimai rezonans yaranmışdı. Hakimiyyət aksiyadan çətin duruma düşmüşdü. Vəziyyət tələb edirdi ki, aksiya hansı yolla olursa olsun, dayansın. Belə bir ərəfədə Bəxtiyar Vahabzadə çıxıb gənclərə aksiyanı dayandırmaq haqda çağırış etmişdi. Bax, bu hadisədən çox az sonra ömrümdə ilk dəfəydi ki, Əbülfəz Elçibəyin bərk əsəbiləşdiyin gördüm.
Bəy universitet cəbhəçilərilə görüşürdü, zal tədbiri idi. Söz aclığa və məlum çıxışa gələndə Əbülfəz bəy sərt dillə Bəxtiyar Vahabzadəni tənqid etdi və maraqlı bir fikir işlətdi. Maksimum çalışacam ki, təhrif etmədən yazım: “Indi Bəxtiyar timsah kimi göz yaşı tökür, çağırış edir. Gənclər niyə beləsini eşitməlidir? Mən deyirəm ki, eşitməməlidir. Bilirsiniz, Bəxtiyar tək deyil, indi çoxları belə edir: demokratiyaya, azadlığa aid bir-iki şey yazıb sandığa atırlar, sonra da gedib hökumətə yarınırlar. Belə adamlar o sandıqda saxladıqlarına arxayındılar ki, sabah vəziyyət dəyişəndə onları göstərib desinlər, ”bax, belə-belə işlər görmüşük”. Bu keçməz. Bəxtiyar gənclərə çağırış etməmişdən əvvəl problemi yaradanlara sözünü desin”.
Bu uzun qeyd-xatirəyə ona görə ehtiyac duydum ki, seçki ərəfəsi bəzi buqələmunlar “sandıq ədəbiyyatı” ilə insanları çaşdırmaq istəyir. Bəziləri vaxtilə Elçibəylə foto çəkdiriblər, Heydər Əliyevin zəif düşən vaxtlarında rejim əleyhinə bir-iki yazı yazıblar, indi isə hakimiyyət mətbuatında oturublar, işləri də müxalifəti gözdən salmaq, müxalifətin öndə gedən isimlərinə böhtan atmaqdı. Belələrini dindirən kimi, Bəy deyən o “sandıqları” işə düşür. Ay “mən filan vaxt hökumətdən yazanda sən heç yox idin; mənim onda yazdıqlarımı çəksən, səndən ağır gələr”…
Keçməz belə şeylər, qardaşım, keçməz. Birincisi, əlbəttə, şərəfli keçmiş ehtiram duyulası hadisədir. Heç kimin keçmiş xidmətləri danılmır. Əksinə, keçmişdə müxalifətçi, indi isə nala-mıxa vuranlar başa düşməlidir ki, onlara yönələn ictimai qınaq əslində, onların keçmişinə hörmətdən irəli gəlir. Niyə anlamırsız ki, əslində, insanlar sizin keçmişinizi uca tutur, oradan yuvarlanmanızı qəbul etmək istəmir və buna görə tənqid olunursunuz.
Ikincisi, bu vacib bir sualdır: keçmişdə yazmısan, sağ ol, bəs indi niyə yazmırsan? Axı bu qələm elə şeydir ki, illər onun xeyrinə işləyir. Getdikcə insan daha peşəkar yazmağı öyrənir, yeni vərdişlər əxz edir. Bəs niyə qələminizi dincə qoymusunuz? Allaha xatir, heç siz qələminizi dincə də qoymamısınız axı… Elə bir ucdan Milli Şuranı, cəmiyyətdə yenidən dirçələn anti-rejim təşəbbüslərini baltalayırsınız, ruh düşkünlüyü yayırsınız. Ən pisi də odur ki, bunu müxalifət libasına bürünərək, müxalifət təəssübkeşi kimi görünərək edirsiniz. Halbuki, dövran, zəmanə indi əli qələm tutan hər kəsdən gerçək ziyalı mövqeyi tələb edir, xalqı taqətdən salan, onun ləyaqətini puç edən, insanlarımızda şücaət duyğularını məhv edən hakimiyyətin ifşa, onun yaramaz əməllərinin tənqid olunmasını istəyir.
Dünyanın harasına baxırsınız, baxın, jurnalistin əsas işi tənqiddir, hökumətin yuxusunu ərşə çəkməkdir. Yoxsa, bəziləri elə sanır ki, müxalifət daxilində bir pürçüm tapıb onunla midillənmək qəhrəmanlıqdır, buna görə oxucu ona hörmət də bəsləməlidir. Bu olmayacaq, ya pəhriz saxlayın, ya da tutma yeyin.