Rəhim Qazıyev: «Bu həbs, ölkədə qanunun və ədalətin olmadığını bir daha göstərdi»
Emin Hüseynov: «Sərdar Əlibəylinin həbsi hakimiyyətə yönəlik tənqidi yazılarla bağlıdır»
“Nota Bene” və “psnota.com” xəbər portalının baş redaktoru Sərdar Əlibəylinin həbs olunması haqqında xəbər vermişdik. Belə ki, Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə ittiham olunub. Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Sərdar Əlibəyli barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarılıb. O, vətəndaşı döyərək ona xəsarət yetirməkdə günahlandırılır. Məhkəmə iclasında S.Əlbəyli ittihamı rədd edib, özünü təqsirsiz bilib və zərərçəkəni tanımadığını dilə gətirib.
Sərdar Əlibəyli hər zaman hakimiyyət əleyhinə kəskin yazılar yazıb. Ona görə də onun həbsi cəmiyyətdə birmənalı qarşılanmır. Ictimai-siyasi fəallar hesab edir ki, Sərdar Əlibəylinin həbsi azad sözə, fərqli fikirə qarşı növbəti basqıdır və bu həbs onun sərgilədiyi fəal vətəndaş mövqeyi ilə bağlıdır.
Sərdar Əlibəylinin məhkəmə prosesində iştirak etmiş keçmiş Müdafiə Naziri Rəhim Qazıyev və RATI-nin direktoru Emin Hüseynov bu həbslə bağlı öz fikirlərini bölüşüblər.
Rəhim Qazıyev bildirdi ki, Sərdar Əlibəylinin həbsi “psnota.com” saytında dərc olunan yazılarla bağlıdır: “Zərərçəkmiş qismində tanınan adamı, Sərdar bəy tanımır. Bu qədər həyasızlıq, qanuna hörmətsizlik olmaz. Sərdar Əlibəylinin tabeliyində anadangəlmə əlil oğlu var, yoldaşı işləmir. Ailəyə yeganə çörək gətirən, müstəqil hərəkət edə bilməyən əlil övladına qayğı göstərən bir adamı şərləyib tutmaq insanlığa yaraşmır. Son günlər onun saytında Isa Sadıqovun silsilə məqalələri olduğu kimi dərc olundu, digər kəskin yazıların yazılması hakimiyyəti narahat etdi. Sərdar Əlibəylinin həbsi, özünü satmayan, peşəsinə hörmət edən bütün jurnalistlərin susdurulma cəhdidir. Düşünürəm ki, bu tipli həbslər dalğası davam edəcək. Çünki, ölkədə qanun, hüquq, ədalət deyilən məhfum yoxdur”
Emin Hüseynov hesab edir ki, bu həbs jurnalistin peşə fəaliyyəti ilə bağlıdır və siyasi sifarişdir: “Sərdar Əlibəyli öz saytında hakimiyyətə, hakim ailəyə yönəlik kəskin tənqidi yazılar yazıb. Təbii ki, bu yazılar Azərbaycan kimi ölkədə hakimiyyəti narahat etməyə bilməzdi. Və bu həbslə Azərbaycanda həbs olunmuş jurnalistlərin sayı 8-ə çatdı. Bir tərəfdən jurnalistlərə ev verirlər, digər tərəfdən qondarma ittihamlarla həbs edirlər. Hətta Sərdar Əlibəylinin yazdıqları əsassız, reallqdan uzaq olsa belə, həbs qətimkan tədbirinin seçilməsi düzgün deyil. Bunun üçün məhkəməyə müraciət edib, təkzib istəmək, cərimə tələb etmək olar. Biz bu cür işləri, Qənimət Zahidin, Emin Millinin, Adnan Hacızadənin və digərlərinin təcrübəsində görmüşük. Ilkin mənzərə onu göstərir ki, bu həbs qərəzlidir və siyasi sifarişdir. Bizim təşkilat bu həbslə bağlı bəyanat verəcək”
Ilham