Kanada Universitetində təhsil alan Kamal Ismayılov Bakıda başına gələnlər barədə «Azadlıq»a yazdı
Kanada Universitetinin tələbəsi Kamal Ismayılov “Azadlıq”a məktub göndərib. Kamal Ismayılov məktubda Azərbaycanda başına gələnlərdən bəhs edir. Məktubu olduğu kimi təqdim edirik:
“Salam hörmətli redaksiya. Mənim 19 yaşım var. 2011 ci ildən Kanadada Universitetdə oxuyuram. 16 yaşımdan siyasətlə maraqlanıram. Həmişə çalışmışam ki hər yerdə millətimi, vətənimi layiqlə təmsil edim. Vətənimin hər uğuruna sevinmiş, hər uğursuzluğuna kədərlənmişəm. Hər bir vətənpərvər vətəndaş kimi millətimi utandıracaq hadisələr məni ağrıdıb,düşündürüb. Bu gün Azərbaycanda və Türk dövlətlərində gedən siyasi proseslərlə yaxından tanışam və öz imkanım daxilində əlimdən gələni etmişəm ki vətənimdə və türk dünyasında həmişə demokratiya, sülh, əminamanlıq və barış olsun. Mən yetkinlik yaşıma Kanadada çatmışam. Kanadada keçirdiyim ilk günlərdə həqiqi demokratiya ilə idarə olunan ölkənin nə demək olduğunu dərk elədim və demokratiyaya qarşı rəgbətim daha da artdı, məndə yeni istəklər yaratdı. Bu istəklərimin əsası ondan ibarət idi ki, Azərbaycanımızda və eyni zamanda digər türk dövlətlərində hakimiyyət demokratik idarə etmə üsulu ilə idarə olunsun və demokratiyadan yaranacaq inkişaf millətimizin rifah səviyyəsini qaldırsın, insanlar öz hüquqlarına qovuşsun. Kanada dünyanın ən demokratik ölkələri siyahısında öndə gedir. Kanadada oxuduğum müddətdə Azərbaycanda başverən aksiyalara və demokratik qüvvələrə dəstəyim yalnız internet vasitəsi ilə mümkün olduğundan sosial şəbəkələrdə siyasi fəaliyyətə başlamağı qərara aldım. Siyasi fəaliyyətim azerbaycanlı gənclərlə video əlaqə yaratmaqdan, onlarla öz fikirlərimi bölüşməklə onlara dəstək verməkdən, həyata keçiriləsi mümkün olan gələcək addımlarımızı müzakirə etməkdən ibarət olmuşdur. Eyni zamanda başqa ölkələrdəki demokratik qüvvələrlə əlaqə yaradaraq beynəlxalq aləmə Azərbaycanda yaranmış qeyri demokratik hakimiyyətin hökm sürdüyünü bildirirdim. Kanadada olduğum müddətdə, insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış beynəlxalq qurumlara Azərbaycanda hökm sürən avtoritar rejim haqqında məktublar yazır, onlardan Azərbaycanda olan demokratik qüvvələrə dəstək olmalarını xahiş edirdim. Kanadada bütün türkdilli xalqların milli qurumları ilə yaxından əmakdəşlıq edirəm və çalışıram ki, demokratiyanın işığını bütün türk dünyasına salmaqda öz töhvəmi verim. Kanadada digər əcnəbi ölkələrin gənclər təşkilatlarının təşkil etdikləri toplantılara həmişə dəvət almış və imkanım daxilindı tez tez onlarla birgə fəaliyyət planlarımız haqqında müzakirələr aparmışam.Bir neçə ay əvvəl Türkiyədə başlayan məlum Gəzi Parkı hadisələri ilə əlaqədar Kanadanın Toronto şəhərində möhtəşəm dəstək aksiyası keçirilirdi. Həmişə olduğu kimi bu dəfə də orada iştirak etmək üçün aksiyanı keçirən təşkilat qrupu tərəfindən dəvət aldım. Aksiyada türkiyəli gənclərlə bərabər Qazaxstandan, Özbəkistandan, Türkmənistandan, Rusiyadan və digər dövlətlərdən olan türkdilli gənclər var idi. Bu tədbirdə Türkiyədə gənclərin sosial şəbəkələr vasitəsi ilə hakimiyyətə qarşı etiraz aksiyalarını təşkil etmələrini və gənclərin nə qədər böyük təsir qüvvəsinin olduğunun bir daha şahidi oldum. Tədbirdə mənə də söz verdilər və mən də onlarla fikirlərimi bölüşdürdüm. Tədbirdən sonra bir sıra türk jurnalistləri məndən yenidən müsahibə aldılar. Əcnəbi tələbələr mənə yaxınlaşıb minnətdarlıqlarını bildirirdilər, Azərbaycandakı indiki qeyri-demokratik vəziyyətdən xəbərdar olduqlarını və hər zaman azərbaycandakı demokratik qüvvələrə dəstək verməyə, onların yanında olmalaranına hazır olduqlarını bildirirdilər.
Polislər məni yıxaraq təpiklədilər və köynəyi cırdılar
Sən demə bu fəaliyyətim Azərbaycanda olan hakim qüvvələri narahat edirmiş. Mənim sosial şəbəkələrdə siyasi aktivliyimi özünə təhlükə görən hakimiyyət üzvləri mənə bir sıra yollarla təzyiq göstərməyə başladılar, lakin bu təzyiqlərin qarşısında aciz qalmadım, öz əqidə və iradəmlə siyasi məşğuliyyətimə davam etdim. Azərbaycan bu günlərdə tarixi günlərini yaşayır, qarşıdan prezident seçkisi gəldiyindən mən də qısa bir vaxtdan istifadə edərək vətənə dönmək və seçkiyə hazırlığın necə getdiyini öz gəzlərimlə görmək istədim. Çünki bu mənim həyatımda ilk səsvermə hüququm olan bir tədbir olacaq. Vətənə döndüm. Azərbaycanda qarşı-qarşıya gəldiyim ən xoşagəlməz hadisələrin şahidi oldum. Demokratik fikirli insanların necə müxtəlif vasitələrlə təzyiqlərə məruz qalmalarının, onların yalandan narkoman, cinayətkar vəsair adlar altında həbs edildiklərinin, iqtidarın əlində dəyənək rolunu oynayan polis və qoçu dəstələri tərəfindən qadın, yaşlı insan və gənclərin necə döyüldüklərini görəndə çox pis hisslər keçirdim. Lakin sən demə belə insan haqqlarının tapdanmağıni mən öz üzərimdə də hiss edəcəyəmmiş. Belə ki, Kanadada olarkən mən bir köynək sifariş vermişdim. Ilham Əliyevin şəkili olan və alt hissəsində “YOX!” sözü yazılmış bu köynəyi Bakı küçələrində geyinir və insanlara öz hüquqlarından istifadə etməkdən qorxmamağa çağırırdım ki, çağırış gözləmədiyim şəkildə də bitdi. 28 May metrosu yaxınlığında polis əmakdaşlarının köynəkdəki bu yazını görüb məni saxlamaları və məndən köynəyi çıxardıb onlara verməyimi tələb etmələri mənim etirazıma səbəb oldu. Mən polislərə bildirdim ki, siz məndən köynəyi çıxartmağı tələb etməklə, BMT-nin Baş Assambleyasının 10 dekabr 1948 ci ildə qəbul etdiyi Insan Haqqları haqqında qərarının 17, 18, 19-cu maddələrini pozursunuz. Onlara bildirdim ki, geyindiyim köynək mənim şəxsi əmlakımdır, onun üzərində yazılanlar mənim şəxsi fikirimdir. Polislərə bildirdim ki, hər kəsin öz fikrini bildirmək hüququ var və Azərbaycan dövləti də BMT-nin Insan Haqqları haqqındakı qətnaməsini imzalamış ölkələrdəndir. Bu sözlərim polisləri daha da qəzəbləndirdi və onlar mənə hücum edərək yerə yıxdılar. Bundan sonra məni yerdə təpiklədilər və geyindiyim köynəyi cıraraq əynimdən çıxartdılar. Mən çılpaq qaldım. Bununla da mən bir daha əmin oldum ki, Azərbaycan qanunların tapdandığı ölkədir. Polis qanunların keşiyində durmaq əvəzinə, insanları Azərbaycan konsitutisiyasının maddələrinə görə yox, iqtidarın diktə etdiyi yazılmamış qanunların hökmü ilə cəzalandırılırlar. Mən demokratiya deyəndə polislər necə də nifrətlə gözlərimə baxır, sanki bir Azərbaycan vətəndaşı kimi yox, mənə düşməncəsinə münasibət göstərirdilər. Və elə həmin gündən sonra yenə polisin bir neçə dəfə səbəbsiz yerə məni saxlamasının və mədəniyyətsiz münasibətlərinə şahid olmaqla birlikdə, polisin və digər xidmət orqanlarının hansısa qüvvələr tərəfindən idarə olunduğuna bir daha inandım.Polis məni saxladığı andan bir neçə saniyə sonra polisə zəng gəlir və polis cavab olaraq: “Saxlamışıq, buradadır” cavabını eşitməyim məni Azərbaycanda diktatura hökm sürdürdüyünə bir daha inandırdı.
Növbəti döyülmə
Aradan bir neçə gün keçdi. Evimizin yaxınlığında yenə məni iki nəfər mülki geyimli naməlum şəxslər saxladı və heç nə demədən məni döydülər. Bu hadisədən sonra mən polisin 102 xidmətinə zəng etdim. Bildirdilər ki, polis hadisə yerinə göndərilib. Lakin mənim orada 1 saata yaxın olmağıma baxmayaraq heç bir polis hadisə yerinə gəlmədi. Heç kim mənim xəsarət almağımla maraqlanmadı. Budurmu Azərbaycanda insana verilən qiymət, budurmu insan haqlarına riayət?
Azərbaycanda, söz azadlığının olmadığını görmək, polis təhdidləri ilə üz üzə qalmaq və demokratik qüvvələrə basqını görmək məni heçdə öz istəklərimdən saxlamır, əksinə Azərbaycanda nə vaxtsa Demokratiyanın olacağı naminə daha çox çalışmaq gücü yaradır. Ona görə də mən bütün gəncləri, ziyalıları və hər bir səsvermə hüququ olan vətəndaşları qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə çağırıram. Hər kəs seçkilərdə iştirak etməlidir. Imkan vərmək lazım deyil ki sizin səsləri yenə də saxtalaşdırsınlar.
Sonda mən bütün demokratiya arzusu ilə fəaliyyət göstərən insanlara dəstəyimi bildirir, onlara bu çətin şəraitdə demokratiya uğrunda mubarizə aparmağa çağırıram”.