Qərb-Rusiya dilemmasında…
Əliyevlərin hazırkı vəziyyəti: uçurumun başında və yalnız irəli!
Təxminən iki ay əvvəl “Azadlıq” yazmışdı… Baş xəbərdə deyilirdi ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfər etməsi üçün Azərbaycan hakimiyyəti iki mövsümdə dörd dəfə qabıq dəyişdirib. Bu dəridən-qabıqdan çıxmağın səbəbi isə seçkiqabağı Rusiyadan Azərbaycan hakimiyyətinə qarşı sərt fikirlərin səslənməsi, bu ölkədə yaşayan azərbaycanlı varlıların hakimiyyət əleyhinə çağırışlar səsləndirmələri idi.
Ilham Əliyev bütün bu proseslərin paralelində bir dəfə də Brüsselə səfər edə bildi. Ilham Əliyevin hansı geopolitik məkana üz tutacağına dair suallar isə hələ də açıq qalır. Bəziləri iddia edə bilər ki, Putinin Azərbaycana səfəri vəziyyətə aydınlıq gətirə bilər. Amma bu, qətiyyən doğru yanaşma deyil. Heç kim şübhə etmir ki, ABŞ dövlət katibi Rusiya prezidentindən elə də kiçik vəzifə deyil. Bu mənada, xanım Hillari Klintonun səfəri də vəziyyətə aydınlıq gətirmədi. Yəni, Azərbaycan hakimiyyəti bütün hallarda özü də bilmir ki, baş verənlərdən və ya baş verməsini arzuladıqları hadisələrdən hansı onlara daha faydalıdır. Çünki proseslər artıq məntiqin izah imkanları xaricində davam edir. Beləliklə, birinci sual…
Putin niyə gəlir?
Birinci ehtimal bu tədbirin təşkilatçılarının ehtimalı və gözləntisi ola bilər. Yəni, Putin bura Əliyevə siyasi dəstək verməyə gəlir. Ya da Azərbaycan hakimiyyəti sadəcə, Putinin buraya gəlməsi üçün çalışır ki, onun səfəri ətrafında yaxşı kampaniya qura bilsin. Amma digər tərəfdən də Əliyevlər son iki ayda Rusiyanı “Azərbaycanın bir nömrəli düşməni” elan ediblər. Onlar Moskvaya tez-tez gedib-gələn Rüstəm Ibrahimbəyovu Azərbaycanın düşməni kimi təqdim edirdilər. Sual olunur: indi nə baş verir? Rusiya müstəqilliyimizin düşməni olmaqdan çıxdı, qarantı oldu? Yoxsa, Kreml imperialist siyasətindən əl çəkdi? Bütün bu suallara cavab vermək isə Əliyevlər hakimiyyətinin hara üz tutduğuna deyil, əslində, hansı vəziyyətdə olduğuna bariz sübutdur.
Ikinci ehtimal odur ki, Rusiya indiki şəraitdə düşdüyü mühüm çətinlikdən çıxmaq istəyir. Söhbət Soçi olimpiadasını Qərbin boykot etməsindən gedir. Belə qeyri-rəsmi məlumatlar yayılır ki, ABŞ və ona yaxın olan bir çox dövlətlər təhlükəsizlik səbəbindən bu yarışı boykot edə bilər. Yarışın boykot olunması Rusiyaya iqtisadi və siyasi cəhətdən elə zərbə vura bilər ki, bu, son illərdə SSRI-nin dağılmasından sonra ən ağır zərbə sayıla bilər. Yəni, Putin bu səfərində hakimiyyəti məyus edən açıqlamalar verməklə, Şimali Qafqazda sabitlik üçün imkan əldə edə bilər. Başqa sözlə, o, Azərbaycana növbəti dəyişikliyin elçisi kimi də gələ bilər. Əksi isə yeni şərtləri ortaya çıxarıır. Bu şərtlər barədə də günlər öncə Rusiyanın məhşur analitiki açıqlama vermişdi. Aleksandr Duqin Kremlin nə istədiyini açıq demişdi. Bakı belə bir ziddiyyətli vəziyyətin yaradıcılarından biri kimi, həm də və arzularının qurbanına çevrilir.
Duqin nə deyirdi?
Aleksandr Duqinin fikri belə idi: Putin Azərbaycana gələndə Ilham Əliyev açıq deməlidir ki, “biz ABŞ-ı və Avropa Ittifaqını unutduq, Gömrük Ittifaqına qoşulacağıq”. Amma bu səfərə qədər Azərbaycanda olan yəhudiləri qovmalıdır.
Ilham Əliyev bu şərtlərin hansına razı olub? Söhbət bu qədər sərt ifadə olunan şərtləri hərfi mənada yerinə yetirməkdən getmir. Məsələ budur ki, Rusiya Azərbaycan hakimiyyətini indi sadəcə, bir mühüm şərtə görə bağışlaya bilər – aşkar elan olunan siyasi seçimə görə. Azərbaycan hakimiyyəti bu seçimi edə bilərmi? Etsə, hansı konkret addımları atmalıdır? TAP (Trans-Adriatik qaz kəməri) layihəsi üzrə imzalanan qaz sazişindən sonra Putin Ilham Əliyevi öz ölkəsində keçirilən “qazın qiymətinə dair” zirvə toplantısına dəvət etmədi. Aşkar göründü ki, Moskva Əliyevin qaz siyasətindən narazıdır.
ABŞ-la savaş harda başlayar?
Azərbaycan hakimiyyətinin ABŞ-ın yanında tək üstün mövqeyi Əfqanıstana hərbi tranzitlə bağlıdır. Görünür ki, Azərbaycan hakimiyyəti bu yolu bağlamaq istəyir. Hətta güman etmək olar ki, bir neçə gün də bağlayıb. Çünki ABŞ Konqresindəki dinləmələrdən sonra Rusiyaya doğru belə sərt və sürətli dönüş rəsmi Bakının qəza vəziyyəti yaradacağını demək üçün əsasları artırır. ABŞ isə mövqeyini açıq bildirib.
Səməd Seyidovun Vaşinqtondan hələ də Bakıya gəlməməsini isə dostlar yumorla belə izah edir: “Görünür, uğursuz çıxışlarından sonra Ilham Əliyevin ona nə edəcəyini bilib deyə, Vaşinqtondan sığınacaq alıb”. Bu müəyyən mənada da belədir. Səməd Seyidov nəsə dönüş yarada bilməsə, dönüşü elə də yaxşı nəticələr verməyəcək.
Əfqanıstana tranzitin bağlanması isə ABŞ-a yeni cəbhə açmaq kimi bir şeydir. Rusiya özü də bu qədər avantüraya getməz. Hətta bu tranzitdə ABŞ-ın qabaqcıl müttəfiqlərindəndir.
Assosiasiya sazişi yatdımı?
Hərçənd, hələ heç nə dəyişməyib. Fərqli qərarlar hələ addımlara çevrilməyib. Bizi Bakı və Brüssel arasında yeni sürprizlər gözləyə bilərmi? Bu barədə fikir söyləmək çətindir, amma unutmaq olmaz ki, Ilham Əliyev Avropa Ittifaqında olarkən onun Qərbə doğru hərəkət edəcəyinə dair eyhamlar edilib. Amma üstündən çox keçmədən Ilham Əliyevin Moskvaya can atması yeni radikal vəziyyət yaradır. Avropa Ittifaqı Azərbaycan hakimiyyətindən Assosiasiya sazişinə imza atmaqla bağlı xəbər gözlədiyi halda, bu cür qərar nə ilə nəticələnəcək? Bunu rəsmi Bakıda kim hesablaya bilər? Bu cür çətin vəziyyətə düşmüş hakimiyyətdə çətin ki, soyuq düşünə bilən kimsə olsun. Indi Əliyevlərin vəziyyətini ancaq belə təsvir etmək olar: uçurumun başında və yalnız irəli!