İlham Əliyev azad mətbuata qayğıdan danışdı
İyulun 22-də Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə ev verilib. Açılış mərasimində ölkə başçısı Ilham Əliyev də iştirak edib. Ilham Əliyev bildirib ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir, Azərbaycanda sağlam ab-hava var, söz azadlığı tam təmin edilib: “Bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün də yer nəzərdə tutulub, jurnalistlər eyvandan baxaraq o aksiyaları işıqlandıra bilərlər. Azad mətbuat olan yerdə jurnalist məsuliyyəti önə çıxır. Əgər dövlət tərəfindən hər hansı dəstək lazımdırsa, biz bu dəstəyi verəcəyik. Bəzən şəxsi, partiya, korporativ maraqlar ortaya çıxır.
Xüsusən gənc dövlətlərdə vətənpərvərlik hissi güclü olmalıdır. Gənclərimiz vətənpərvər ruhda böyüməli, tərbiyə almalıdır və jurnalistikamızın bu sahədə böyük rolu var. Bu gün internet resurslarından istifadə edərək tolerantlıq, dini dözümlülük və digər sahələrdəki reallığı dünyaya çatdırılmalıdır. Vətənpərvərlik isə öndə olmalıdır”- deyə Ilham Əliyev bildirib.
Ilham Əliyevin çıxışına qulaq asanda düşünürsən ki, hansısa Avropa ölkəsi haqqında söhbət gedir. Çünki biz bu ölkədə azad fikirli jurnalistlərə divan tutulduğunun, azad mətbuatın hər addımda sıxışdırıldığının şahidi oluruq.
Hətta bizim ölkədə azad düşüncəli, müstəqil fikirli, demokratik ölkə qurmaq arzusu ilə yaşayan insanlara “ünsür”, “element”, antimilli də deyilir.
Vətənpərvərliyin önəmli olduğunu vurğulayan ölkə başçısı niyə vətənpərvər gənclərin qondarma ittihamlarla həbsə atılmasına göz yumur?
Niyə vətənin keşiyini çəkən əsgərlərin hər gün naməlum səbəblərdən həlak olmasının qarşısın alımır?
Hakimiyyətin jurnalistlərə “qayğı”sını başa düşmək olar. Bu il seçki ilidir və hakimiyyət öz təbliğatını aparır. Həmişəki kimi müsbət ictimai rəy formalaşdırmaq istəyir.
Ilham Əliyevin jurnalistlərə qayğısı ictimaiyyətdə də birmənalı qarşılanmır.
«Normal hökumətin mətbuata qayğısı evlə deyil, informasiyaya çıxışla, prezidentin və məmurların jurnalistlərin yazdığına münasibət bildirməsilə ölçülür»
Ictiami-siyasi fəal, REAL hərəkatının üzvü Natiq Cəfərli hesab edir ki, Hakimiyyətin məntiqi çoxdan itib. Bunu artıq bilirik, hələ utanmadan, bunu hər gün sübut edirlər. Ölkədə ən çox basqılara, həbslərə, təqiblərə məruz qalan peşə sahibləri – fədakar jurnalist dostlarımızdır “Hər hansı bir jurnalist həbs olunanda hakimiyyət nümayəndələri, siyavuş novruzovlar, deyirlər ki, jurnalist də adi vətəndaşdır, hamı kimi onlar da qanunu pozanda cavab verməlidirlər. Bunu deyən hökumət, indi jurnalistlərə mənzil paylayır, onlar üçün nəzərdə tutulan 2-ci binanın təməlini atır. Sual yaranır, niyə müəllimə, həkimə, bank işçisinə, taksi sürücüsünə deyil də, məhz jurnalistlərə ev tikilir? Jurnalistlər onlardan üstündürmü? Bəs deyirdilər jurnalistlər də hamı kimi eyni hüquqlara malikdirlər? Hanı bəs məntiq? Deməli, jurnalistlər daha üstündürlər, onlar 4-cü hakimiyyət qolu, cəmiyyətin vicdanı, danışan dili, etiraz səsi olmalıdırlar.ÿHakimiyyət jurnalistlərə evi rüşvət kimi, PR aparmaq üçün verir, hələ utanmadan bunu ”jurnalistikaya qayğı” adlandırırlar. Normal hökumətin jurnalistikaya münasibəti evlə deyil, informasiyaya çıxışla, məmurun jurnalistə münasibəti ilə, prezidentin və məmurlarının jurnalistlərin yazdığına münasibət bildirməsilə, səhv olanda onlardan, cəmiyyətdən üzr istəməklə ölçülür. Normal hökumət jurnalistin “boks armudu” olmasını bacarmalıdır”.
«Bir tərəfdən böyük məhkəmə cərimələri tətbiq etmək, digər tərəfdən mətbuata qayğıdan danışmaq hansı məntiqə uyğundur»
“Azadlıq” qəzetinin baş redaktorun birinci müavini Rahim Hacıyev bildirdi ki, hakimiyyətin başlıca qayğısı insan hüquq və azadlıqlarını təmin etməkdir. Hakimiyyət vətəndaşların söz və ifadə azadlığına hər cür şərait yaratmağa borcludur. “Dərin təəssüf hissilə qeyd edirəm ki, Azərbaycan hakimiyyəti konstitusiya və qanulardan irəli gələn öhdəlikllərinə qətiyyən hörmət etmir. Hakimiyyəti azad mətbuatın olmasını istəsəydi jurnalistlər həbs edilməzdi, onlara informasiya əldə etmək və yaymaqla bağlı ciddi problemlər yaradılmazdı. Azad mətbuata reklam qadağası olmasaydı bu mətbuata ən böyük qayğı olardı. Bir tərəfdən böyük məhkəmə cərimələri tətbiq etmək, digər tərəfdən mətbuata qayğıdan danışmaq hansı məntiqə uyğundur?
Hakimiyyət peşəsindən asılı olmayaraq bütün vətəndaşlara, onların problemlərini həll edə biləcək şərait yaratmağa borcludur”.
Rahim Hacıyev onu da əlavə etdi ki, Mətbuat günü “Azadlıq” qəzeti üçün heç cür bayram kimi qeyd edilə bilməz. “Bir hökumət təşkilatı bizə olan 40000 manatdan artıq borcunu açıq şəkildə ödəməkdən imtina edir, digər hakimiyyət strukturu qəzetin üzərinə 62000 manat məhkəmə cəriməsi qoyur. Belə olan halda biz bu günü necə bayram kimi qeyd edə bilərik?”.
Ilham Hüseyn