Məlahət Nəsibova: «Biz Naxçıvanda baş verənlərlə bağlı beynəlxalq təşkilatları məlumatlandırmışıq»
Yayılan məlumatlara görə, Naxçıvan rəhbərliyində olan 4 şəxslə bağlı Avropa Birliyi sanksiya tətbiq edib. Bunlar Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, DIN rəhbəri Əhməd Əhmədov, MTN rəhbəri Vəli Əsgərov və MCMI-nin rəis müavini Məhərrəm Talıbovdur.
Bir müddət əvvəl tanınmış siyasi xadim Ibrahim Ibrahimli “Azadlıq”a açıqlamasında bildirmişdi ki, Naxçıvandakı acınacaqlı vəziyyət, rəhbər şəxslərin insanlara divan tutması, söz azadlığının pozulması, siyasi mənsubiyyətinə görə insanların təqib edilməsi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb və Avropa Birliyi bununla bağlı qərar qəbul edib. Ibrahim Ibrahimli ona qarşı olan basqıları, Naxçıvanda döyülməsini də bununla izah etmişdi: “Naxçıvan rəhbərliyinin mənə qarşı düşmən münasibəti Naxçıvan Ziyalılarının ölkədəki vəziyyətlə bağlı beynəlxalq təşkilatlara müraciət etməsi və cinayətkar məmurlara sanksiya tətbiq olunmasıdır. Bunlar düşünürlər ki, bu işlərin başında mən dururam”.
Deyilənlərə aydınlıq gətirmək üçün Naxçıvanlı hüquq müdafiəçisi Məlahət Nəsibova ilə əlaqə saxladıq. Hüquq müdafiəçisi bildirdi ki, Naxçıvanda baş verənlərlə bağlı beynəlxalq təşkilatlara, insan haqları komitələrinə məlumat verilib. Ancaq Naxçıvan rəhbərliyinə sanksiya tətbiq edilməsi haqda məlumatsız olduğunu dedi: “Avropa Birliyi belə bir qətnamə qəbul edibsə də, hələ bu məlumatı açıqlamır. Bunu araşdırmaq üçün bizim imkanlarımız da məhduddur. Çünki Naxçıvanda hər şeyə məhdudiyyət qoyulub. Biz bilirik ki, Naxçıvan məmurlarının ölkə xaricində biznesi var. Naxçıvan hüquq müdafiəçiləri hər il hesabatlarında bütün neqativ halları qeyd edirlər və beynəlxalq təşkilatlara göndərilir. Bir məsələdə var ki, Naxçıvan məmurları hər il müxtəlif ölkələrə istirahətə gedirlər. Əgər ölkədən çıxış qadağası olsaydı, yəqin ki, bu istirahətlər baş tutmazdı. Ancaq fakt budur ki, Naxçıvanda vəziyyət həqiqətən acınacaqlıdır və belə sanksiyaların tətbiq edilməsi ədalətli qərar olardı.
Ilham Hüseyn