Ölkə başçısı ərazidə jurnalist şəhərciyinin salınacağına işarə etdi
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Bkıda bu münasibətlə Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılış mərasimi keçirilib. Açılış mərasiminə ölkə başçısı İlham Əliyev də qatılıb.
İlham Əliyev jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. O, jurnalistlər üçün tikilmiş mənzillərin istifadəyə verilməsinin ikiqat bayram olduğunu deyib.
İlham Əliyev ətraf ərazilərdə yeni kompleks yaradılacağı, böyük su kompleksi və digər obyektlərin tikiləcəyini söyləyib. Ölkə başçısı bu ərazidə gələcəkdə jurnalist şəhərciyinin salına biləcəyini də deyib: “Bu gün açılışını etdiyimiz binada yaşayacaq jurnalistlərin sayı 150 nəfərdir. Ancaq dövlətin dəstəyinə ehtiyacı olan, buna layiq olan jurnalistlərin sayı çoxdur. Təşəbbüsü nəzərə alaraq, jurnalistlərə bu sahədə dəstək davam edəcək. İstisna etmirəm ki, bura gələcəkdə jurnalist şəhərciyi olacaq”.
Açılış mərasimindən sonra jurnalistlər üçün yeni binanın təməli də qoyulub. İlham Əliyev burada da iştirak edib.