Ədliyyə naziri Fikrət Məmmədov da iqtidarın seçki planında yer alıb
Azərbaycan hakimiyyətinin Ilham Əliyevdən başqa prezidentliyə namizədi təkcə Mehriban Əliyeva deyil. Bu barədə “Azadlıq”a iqtidardakı mənbə məlumat verib. Mənbə bildirib ki, hakimiyyətin 3-cü namizədi ədliyyə naziri Fikrət Məmmədovdur.
Mənbənin sözlərinə görə, hələ bir müddət əvvəl hakimiyyət daxilində qarşıdan gələn prezident seçkisi ilə bağlı müzakirələr aparılarkən Ilham Əliyevdən başqa Mehriban Əliyevanın və Fikrət Məmmədovun da namizədliyinin irəli sürülməsi təklif edilib. Xüsusilə hakimiyyətdəki Paşayevlər qrupu Ilham Əliyevin 3-cü dəfə namizədliyinin beynəlxalq aləm tərəfindən ciddi təpkilə qarşılanacağını bildirərək ehtiyat namizəd ideyası ilə çıxış edib. Rəqib “Naxçıvan” qruplaşması Mehriban Əliyevanın namizədliyini qəbul etmədiyinə görə ortaq fiqur kimi Fikrət Məmmədovun siyasi səhnəyə çıxması məqsədəuyğun sayılıb. Lakin Paşayevlər Mehriban Əliyevanın da namizədliyinin vacib olduğunu bildiriblər. Onların fikrincə, bu addım iqtidarın əsas namizədinin təbliğat kampaniyasının daha uğurlu aparılması üçün zəruridir. Hələlik “Naxçıvan” qruplaşması Mehriban Əliyevanın namizədliyini qəbul etmir. Fikrət Məmmədovla bağlı isə problem yoxdur. Lakin onun namizədliyi Ilham Əliyevin namizədliyinə beynəlxalq aləm tərəfindən ciddi təpki olacağı təqdirdə irəli sürülə bilər.
Mənbə qeyd edib ki, Fikrət Məmmədovun namizədlik məsələsinin hələlik kölgədə qalmasının bir səbəbi odur ki, hakimiyyət Ilham Əliyevin 3-cü namizədliyinin ciddi problem yaratmayacağına ümid edir. Başqa bir səbəb isə beynəlxalq aləmin demokratik seçki tələbidir. “Hakimiyyət fərqindədir ki, Ilham Əliyev deyil, başqa şəxsin namizədliyi irəli sürülsə belə, seçki demokratik keçirilməlidir. Bu, beynəlxaləq aləmin qəti tələbidir və əks təqdirdə iqtidar ciddi problemlərlə üzləşə bilər”, – deyə mənbə əlavə edib.
İnformasiya şöbəsi