Bu yaxınlarda bir beynəlxalq təşkilat dünyanın ən xoşbəxt ölkələrinin siyahısını açıqlayıbmış, orada Azərbaycanın adı ilk onluqda imiş. Mən bunu bilmirdim, möhtərəmin Ağstafa səfəri zamanı oradakı çıxışından öyrəndim.
Maraq güc gəldi, həmin siyahı haqqında məlumatı tapıb oxudum. Belə başa düşdüm ki, siyahı ölkələrdə keçirilən sorğular əsasında hazırlanıb. Mən Azərbaycan kimi söz, ifadə azadlıqlarının yerlərdə süründüyü, total xof mühitinin hökm sürdüyü ölkələrdə sorğu keçirənləri heç vaxt başa düşməmişəm. Elə xoşbəxtliklə bağlı götürək. Burada kim bədbəxt olduğunu deməyə cəsarət edər? Burada kimin ağzı nədir xoşbəxt olmasın?
Ümumiyyətlə isə belə siyahılar bütün hallarda çox şərtidir. Lap elə ondan götürək ki, xoşbəxtlik məsələsinə cəmiyyətlərin baxışları fərqli ola bilər. Tutaq ki, Azərbaycan kimi insanların ictimailəşməkdən, sosiallaşmaqdan, siyasiləşməkdən çəkindiyi toplumların xoşbəxtlik anlayışı ilə, məsələn, ictimai, siyasi, sosial münasibətlərin yüksək səviyyədə olduğu ölkələrin xoşbəxtlik anlayışını necə tərəzinin eyni gözünə qoymaq olar?
Bir az da açıqlayaq: məsələn, ABŞ-da insanlar ölkələrinin Iraqda, Əfqanıstanda hərbi əməliyyatlara qoşulmasına görə özlərini bədbəxt saya bilərlər, bizdə isə ilan vurduqda xəstəxanaya gedib orada ilan zəhəri əleyhinə zərdab tapdıqda adamlar özlərini xoşbəxt hesab edərlər. Bəyəm bu, bizim ABŞ-dan xoşbəxt ölkə olduğumuz deməkdirmi?
Siz övladınız hərbi xidmətdən sağ-salamat qayıdanda xoşbəxt ola bilərsiniz, hansısa qərbi avropalı da səs verdiyi prezidentin elmi işinin plagiat çıxmasından kədərlənib özünü bədbəxt saya bilər.
Dediyim odur ki, Azərbaycan kimi üçüncü ölkələrin insanlarının xoşbəxtlik haqqında təsəvvürlərini inkişaf etmiş ölkələrin insanlarının xoşbəxtlik anlayışları ilə eyni müstəvidə qiymətləndirmək, bunun üzərindən nəticələr çıxarmaq, siyahılar müəyyənləşdirmək kökündən yanlışdır. Elə bu yanlış qiymətləndirmənin nəticəsidir ki, keçən il Ilham Əliyevin istinad etdiyi beynəlxalq təşkilatın sorğusunda “ən xoşbəxt ölkə”… Nigeriya olmuşdu. Fransızlar isə “ən bədbəxt xalq” elan edilmişdi.
Bilmirəm, əlavə şərhə ehtiyac qalırmı?
Elə builki siyahıda da xeyli komikliklər var. Məsələn, belə məlum olur ki, avtoritarizmin hökm sürdüyü, azadlıqlara meydan tanınmadığı Rusiyada (33-cü yer) adamlar, insanların siyasi, sosial, iqtisadi təminatlarının daha yüksək olduğu ABŞ (34), Fransa (36), və Almaniyada yaşayanlardan (37) daha xoşbəxtdirlər. Səbəb məhz yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətlərin şüur səviyyələri ilə bağlıdır. Məsələn, belə: ruslar düşünürlər ki, əgər Putin havaya sayğac qoyub, onların aldığı nəfəsə də nəzarət etmirsə, buna da şükür, deməli, xoşbəxtdirlər. Almanlar isə Putin kimi idarəçilərin ucbatından ölkələrinə axışan mühacirlərin onların yerini dar etdiyinə görə özlərini bədbəxt saya bilərlər.
Ən komik isə odur ki, bizim möhtərəmin istinad etdiyi sorğunun ilk pillələrindəki ölkələrin – yəni “ən xoşbəxt ölkələr”in vətəndaşları xoşbəxtlik, firavanlıq, dinclik üçün bir qayda olaraq sorğuda aşağı pillələrdə qərarlaşan, yəni “bədbəxt ölkələr”ə sığınırlar, ora axın edirlər, indi belə çıxır ki, onlar öz xoşbəxtliklərini bədbəxtliyə dəyişirlər.
Qısası, məlum sorğuda Azərbaycanın ilk 10-luqda yer almasını xüsusi təmtəraqla vurğulamağa ehtiyac yoxdur. Tam səmimi deyirəm, əgər o beynəlxalq təşkilat məndən də xoşbəxt, yoxsa bədbəxt olduğumu soruşsa, mən ilk cavabı verərdim. Deyərdim, mən xoşbəxtəm. Həm də çox xoşbəxtəm:
Yalan danışmadığım üçün, yaltaqlanmadığım üçün, qul haqqı yemədiyim üçün, başqasından oğurlamadığım üçün. Çağdışı bir sistemin vintciyi olmadığım üçün.
Beləcə, o vaxt Azərbaycanın “dünyanın 10 ən xoşbəxt ölkəsi”ndən biri hesab edilməsində mənim də cavabımın payı olardı.
Amma bu, kiməsə Azərbaycanın bədbəxtliklərini (işğaldakı torpaqları, korrupsiyanı, repressiyaları, seçki saxtakarlıqlarını, AzTV-ni, xalqsız xalq şairlərini…) mənim özümü xoşbəxt saydığıma dair cavabımın arxasında gizlətməsinə əsas verərdimi?
Bax, məsələ həm də budur!