Ötən yazılarımın birində mən bazarda gilasın, əriyin, şaftalının qiymətləri ilə sadə vətəndaşın buna maddi imkanları haqqında yazmışdım. Bir də bu meyvələrin xarici ölkələrdəki qiymətləri və həmin ölkə vətəndaşlarının orta aylıq gəliri ilə müqayisə etmişdim. Məlum olmuşdu ki, sadaladığım meyvələrin yetişmədiyi ölkələrdə həmin təamlar bizdən qat-qat ucuzdur.
Yazım dərc olunan günün sabahı Xəzər televiziyası bazardan çəkiliş apardı və dalğalı anonsla ana xəbər bülletenində bazarla bağlı süjet getdi…
Məlum oldu ki, məsələ heç də mənim yazdığım kimi deyilmiş, insanlar bazardan meyvə alırmış(!). Qiymətlər açıqlanmasa da, məlum oldu ki, o qədər də “baha” deyilmiş. Diqqətimi bazardakı insanların seyrəkliyi və qiymətlərin gizlədilməsi çəkdi. Ərik satandan başqa heç bir satıcı satdığı meyvənin qiymətini söyləmədi. O da, çətinliklə əriyin bir kilosunun 1 manat 85 qəpik olduğunu deyə bildi. Diqqətdən qaçmayan məqam, çəkiliş aparılan zaman ərik satılan piştaxtanın qarşısında alıcının olmaması və satıcının bunu astadan deməsi idi… Çəkiliş aparılan bazarın adı açıqlanmadı və müxbir qiymətlərin gələn həftə ucuzlaşacağı haqda muştuluq verdi. Bir-iki vətəndaş da sevinclə bu ilə mürəbbə bişirdiklərini ölkəyə duyurdular. Vəssalam.
20 ildir ölkə kanalları iqtidarın kosmetikası rolunu oynamaqda davam edirlər. Iqtidar televizoru açan vətəndaşa başa salmağa çalışırdı ki, pis gündə olan sənsən, sənin kilosu 4 manata gilas almağa gücün çatmırsa, bunun günahı bizdə deyil, insanlar nəinki nübar edirlər, hətta qışa mürəbbə də bişirirlər. Sən tənbəlsən, buna biz neyləyək. Ardınca Mübariz Qurbanlı və Ziyad Səmədzadəni çıxarırlar, AzTV-yə…
Məlum olur ki, bütün dünya acından qırılır, dünyada maddi cəhətdən ən təminatlı ölkələrdən biri olan Norveçi çoxdan geridə qoymuşuq. Ölkə vətəndaşlarının adi bir poçtalyonun 3600 evro aldığı Norveç və Azərbaycanı müqayisə edərək üstünlüyü Azərbaycana vermək, razılaşın ki, yumşaq dillə desək, xalqı təhqir etməkdir. Axşam evə getməyə xəcalət çəkən insanlara qarşı bir psixoloji zərbə də telekanallardan gəlirdi desək, yəqin ki, yanılmarıq…
Fikir verdinizsə, mən gəlirdi ifadəsini işlətdim, bəli, artıq xalq bu yalanlara inanmır və iqtidarın ən çox qorxduğu şey başına gəldi…
Qənimət Zahid inanılmazı bacardı, – Əliyev rejimini kosmetikasız, ənlik-kirşansız milyonların evinə daşımağa nail oldu. Qənimət bəy məşhur rus inqilabçı yazarı Radişşevin “Peterburqdan Moskvaya səyahət” əsərini belə geridə qoya biləcək bu layihəsi ilə recimin 20 ildə qurduğu təbliğat maşınını qısa müddətdə darmadağın etdi.
Lerikin ucqar kəndindən tutmuş Ağstafayadək, eləcə də bütün dünyaya səpələnmiş soydaşlarımız “Azadlıq” qəzetini televizordan “oxumağa” başladı və məlum oldu ki, bütün xalq səfalət içində yaşayır…
Obrazlı desək, “toy gecəsi bəy gələcək arvadını ənliksiz-kirşansız gördü və dəhşətə gəldi”. Iqtidar əməllərini bu qədər geniş xalq kütlələrinə açılacağını buna qədər ağlına belə gətirmirdi. Lakin bu baş verdi və bütün dünya Azərbaycan xalqının öz iqtidarı ilə “tanışlığına” şahid oldu. Diqqət edirsinizsə, “Azərbaycan saatı” ilə paralel olaraq, rejimin beynəlxalq aləm ilə əlaqəsi kəsilməsi prosesi gedir. 20 ildən sonra bu əlaqələrin bu inanılmaz sürətlə zəifləməsi məhz Qənimət Zahidin bu layihəsi ilə bağlıdır. Xalq həqiqəti öz gözləri ilə görməsi və bir neçə dəfə lokal şəkildə kütləvi etirazlara qalxması ilə bunu bir gün Ümumazərbaycan miqyasında edəcəyini sübut etdi. Bunu Qərb gözəl anlayır və böhrandan çıxma yolunu yalnız ədalətli seçkidə görür.
Həftədə üç dəfə efirə gedən “Azərbaycan saatı” rejimə qulluq edən telekanalları da sözün əsl mənasında silib-süpürdü. Baxın görün, tamaşaçı kütləsinin diqqətini cəlb etmək üçün onlar hansı mentalitetə zidd ailə faciələrini, şou-biznes qalmaqallarını ekrana daşımaqla məşğuldurlar. Fikir verirsinizsə , telekanallar siyasi təbliğatı da şou-biznes fonunda verməyə məcburdurlar. Ilhamə-Aygün-Brilyant üçbucağında boğulan telekanallar bundan rejimin təbliğatı üçün faydalı nəsə tapmağa cəhd edirlər. Yaradıcılıq imkanları məhdud olan bir ölkədə telekanallar yalnız bura qədər gəlib çıxa bilir. Bax, bundan sonra isə “Azərbaycan saatı” başlayır…